Jurnalist Əvəz Zeynallının həbsdə olan biznesmen Rasim Məmmədov barədə tənqidi çıxışlarından sonra başqa bir jurnalist Eynulla Fətullayev onun səsini internet üzərindən paylaşdı. Səs yazısında jurnalist Əvəz Zeynallı nə isə qaytaracağını bildirsə də, söhbətin puldan getdiyi vurğulanmır.
Əvəz Zeynallı növbəti verilişində həmin səsi Məmmədovun vəkili Elçin Sadıqova göndərdiyini, söhbətin sənəddən getdiyini söylədi.
Buna baxmayaraq, Əvəz Zeynallı Rasim Məmmədovun ailəsindən külli miqdarda rüşvət alma, vəkil Elçin Sadıqovsa rüşvət almada iştirakçılıq maddəsilə üz-üzə qaldı. 11 sentyabr, gecə yarısı Binəqədi Rayon Məhkəməsində baş tutan prosesdə onların barəsində 4 aylıq həbs qətimkan tədbiri seçildi.
Əvəz Zeynallı və Elçin Sadıqov ittihamları qəbul etmir.
Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı deyir ki, jurnalist Rasim Məmmədovun ailəsindən pul almayıb. Sadəcə vəkil Elçin Sadıqov Əvəz Zeynallıdan xahiş edib ki, müvəkkili Rasim Məmmədov haqqında efirdə sərt sözlər istifadə etməsin.
Elçin Sadıqovun həyat yoldaşı Zibeydə baş verənləri onun siyasi işlərdə vəkillik etməsi ilə əlaqələndirir.
Rasim Məmmədovun ailəsi kameralarımıza danışmaq istəmədi.
Baş Prokurorluğun məlumatına görə, Xural Yayınları” MMC-nin baş direktoru Ə.Zeynallının vəkil E.Sadıqovun vasitəçiliyi ilə “Baku Steel Company” şirkətinin sabiq sədri, həbsdə olan Rasim Məmmədovun yaxınlarından 20 min manat almasına şübhələr yaranıb. İstintaqın versiyasına görə, bunun müqabilində R.Məmmədov haqqında təhqiredici məlumatlar yaymamaq, müsbət imic formalaşdırmaq üçün verilişlər hazırlamaq vəd olunub. Meydan TV-nin əldə etdiyi məlumata görə, Prokurorluq Rasim Məmmədovun ailəsinin ifadələrinə istinad edir.
Hüquqşünas Səməd Rəhimli deyir ki, Cinayət Məcəlləsinin 311-ci maddəsi korrupsiya və rüşvət cinayətlərinə aiddir. Yəni, hər hansı şəxsə bu maddə ilə ittiham verilməsi üçün ilk əvvəl həmin şəxsin vəzifəli şəxs hesab olunması şərtdir.
Vəkil Elçin Sadıqov və jurnalist Əvəz Zeynallı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılır.
Elçin Sadıqovun vəkili Şəhla Hümbətova deyir ki, məhkəmə prokurorluğun təqdim etdiyi ilkin sübutları onlara verməyib.
Elçin Sadıqovun, Əvəz Zeynallının evlərində və ofisində axtarış aparılıb. Axtarış zamanı jurnalistin pulu, şəxsi əşyaları, həmçinin vəkilin başqa işlərdəki sənədləri götürülüb.
“Baku Steel Company”nin Müşahidə Şurasının sədri Rasim Məmmədov 20 aydır həbsdədir. O 55 milyon manat mənimsəməkdə ittiham olunur. Elçin Sadıqov 2021-ci ilin yanvarından həbsdə olan Rasim Məmmədovun vəkili idi. Hazırda Zibeydə Sadıqova işi davam etdirir.