“Hakimin qərarı Avropa Şurasının coğrafi məkanında görünməmiş bir hadisədir”
Aprelin 19-da Türkiyədən deportasiya olunaraq Bakı Hava Limanında həbs edilən “Zerkalo” qəzetinin icmalçısı Rauf Mirqədirov iyunun 10-da vəkilləri vasitəsilə bəyanat yayıb.
Bəyanatda deyilir: “Məni Türkiyə Cümhuriyyəti ərazisində vəkil xidmətlərindən istifadə hüququndan məhrum edən qərar Avropa Şurasının coğrafi məkanında görünməmiş bir hadisədir.
Nəzərinizə çatdırmaq istərdim ki, prokurorluq və mənim məhkəmə iclasında iştirakımı təmin etməkdən boyun qaçıran hakim bu qərarı Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədarətinin və prezident İlham Əliyevin Strasburqa Avropa Şurası PA-nın növbəti sessiyasında iştirak etmək üçün səfəri ərəfəsində verilmişdir.
Düşünürəm ki, prokurorluğun və hakimin bu qərarı və hərəkətləri Azərbaycanın milli dövlət maraqları baxımından araşdırılmalı və layiqincə dəyərləndirilməlidir”.