Qərarı partiyanın İdarə Heyəti qəbul edib
Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayevin 7 fevral növbədənkənar Prezident seçkilərində iştirak etmək üçün namizədliyi irəli sürülüb.
Bu barədə qərar dekabrın 18-də partiyanın İdarə Heyətinin iclasında qəbul edilib.
Razi Nurullayev 2009-2015-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin xarici məsələlər üzrə müavini olub.
2015-ci ildə partiyadan istefa verib.
2020-ci ildə Milli Cəbhə Partiyasını yaradıb.
Elə həmin il də 79 saylı İmişli seçki dairəsindən Milli Məclisə mandat alıb.
R.Nurullayev 2018-ci il növbədənkənar Prezident seçkilərində iştirak edib.
2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.
İlham Əliyev dekabrın 7-də bununla bağlı sərəncam imzalayıb.
Bu günə qədər ölkə başçısı İlham Əliyev, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa, Sosial Tədqiqatlar Mərkəzinin (STM) sədri, deputat Zahid Oruc, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri (BAXCP), deputat Qüdrət Həsənquliyev və Fuad Əliyev namizədliklərini irəli sürüblər.
AXCP və Müsavat isə seçkiləri boykot edəcəklərini açıqlayıblar.
Ümid və Haqq Ədalət partiyaları seçkidə İlham Əliyevi dəstəkləyəcəklərini bildiriblər.
Azərbaycanda sonuncu dəfə Prezident seçkiləri 2018-ci il aprelin 11-də keçirilib.
Həmin seçkilər də növbədənkənar olub.
İlham Əliyev 20 ildir ki, Prezident vəzifəsini icra edir.