Razi Əliyevaya qarşı zorakılıqda ittiham olunan şəxs həbs edildi

Həbs. Foto: Meydan TV

Ziya Hüseynzadəyə qarşı cinayət işi açılıb

Model  Razi (rəsmi adı Raziyyat) Əliyevanın üzərində xəsarətlərlə bağlı sosial şəbəkələrdə yayılan görüntülərlə əlaqədar cinayət işi başlanıb. Ona qarşı zorakılıqda ittiham olunan Ziya Hüseynzadə iyunun 1-də həbs olunub. Bu barədə Meydan TV-yə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Yayılan videogörüntülər araşdırılarkən məlum olub ki, hadisə mayın 26-da baş verib. Məlumatda bildirilir ki, Ziya Hüseynzadə Razi Əliyevanın Lökbatan qəsəbəsində anasına məxsus mənzilində nalayiq ifadələr səsləndirib, zor tətbiq edərək, giriş qapısını zədələyib.

Ziya Hüseynzadənin ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən xuliqanlıq hərəkətləri törətməsi məlum olub. Faktla bağlı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsilə cinayət işi başlanıb”, – DİN-in rəsmi açıqlamasında bildirilir.

Ziya Hüseynzadə barəsində həbs qətimkan tədbiri seçilib.

2017-ci ildə Azərbaycan gözəli seçilmiş model Razi Əliyeva bildirib ki, sevgilisi olmuş Ziya Hüseynzadə ona və ailəsinə qarşı zorakı hərəkətlər edib, onların ünvanına təhqir və təhdid xarakterli ifadələr səsləndirib:

Demək olar, bir il idi ki, mənə əzab verirdi. Tanımadığım nömrədən telefonuma gələn mesaja görə məni sutkalarla döyürdü. Gedirdi, mesajı yazanla görüşürdü, məsələni aydınlaşdırandan sonra gəlib, mənə barışmaq üçün yalvarırdı. Məni evdə bağlayırdı ki, ondan qaçmayım. Sutkalarla döyürdü, bıçaqla işgəncə verirdi. Sonra da hərəkətsiz düşən bədənimi hamama sürüyüb qanı yuyurdu. Mən isə ondan qaça bilmirdim. Ondan qorxurdum. Qorxurdum ki, kimsə bu haqda öyrənər. Qorxurdum ki, anam bilsə, halı pisləşəcək”.

Fotolar: Tərəflərin sosial media hesablarından götürülüb

Onun sözlərinə görə, Ziya Hüseynzadə evli olsa da, onunla münasibətlərinə son qoymaq istəməyib:

O, gizli şəkildə başqası ilə nikaha girib, sonra üç dəfə mənə evlilik təklif edib. Sonuncu dəfə anamın yanına qaçmışdım, o isə gəlib qapımızı sındırdı. Gəlib, təhdid və şantaj edirdi ki, əgər geri qayıtmasam, məni biabır edəcək və bütün həyatımı korlayacaq. Mənim yerimə başqası olsaydı, çoxdan özünü asardı. Əgər mənim, anamın və yaxınlarımın başına nəsə gəlsə, bilin ki, bunun günahkarı odur”.

Ziya Hüseynzadə isə ünvanına səslənən bu fikirləri təkzib edib. O, “İnstagram”da yaydığı açıqlamada vurğulayıb ki, haqqında yayılan iddiaların məqsədi ondan pul qoparmaq, özünü və ailəsini ləkələməkdir:

Haqqımda yayılanların hamısı adıma və ailəmə ləkə salmaq, zorla pul tələb edilməsi üçün şər və böhtan, qarayaxma kampaniyasıdır. Sübutlarım var, istintaqa təqdim olunacaq. Yayılmış şəkillərin mənə aidiyyəti yoxdur, daxil olmuş məlumata əsasən, Razi Əliyeva hazırda İstanbuldadır, sağdır və dincəlir.

Əlavə olaraq qeyd edim ki, qarşıma uzaqdan iddia irəli sürən Razi Əliyevanın qeyri-qanuni insan alverində etirafı ilə bağlı videolar bundan öncə internetdə əksini tapıb. Bu səbəbdən də Razi Əliyeva özündən diqqəti yayındırır. İstəyir ki, onun qanunsuz hərəkətləri araşdırmadan yayındırılsın. Lakin mən Azərbaycan polisinin ədalətliliyinə əminəm”.

Ana səhifəSosialRazi Əliyevaya qarşı zorakılıqda ittiham olunan şəxs həbs edildi