Rauf Mirqədirov: “Mariya Zaxarova iki səbəbə görə haqlıdır”

Foto: Foreign policy

“Birgə Monitorinq Mərkəzi Türkiyənin prosesdə görüntüsünü yaratmaq məqsədi daşıyır”

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın Dağlıq Qarabağda müvəqqəti yerləşən sülhməramlı missiya ilə bağlı söylədiyi fikirlərə Azərbaycan tərəfinin hələ də rəsmi cavabı yoxdur.

İyulun 20-də brifinq keçirən XİN rəsmisi deyib ki, Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı missiyasının fəaliyyəti regionda davam edən gərgin vəziyyət şəraitində getdikcə daha çox tələb olunur.

Azərbaycan Xarici İşlər Nazirliyi Meydan TV-nin bu barədə sorğusuna “hələlik heç bir açıqlama yoxdur, olsa, yayacaqlar” deyə reaksiya verib.

Mariya Zaxarova onu da qeyd etmişdi ki, Rusiya sülhməramlıları Dağlıq Qarabağda mühüm sabitləşdirici rol oynamaqda davam edir. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya sülhməramlılarının 2025-ci ilə qədər Dağlıq Qarabağı tərk etmələri ilə bağlı bəyanatına Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il tarixli sənədini misal çəkərək, Ankaranın tərəf olmadığını bildirmişdi.

Mariya Zaxarova
Foto: Lenta.ru

Siyasi şərhçi Rauf Mirqədirov Mariya Zaxarovanın iki səbəbə görə haqlı olduğunu düşünür. Bu barədə Meydan TV-yə danışan Mirqədirov deyir ki, Ankar 2020-ci ildə imzalanan üçtərəfli bəyanatda iştirakçı olmayıb:

“Bu baxımdan Türkiyənin tələb qoymasının əsası yoxdur. Təəccüblü məqam odur ki, Rusiya qoşunları Azərbaycan ərazisində olsa da, bəyanata görə Ermənistan söz sahibidir. İkinci səbəb ondan ibarətdir ki, üçtərəfli bəyanat BMT tərəfindən tanınmayıb və üç ölkənin parlamenti də ratifikasiya etməyib. Ona görə Ankaranın məsələyə müdaxiləsini Moskva qıcıqla qarşılayır”.

Rauf Mirqədirov vurğulayıb ki, Zaxarovanın açıqlaması Moskvanın sülhməramlıların qalma müddətinin uzadılmasının zəruri olduğunu bəyan etdiyini göstərir:

Həm də Türkiyəyə yerini göstərir ki, oturun Ağdamdakı Birgə Monitorinq Mərkəzində. Onsuz da Türkiyə 2 il orda olsa da, indiyə qədər susub. Ümumiyyətlə, Birgə Monitorinq Mərkəzinin hansı funksiya daşıdığı məlum deyil, çünki bütün atəşkəs pozulmaları haqda bəyanatları Rusiya Müdafiə Nazirliyi yayır. Əslində, o cür situasiyalar barədə açıqlamaları da, vəziyyətin sabitləşməsi də Birgə Monitorinq Mərkəzinin üzərinə düşür. Məncə, Birgə Monitorinq Mərkəzi Türkiyənin prosesdə görüntüsünü yaratmaq məqsədi daşıyır”.

“5 illik müddətin bitməsinə 6 ay qalanda tərəflərdən biri qoşunların çıxarılmasını istəyə bilər. Tutalım, Azərbaycan bu məsləni qaldırdı, Ermənistan və yerli ermənilər isə əksinə, istəmədilər. Düzdür, yerli ermənilər tərəf deyil. O zaman nə baş verəcək? Bu suala nə həmin bəyanatda cavab var, nə də Prezident başda olmaqla Xarici İşlər Nazirliyi aydınlıq gətirib. Həm də texniki məsələ var, bəyanat 9 noyabrda, yoxsa 10-da imzalanıb? Belə bir texniki nüans II Dünya savaşının bitməsində də mübahisə yaradıb, Avropa dövlətləri qələbə bayramını 8 mayda, Rusiya isə 1 gün sonra qeyd edir. Beləliklə, Bakı 6 ay əvvəl sülhməramlıların çıxarılmasını qaldıranda, 9, yoxsa 10 noyabrdan hesablayacaq sualı ortaya çıxacaq. Texniki nüans olsa da, bu, atılacaq addımın hüquqiliyinə təsir edəcək”,-deyə Mirqədirov əlavə edib.

Foto: Rauf Mirqədirovun şəxsi arxivindən

O, sonda bildirib ki, əgər Bakı və Yerevan rus qoşunlarının çıxarılmasını istəyirlərsə, onlar 2025-ci ilin əvvəlinə qədər iki məsələyə aydınlıq gətirməlidirlər:

Birinci, iki dövlət arasında sülh müqaviləsinin imzalanması, ikinci isə Azərbaycan ərazisində yaşayan erməni icmasının təhlükəsizliyi və hüquqlarının təminatı. Bu iki məsələdə Moskvanın moderatorluğu olmadan razllığa gəlməlidirlər ki, rus qoşunlarının regiondan çıxarılmasını reallaşdırmaq mümkün olsun. Düzdür, bütün bunlara təsir göstərən bir amil də var, o da Ukraynadakı hadisələrdir”.

Münaqişənin qısa xronikası

Azərbaycan və Ermənistan arasında olan Qarabağ münaqişəsinin ilkin mərhələsi 1988-ci ildə başlayıb.

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.

Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.

Ana səhifəSiyasətRauf Mirqədirov: “Mariya Zaxarova iki səbəbə görə haqlıdır”