“İlham Əliyevə demək istəyir ki, sən nə qədər bizə arxalanırdın, ölkədə sabitlik vardı”
“Heydər Əliyevdən sonra kim prezident olsa, onun taleyi əvvəlki dövlət başçısının kadrlarına münasibətdən asılı olacaqdı”.
Bunu hazırda Milli Elmlər Akademiyasının prezidenti olan
Ramiz Mehdiyev
dövlət başçısı İlham Əliyev haqqında yazdığı “Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran Lider” başlıqlı məqaləsində qeyd edib.
Məqalə rəsmi mətbuatda dərc edilib. Ramiz Mehdiyev vurğulayıb ki, yazıda şərh edilənlərin hamısı onun Prezident İlham Əliyevin Administrasiyasının rəhbəri vəzifəsində işlədiyi 16 il ərzində müşahidələrinin nəticəsidir.
Heydər Əliyevdən sonra hakimiyyətə gələn İlham Əliyevin komanda formalaşdırması siyasətinə toxunan Ramiz Mehdiyev bildirib ki, bu komanda idarəetmə sistemində innovasiyalı texnologiyalar tətbiq etməklə ölkədə “informasiya cəmiyyəti”nin inkişafına güclü təkan verməli idi:
“Bu o demək deyildir ki, yeni Prezident əvvəlki Prezident Heydər Əliyevin kadrları ilə işləmək istəmirdi. Ağıllı dövlət başçısı bu fürsəti əldən verməz və məhz təhsilli, təcrübəli, istedadlı, xalqın həqiqi mənafelərini müdafiə edən kadrları öz tərəfinə çəkər”.
Məqalənin bir neçə yerində Ramiz Mehdiyev Heydər Əliyevdən əvvəl Azərbaycanda hakimiyyətdə olanları tənqid etməyi də yaddan çıxarmayıb.
O bildirib ki, bu və ya digər səbəblər üzündən peşəkarlıq baxımından yararsız insanlar dövlət sükanı arxasına keçəndə nələr baş verdiyini yəqin etmək üçün XX əsrin 80-ci illərinin sonunda və 90-cı illərinin əvvəlində Azərbaycan xalqının da imkanı olub.
“O vaxt məsuliyyətsiz və avantürist rəhbərlərin əməlləri nəticəsində ölkə dərin siyasi və sosial-iqtisadi böhranla üzləşdi, uçurum qarşısında qaldı”.
Siyasi icmalçı Rauf Mirqədirov Ramiz Mehdiyevin məqaləsi barədə Meydan TV-ə şərh verərkən, qeyd edib ki, yazıda bütün diqqət bir məqama fokuslanıb:
“Heydər Əliyevin komandası kifayət qədər səmərəli və effektiv olub. Azərbaycandakı siyasi sabitliyi və inkişafı məhz Heydər Əliyev komandası təmin edib”.
Onun fikrincə, məqalə İlham Əliyevə təriflərlə bol olsa da, müəyyən mənada işarələr var ki, komandanın xüsusi dəyişdirilməsinə elə bir ehtiyac yox idi. Onun fikrincə, Ramiz Mehdiyev demək istəyir ki, kadr islahatları olmalı idi, amma həddindən artıq sürətlə və köklü yox. Yəni təkamül yoluna üstünlük verilməli və ənənəvilik olmalı idi:
“Məqalədə prezidentə olan mesajların əsas kökü ondan ibarətdir ki, sən nə qədər bizə arxalanırdın, ölkədə sabitlik vardı. Biz mövcud sabitliyi bundan sonra da təmin etməyə hazırıq. Ancaq bizi kənarlaşdırsan, müharibə elan etsən, vəziyyət dəyişəcək. Ona görə bizi nəzərə al. Düzdür, Mehdiyev özü Milli Məclisə mandat almaq istəməz. Amma istəyər ki, klanı qanunverici orqanda təmsil olunsun və müəyyən məsələlərə təsir imkanları qalsın. Yəni xəbərdarlıq edir ki, biz bu illərdə sabitliyi qoruya bilmişiksə, onu poza da bilərik. Düzdür, çox qorxaqcasına edilən mesaj olsa da, buna işarə var”.
Rauf Mirqədirov Ramiz Mediyevin məqaləsinin siyasi təsir gücünün olduğunu düşünmür. Onun fikrincə, artıq proses gedir və Ramiz Mehdiyev parlament seçkisi öncəsi “biz də varıq” demək istəyir:
“Administrasiyanın sabiq rəhbəri Heydər Əliyevin yaratdığı piramidanı xatırladıb, sabitliyin onlardan asılı olduğunu demək istəyir. Hakimiyyət bunu nəzərə alıb “köhnə qvardiya”dan bir neçə nəfərinə mandat verə bilər. Amma bütövlükdə başlanan proses davam edəcək və hakimiyyət mədəni elitar parlament yaratmağa cəhd göstərəcək”.
Rauf Mirqədirov hesab edir ki, Ramiz Mehdiyev unikal məmur tipidir və onun Əliyevlər qarşısındakı xidmətləri danılmazdır. Siyasi icmalçının sözlərinə görə, onun xidmətləri layiqincə qiymətləndirilməyib:
“Ramiz Mehdiyev faktiki olaraq prezidentdən sonra ikinci adam olub. Lalə Şövkət Hacıyeva dövlət katibi postundan kənarlaşdırılandan sonra bu post Prezident Administrasiyasına çevrildi. Ən azı 2008-ci ilə qədər bütün idarəetmə Ramiz Mehdiyevin üzərində qurulub. Sonradan fəaliyyəti məhdudlaşdırılıb və bəzi sahələr ondan alınıb. Amma son dövrlərə qədər təsiri qalırdı. Təsəvvür edin, bu adam Korrupsiyaya qarşı Mübarizə Komissiyasının sədri olub, Təhsil Komissiyası, maliyyə sabitliyini təmin edən quruma rəhbərlik edib, uzun müddət Təhlükəsizlik Şurasının katibi vəzifəsini icra edirdi. Bununla yanaşı Ramiz Mehdiyev akademik olub, çoxlu kitablar yazıb, öz kitablarından ibarət kitabxana yaradıb”. O qeyd edib ki, siyasətçilərin kitab yazması yeni bir şey deyil, amma onlar ya vəzifəyə təyin olunana qədər, yaxud vəzifədən gedəndən sonra kitab yazıblar:
“Bu adam administrasiyaya rəhbərlik edib, çoxlu komissiyaların sədri olub, hakimiyyətin ideoloqu idi. Bu işlərin içində vaxt tapıb kitab da yazırdı. Bu mənada unikal şəxsdir. Ramiz Mehdiyev mənə Don Kixotun Sanço Pançosunu xatırladır. O da Əliyevlərə elə sədaqətli olub”.
Oktyabrın 23-də
Prezident İlham Əliyev
in sərəncamı ilə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tutduğu vəzifədən azad edilib.
Digər bir sərəncamla dövlət başçısı Ramiz Mehdiyevi “Heydər Əliyev” ordeni ilə təltif edib.
İlham Əliyev “Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının” tərkibinə dəyişiklik edərək, Ramiz Mehdiyevi fərd olaraq qurumun üzvü təyin edib.