AMEA akademik Arif Həşimova həvalə olunub
Fevralın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağında Ramiz Mehdiyevin istefa ərizəsi qəbul edilib.
Bu barədə AMEA-nın Mətbuat Xidməti məlumat yayıb.
İclasda çıxış edən Ramiz Mehdiyev bildirib ki, Rəyasət Heyətinin fevralın 14-də baş tutan iclasında yaşı ilə əlaqədar vəzifəsindən istefa verib və məsələ ilə bağlı dövlət başçısı İlham Əliyevə müraciət edib.
AMEA-nın Nizamnaməsinə uyğun olaraq, Ramiz Mehdiyevin istefa ərizəsi iclasda açıq səsverməyə qoyulub.
Səsvermənin nəticəsində Ramiz Mehdiyevin müraciəti qəbul olunub.
Nizamnamənin 9.6-cı maddəsinə əsasən, AMEA prezidentinin funksiyalarının icrası birinci vitse-prezident, akademik Arif Həşimova həvalə olunub.
Ramiz Mehdiyev fevralın 14-də vəzifəsindən istefa vermişdi.
O, 1995-2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub.
Mehdiyev 2019-cu ildə vəzifəsindən çıxarılaraq “Heydər Əliyev” ordeni ilə mükafatlandırılıb.
Ramiz Mehdiyev 2019-cu ildən AMEA-nın prezidenti idi.