“Parlament seçkiləri beynəlxalq standartlara uyğun deyil”
ReAL Partiyası yeni parlamentdə təmsilçilik qazanması ilə əlaqədar bəyanat yayıb.
Bəyanatda xatırlanır ki, növbədənkənar parlament seçkilərində iştirak üçün “REAL Cümhuriyyətçilər İttifaqı” adlı koalisiya formalaşdırdılar.
ReAL-ın bəyanatında növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 46 namizəd irəli sürdüklərini, müxtəlif səbəblərdən seçkiyə 29 namizədlə qatıldıqlarını bildirilib.
Bəyanatda partiyanın yerli və beynəlxalq müşahidəçilərin seçkilər haqda yekdil rəyinə razılıq ifadə olunur:
“Parlament seçkiləri nə demokratik standartlara, nə də Azərbaycanın Avropa Şurası və ATƏT qarşısında götürdüyü beynəlxalq öhdəliklərinə uyğun idi. Bu mövqe ilə biz də Respublikaçı Alternativ olaraq tamamilə razıyıq. Belə bir şəraitdə, yeni parlamentdə təmsil olunub-olunmamağımız haqda çətin qərar verməli idik. Müzakirələr nəticəsində qərara gəldik ki, REAL-ın Milli Məclisdə təmsilçiliyinin Cümhuriyyətçi məqsədlərimizə faydasını indidən qiymətləndirmək mümkün deyil. Qarşıdakı bir il ərzində var gücümüzlə bu təmsilçiliyimizin səmərəsini təmin etməyə çalışmalıyıq və dövrün yekunlarını yenidən qiymətləndirib təkrar qərar verəcəyik. REAL-ın qurucu üzvü olan Erkin Qədirliyə bu çətin işində uğur arzulayır və ona hər cür dəstək olmağa hazır olduğumuzu bəyan edirik. İnanırıq ki, Erkin Qədirlinin fəaliyyəti Cümhuriyyət hədəflərimizə xidmət edəcək”.
Martın 5-də
Konstitusiya Məhkəməsi
9 fevral növbədənkənar parlament seçkilərinin nəticələrini təsdiqləyib. Seçkilərdən sonra 4 dairənin, 328 məntəqənin nəticələri ləğv olunub.
Fevralın 9-da Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçirilib. Seçkilər 125 seçki dairəsi üzrə 5573 məntəqəni əhatə edib. Seçki bülletenlərinə 1314 deputatlığa namizədin adı daxil edilib. Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, hakim Yeni Azərbaycan Partiyasının namizədləri 70 seçki dairəsində, müstəqil namizədlər 41 seçki dairəsində, digər siyasi partiyaların namizədləri daha 10 seçki dairəsində liderlik edib.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT DTİHB), ATƏT Parlament Assambleyasının (ATƏT PA) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) parlament seçkilərini birgə müşahidə missiyasının ilkin bəyanatında deyilir ki, məhdudlaşdırıcı qanunvericilik və siyasi mühit Azərbaycanda növbədənkənar parlament seçkilərində həqiqi rəqabətin qarşısını alıb.
“Namizədlərin sayının çox olmasına baxmayaraq, həqiqi siyasi müzakirələrin olmaması səbəbindən seçicilər nəticəyönümlü seçimlə təmin olunmayıb”,- sənəddə qeyd edilir.