“Moskvaya soyuq münasibət bəsləyən dövlətlərə qarşı informasiya müharibəsi aparılır”
Vaşinqtonda 2019-cu ilin yayında görüş zamanı Ermənistanın xarici işlər naziri Zöhrab Mnasakanyan 5 milyard dollar qarşılığında Azərbaycana 5 rayonun verilməsinə razı olub.
Bu barədə Rusiyanın
“Nezavisimaya qazeta”
nəşrində Ermənistanda siyasi vəziyyətə həsr edilən məqalədə bildirilib.
Suren İonisyanın müəllifi olduğu yazıda Ermənistanın Paşinyan dövründə daha çox ABŞ-ın təsir dairəsinə düşməsi barədə fikirlər yer alıb.
Müəllif iddia edir ki, Ermənistanda xalq Qərb siyasi texnoloqlarının qurbanı olub və Paşinyanın hakimiyyətə gəlməsinin səbəbi də bundadır.
“Paşinyanın hakimiyyətə gəldiyi müddətdən bir il yarım ötməsinə baxmayaraq Ermənistan demokratik olmayıb. Əksinə, avtoritar dövlətə çevrilib. Ermənistanda Qərbin QHT-lərinin nizamnamələrini əsas götürüb ölkəyə rəhbərlik edirlər. Ermənistan ABŞ-ın geosiyasi maraq dairəsinə daxil olub”, – məqalədə yazılıb.
Müəllif iddia edir ki, Paşinyan və onun hökuməti keçmiş prezident Serj Sarkisyanın layihəsidir. Məqalədə qeyd olunur ki, bu layihənin məqsədi Ermənistanda siyasi meydanın təmizlənməsi və Ermənistanın Vatikanda keçmiş səfiri Mikael Minasyanın hakimiyyətə gətirilməsidir. Minasyan Sarkisyanın kürəkənidir.
Müəllif həmçinin iddia edir ki, layihənin digər məqsədi Azərbaycanın işğal olunmuş ərazisindəki tanınmamış “Dağlıq Qarabağ Respublikası”nda hakimiyyətə Mais Malyanın gəlməsidir (hazırda tanınmamış respublikanın xarici işlər naziri).
“Məhz bundan sonra ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş köməkçisi Con Boltonun planına əsasən, 5 rayon Azərbaycana verilməlidir”, – yazıda bildirilib.
Bundan başqa müəllif hesab edir ki, Rusiya hərbiçilərinin Ermənistandan çıxarılması üçün ABŞ-ın Ermənistan-Azərbaycan münaqişəsini qızışdırmaq planı var.
“Hərbi əməliyyatların başladığı halda Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü kimi ona qarışsa Ermənistan rəhbərliyi bu ölkənin hərbçilərinin ölkə ərazisində yerləşməsinin arzuolunmaz olduğunu elan edəcək”, – yazıda deyilir.
Müəllif bununla bağlı təklif edir ki, hər bir təxribatdan qaçaraq, Azərbaycanla hərbi əməliyyatların baş verməsinin qarşısını almaq lazımdır. Avropada mühacir həyatı yaşayan siyasi icmalçı Rauf Mirqədirov Meydan TV-yə bildirib ki, Kremlin nəzarətində olan mətbuat postsovet və ümumiyyətlə, bütün dünyada Moskvaya soyuq münasibət bəsləyən dövlətlərə qarşı informasiya müharibəsi aparır.
“Münaqişəli ölkələr barədə yazılarda isə Vaşinqton tərəfləri qızışdırmaqda ittiham edilir və guya Rusiyanın cavab addımları sülhə xidmət edir. Ermənistanla bağlı məsələ bir qədər fərqli olsa da, Kremlin nəzarətində olan media Baş nazir Paşinyan hakimiyyətinin loyallığına inanmır. Ona görə bu tip materiallar həmin münasibətin tərkib hissəsidir”, – R.Mirqədirov deyib.
İcmalçı həmin məqalədə Ermənistana Soros, Qərb dəyərləri yeridilir, yaxud Ermənistanda laboratoriyaların, təlim mərkəzlərinin olduğu barədə fikirlərə xüsusi əhəmiyyət vermək lazım olduğunu bildirib.
“Halbuki, Rusiyanın hazırda müdafiə etdiyi sabiq prezident Köçəryanın hakimiyyəti dövründən Ermənistan NATO Sülh Naminə Tərəfdaşlıq Proqramının üzvüdür. Radioaktiv maddələrlə bağlı laboratoriyalar isə postsovet ölkələrinin əksəriyyətində var. Bunlar Rusiyanın təcavüzkar siyasətinə bəraət qazandırmaq üçün yaydığı dezinformasiyadır”, – siyasi icmalçı deyib.
Rauf Mirqədirovun sözlərinə görə, 5 milyard dollar qarşılığında 5 rayonun Azərbaycana qaytarılması məsələsində isə yeni bir şey yoxdur və faktların interpretasiyasıdır.
“Məsələ ondadır ki, sülh sazişi imzalanarsa, beynəlxalq təşkilatlar və aparıcı dövlətlər regiona yardım edəcəklərinə vəd veriblər, amma rəqəmlər müxtəlif olub. Hazırkı danışıqlarda bu məsələnin müzakirə edildiyinə inanmıram. Yazıda həmin 5 milyardın hansı mənbədən gələcəyi ümumiyyətlə göstərilmir. Sadəcə, deyirlər ki, Ermənistan 5 rayonu azad edərsə, 5 milyard dollar alacaq. Ancaq kimdən alacaq, bu sual açıq qalır. Belə təəssürat yaranır ki, pulu guya Azərbaycan verəcək. Yəni Paşinyan işğal olunan əraziləri satır”.
Bununla belə o qeyd edib ki, əslində, sülh sazişi imzalanarsa, münaqişədən əziyyət çəkən dövlətlərə bərpa işləri üçün maliyyə yardımı nəzərdə tutulub. Amma bildirib ki, bu halda da düşünmək lazım deyil ki, 5 milyard dollar indiki danışıqların predmetidir.
“Düzdür, münaqişə Ermənistana ağır problemlər qoyub, ancaq daha çox zərbə Azərbaycana dəyib. Azərbaycan tərəfindən Ermənistana hər hansı maliyyə yardımını istisna etməsəm də, bu, birinci dərəcəli məsələ deyil. Bakı dəfələrlə bəyan edib ki, əgər sülh sazişi imzalanarsa, Ermənistanla iqtisadi əməkdaşlığa hazırdır, investisiyaların qoyuluşunda iştirak edə bilər. Amma bu razılaşmalar birbaşa və önəmli deyil, önəmlisi münaqişənin dinc yolla həllində müəyyən addımların atılmasıdır. Hələlik Paşinyan tərəfdən bu istiqamətdə addımlar atılmır və son çıxışları dediklərimi təsdiqləyir”.