REAL-ın Siyasi Komitəsi İlqar Məmmədovun istefasını qəbul edib

Foto: REAL Partiyası

Partiya yeni sədr seçəcək

REAL Partiyasının Siyasi Komitəsi İlqar Məmmədovun istefa ərizəsini qəbul edib.

Bu barədə Siyasi Komitənin sentyabrın 12-də keçirilən iclasında müzakirə aparılıb və qərar qəbul olunub.

Qərarda qeyd olunub  ki, sədrliyin ötürülməsi işləri sentyabrın 30-da başa çatsın və yeni seçiləcək sədr oktyabrın 1-dən fəaliyyətə başlasın:

Partiya İlqar Məmmədovun Siyasi Komitə üzvü olaraq bundan sonra hansı istiqamətlərinə baxacağını növbəti mərhələdə müəyyən edəcək”.

“Bəs yeni sədr müəyyən olunubmu?” sualına gəlincə, Siyasi Komitə üzvü Natiq Cəfərli Meydan TV-yə deyib ki, komitənin İlqar Məmmədovdan başqa 7 üzvünün hər biri sədr olmaq potensialına malikdir:

“Çünki İlqar Məmmədovun artıq istefası qəbul olunub. Kimin sədr olması məsələsi isə həftə sonu müzakirə olunub qərar veriləcək. Biz komanda kimi oynayırıqsa, bütün səlahiyyətlər Siyasi Komitəyə aiddir, sədr moderator rolunu oynayır”.

Partiyanın sədri İlqar Məmmədov sentyabrın 11-də istefa verib.

O bildirib ki, Mərkəzi Seçki Komissiyası (MSK) təqdim etdiyi əsas arqumentləri və sübutları kənara qoyaraq, dairə üzrə seçkilərin nəticələrinin ləğvinə dair onun şikayətini rədd edib:

“Nəticə etibarı ilə, 2023-cü ildə söz verdiyim kimi, REAL Partiyasının lideri vəzifəsindən istefa verdim. Konstitusiya Məhkəməsinin seçkilərin nəticələrinə dair qərarından sonra Siyasi Komitə REAL Partiyasına yeni rəhbər seçəcək. Həmin ərəfədə yekun video müraciətim də olacaq”.

İlqar Məmmədov sentyabrın 1-də keçirilən erkən parlament seçkilərində 22 saylı Nəsimi-Yasamal seçki dairəsindən seçkilərə qatılmışdı.

Bu dairədən Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə qalib elan olunub.

Bu gün MSK İlqar Məmmədovun şikayətinə baxıb və 3 məntəqənin nəticələrini etibarsız elan edib.

İlqar Məmmədov 2010-cu ildən Respublikaçı Alternativ Hərəkatının sədridir.

Hərəkat 2008-ci ildə təsis olunub.

2020-ci ilin avqustunda partiya olaraq dövlət qeydiyyatına alınıb.

İlqar Məmmədov 2013-cü ilin yanvarında Cinayət Məcəlləsinin 220.1 və 315.2 maddələri ilə təqsirli bilinərək 7 il azadlıqdan məhrum edilib.

Avropa Məhkəməsi 2014-cü ildəki qərarı ilə onun siyasi səbəblə həbs edildiyi haqda qərar çıxarıb.

2018-ci il avqustun 13-də İ.Məmmədov şərti azadlığa buraxılsa da, Avropa Şurası bunu yetərli icra forması saymayıb, çünki 2019-cu il mayın 29-da Avropa Məhkəməsi daha bir qərar verərək Azərbaycanın İlqar Məmmədov işində Şuradakı üzvlük öhdəliklərini pozduğunu bildirmişdi.

Ancaq 2020-ci ilin aprelin 23-də Azərbaycan Ali Məhkəməsinin Plenumu İlqar Məmmədova tam bəraət verəndən sonra Avropa Şurası işi bağlayıb və Azərbaycan üzərindən üzvlükdən çıxarılma təhlükəsi götürülüb.

Ana səhifəSiyasətREAL-ın Siyasi Komitəsi İlqar Məmmədovun istefasını qəbul edib