Fərhad Məmmədov: “Rusiya demək istəyir ki, Qarabağ ermənilərinin təhlükəsizliyi ilə bağlı onun üzərində öhdəlik yoxdur”
Brüsseldə Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyanın Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin (Charles Michel) vasitəçiliyi ilə görüşü keçirildiyi bir zamanda Rusiya XİN bəyanatla çıxış etdi.
Qərb platformalarında Azərbaycan və Ermənistan arasında danışıqlar keçirilərkən Rusiya XİN-in bəyanatlarla çıxış etməsi artıq ənənə halı alıb.
“Rusiya XİN-in bəyanatı məyusluq doğurur”
İyulun 15-də verilən bəyanatda isə rəsmi Moskvanın məramı bir sıra suallar doğurub. Belə ki, bəyanatda qeyd edilir ki, Ermənistanın Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıması bölgədə Rusiya sülhməramlılarının yerləşdirilməsi şərtlərini kəskin olaraq dəyişdirib.
“Biz Ermənistan rəhbərliyinin suveren qərarına hörmətlə yanaşırıq, amma bu, Rusiya, Azərbaycan, Ermənistan rəhbərlərinin 9 noyabr (10 noyabr – red.) 2020-ci il bəyanatının imzalandığı zaman baza şərtlərini, o cümlədən bölgədə Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsi şərtini kəskin olaraq dəyişib”, – bəyanatda deyilir.
Rusiyanın belə bir addımı Azərbaycan tərəfindən cavabsız qalmayıb və ölkənin Xarici İşlər Nazirliyi adıçəkilən bəyanatı şərh edib.
Həmin şərhdə Rusiya XİN-in məlum bəyanatının anlaşılmazlıq və məyusluq doğurduğu qeyd edilib.
“Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin bu bəyanatı Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə və Rusiya Federasiyası Prezidenti Vladimir Putin tərəfindən Qarabağ bölgəsi daxil olmaqla Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyən çıxışları ilə uyğunsuzluq təşkil edir”, – şərhdə deyilir.
Azərbaycan XİN bəyan edib ki, Rusiya XİN-in Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin 30 ilə yaxın müddətdə əraziləri işğal altında saxlayan Ermənistanın Baş nazirinin Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıması faktı kontekstində şərh etməsi və şərtləndirməsi qəbuledilməzdir.
“Rusiya Qarabağ erməniləri ilə əlaqədar məsuliyyəti üzərindən atmaq istəyir”
Məsələni Meydan TV üçün şərh edən politoloq Fərhad Məmmədov bildirib ki, Rusiya XİN-in bəyanatının əsas məqsədi odur ki, Qarabağ erməniləri ilə əlaqədar məsuliyyəti üzərindən atmaq istəyir.
“Çünki nə üçtərərfli bəyanatda, nə digərlərində sülhməramlı kontingentin Qarabağ ermənilərinin zəmanətçisi kimi hər hansı bir funksiyası yox idi. Halbuki, Ermənistan rəhbərliyi və Rusiyadan olan ranqlı siyasətçilər son 2 il yarımda belə fikirlər irəli sürürdülər ki, sülhməramlılar yerli erməni əhalini qorumaq üçün yerləşdirilib”, – o deyib.
Fərhad Məmmədov xatırladıb ki, əslində bütün sənədlərə əsasən sülhməramlılar atəşkəsin həyata keçirilməsinə nəzarət etməlidir. Onun fikrincə, Rusiya XİN demək istəyir ki, Qarabağ ermənilərinin təhlükəsizliyi ilə bağlı Rusiyanın üzərində öhdəlik yoxdur.
Bununla belə, politoloq vurğulayıb ki, Azərbaycan rəhbərliyi 10 noyabrdan dərhal sonra Qarabağın Azərbaycanın daxili işi olduğunu bildirib, üçtərəfli formata ehtiyacın olmadığını dedi. Onun fikrincə, Moskva dəfələrlə hər iki tərəfdən mandatla bağlı razılıq almaq istəyib.
“Ermənistanın hərbi-siyasi rəhbərliyi hətta siyasi həyasızlıqla mandatla bağlı sənəd imzaladıqlarını, amma Bakının bundan imtina etdiyini deyib. Belə olan halda Rusiya buna çox çalışdı, amma Azərbaycan müəyyən addımlar atdı və nəticədə Rusiya bugünkü bəyanatı verdi”, – Fərhad Məmmədov deyib.
“Şərtlərin dəyişməsi açıqlaması sağlam məntiqə ziddir”
İsveçrədə mühacir həyatı yaşayan siyasi icmalçı Rauf Mirqədirov isə hesab edir ki, Rusiya növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alır.
“Ümumiyyətlə, üçtərəfli bəyanatda bu mövzu haqda bir kəlmə də yoxdur. Ona görə şərtlərin dəyişməsi açıqlaması sağlam məntiqə ziddir”, – Rauf Mirqədirov deyib.
O hesab edir ki, əslində, Rusiya növbəti dəfə Ermənistandakı müvafiq qüvvələrə bir mesaj göndərir ki, Paşinyan Avropa Birliyinin və ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqlarda Azərbaycanın ərazi bütövlüyünü tanımaqla Moskva ilə Yerevan arasındakı münasibətlərə çox ciddi zərbə vurur.
Siyasi icmalçının fikrincə, Rusiya XİN-in bəyanatı Ermənistana və qismən də Azərbaycana qarşı şantaj xarakteri daşıyır.
Rauf Mirqədirov düşünür ki, Rusiya XİN-in bəyanatının bugünlərdə meydana gəlməsinin daha ciddi səbəbi var.
“Türkiyədə seçkilərdən sonra Ərdoğanın xarici siyasətində zorən də olsa, ciddi dönüş yaranıb. Hazırda Ankara Avropa ilə iqtisadi əlaqələrin genişlənməsində maraqlıdır. Çünki iqtisadi böhran və zəlzələnin nəticələrini aradan qaldırmaq üçün ucuz kreditlər lazımdır. Ona görə Ərdoğan Rusiya qoşunlarının Qarabağdan çıxarılmasını, İsveçin NATO-ya üzvlüyünün mümkünlüyünü gündəmə gətirdi”, – o vurğulayıb.
Rauf Mirqədirov qeyd edib ki, bu mənada Rusiya XİN-in bəyanatının bu gün yayılması Ermənistanın xarici siyasətinin dəyişdirilməsinə və Moskvanın regionda mövqelərinin gücləndirilməsinə cəhddir.
“Hesab edirəm ki, Bakı da müdrik siyasət yeritməyə cəhd edəcək. Ən azı Azərbaycan rəhbərliyi kifayət qədər xarici siyasət yeridə biləcək”, – siyasi icmalçı deyib.