Onun yekdilliklə seçildiyi bildirilir
Xalq artisti, kinoaktyor Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri seçilib.
Qərar mayın 31-də AKİ-nin idarə heyətinin və üzvlərinin ümumi iclasında verilib.
Konfrans iştirakçıları Rasim Balayevin namizədliyini yekdilliklə təsdiqləyib.
İttifaqın Rəyasət heyətinə isə Oleq Səfərəliyev, Həmidə Ömərova, Cəmil Fərəcov seçilib.
Daha öncə – mayın 11-də AKİ-nin İdarə Heyətinin iclası keçirilmişdi.
İclasa Xalq yazıçısı Anar, Əməkdar incəsənət xadimləri Firəngiz Qurbanova, Cəmil Fərəcov, Ziya Şıxlinski, Baba Vəziroğlu, Mirbala Səlimli, rejissorlar Oleq Səfərəliyev, Nizami Abbas, Cavid İmamverdiyev, Tahir Tahiroviç, Əli İsa Cabbarov, Adil Qulamov, Xalq artistləri Həmidə Ömərova, Məbud Məhərrəmov, “Azərbaycanda dünya kinosunun 100 illiyi fondu” ictimai birliyinin direktoru Lalə Əfəndiyeva, yazıçı Nəriman Əbdülrəhmanlı qatılmışdı.
İdarə heyətinin üzvü Anar Rüstəm İbrahimbəyovun yerinə Rasim Balayevi namizəd kimi təqdim etmişdi.
İclas iştirakçıları namizədliyi yekdilliklə qəbul etmişdilər.
Azərbaycan Kinematoqrafçılar İttifaqı 1963-cü il yanvarın 11-də Respublika Kinematoqrafiya İşçilərinin I Təsisat Qurultayında yaradılıb.
Təşkilatın 1981-ci ildə keçirilən V qurultayında kinodramaturq Rüstəm İbrahimbəyov AKİ-nin birinci katibi seçilib.
İttifaq MDB və Baltik ölkələri Kino İttifaqları Konfederasiyasının üzvü və təsisçilərindəndir.
AKİ Azərbaycanın peşəkar yaradıcı kino işçilərini könüllü əsaslarla birləşdirən ictimai, müstəqil təşkilatdır.
İttifaqın əsas məqsədi milli kinonun, milli mədəniyyətin və dünya kinosunun əsas hissəsi olaraq inkişaf etdirilməsidir.
Təşkilatın idarə heyətinin üzvləri Xalq yazıçısı Anar, Əməkdar incəsənət xadimi, operator, rejissor Nizami Abbas, Xalq artisti, aktyor Rasim Balayev, kinorejissor Əli İsa Cabbarov (İttifaqın katibi), Əməkdar incəsənət xadimi, səs rejissoru Əsəd Əsədov, “Azərbaycanda dünya kinosunun 100 illiyi fondu” ictimai birliyinin direktoru, prodüser Lalə Əfəndiyeva, kinorejissor Tahir Tahiroviç (Əliyev), Əməkdar incəsənət xadimi, rejissor Cəmil Fərəcov, Xalq artisti, aktrisa Həmidə Ömərova, Əməkdar incəsənət xadimi, quruluşçu rejissor, multiplikator Firəngiz Qurbanova, Xalq artisti, aktyor Məbud Məhərrəmov, ssenarist, rejissor, prodüser Cavid İmamverdiyev, Əməkdar incəsənət xadimi, rejssor-ssenarist Mirbala Səlimli, rejissor-ssenarist Oleq Səfərəliyev (İttifaqın katibi), Xalq artisti, aktrisa Yusupova Şükufə, Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu, Əməkdar incəsənət xadimi, rejissor Ziya Şıxlınskidir.
İttifaqın sədri, Xalq yazıçısı, kinodramaturq Rüstəm İbrahimbəyov 2022-ci il martın 11-də uzun sürən xəstəlikdən vəfat edib.
Rasim Əhməd oğlu Balayev 1948-ci ildə Ağsuda doğulub. 1964-1969-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb.
“Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi bir çox filmlərdə(“Nəsimi”, “Dədə Qorqud”, “Babək”, Birisigün gecəyarısı“, “Qanlı zəmi”, “İstintaq”, “Qatır Məmməd”, “Arxadan vurulan zərbə“, “Həm ziyarət, həm ticarət”, “Qala”, “Cavid ömrü” və s.) əsas rollarda çəkilib. Eyni vaxtda “Özbəkfilm” “Mosfilm” və b. studiyalarda da filmlərə çəkilib.
1990-cı ildən 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının I katibi olub.
1976-cı ildə Əməkdar, 1982-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.