Oktyabrın 14-də axşam saatlarında Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin 4 ay müddətinə ev dustaqlığına məhkum edilməsi ilə bağlı xəbərlər yayıldı. Xəbərdə deyilirdi ki, Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
Ramiz Mehdiyevin Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunduğu bildirilirdi.
Ramiz Mehdiyev 1995-2019-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, 2019-2022-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti kimi fəaliyyət göstərib. Bəzən onu mediada Rusiyanın Azərbaycandakı adamı, “5-ci kolon”un rəhbəri, “Boz kardinal” adlandırırdılar.
Ramiz Mehdiyevin həbsi ilə bağlı fikirlər o, hakimiyyətdən yola salındıqdan sonra zaman-zaman səsləndirilsə də, bu, hələ indi – ev dustaqlığı qətimkan tədbiri formasında baş verdi.
Hadisənin məhz bu ərəfədə – Düşənbədə Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putinin görüşündən sonraya təsadüf etməsi, eyni zamanda hakimiyyətin Qərblə son münasibətlər, Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları bəyannamə, eləcə də Avropa Şurası ilə aparılan danışıqların fonunda baş verməsi xeyli müzakirələrə yol açıb. Bu təsadüf ictimaiyyətdə müxtəlif versiyaların səslənməsinə səbəb olub.
“Putinlə görüşlə bağlı olduğuna inanmıram”
Meydan TV-yə danışan təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Ramiz Mehdiyev haqqındakı qərarın İlham Əliyevlə Vladimir Putinin Düşənbə görüşü ilə bağlı olduğuna inanmadığını bildirib. O, bildirib ki, bu addım Rusiyanın Azərbaycana qarşı təxribatlarının qarşısını almaq üçün əməliyyat tədbiri ola bilər.
“Belə hadisələrdə adətən müxtəlif versiyalar irəli sürülür və onların əsasında müəyyən işlər, istintaq əməliyyat tədbirləri görülür. Ramiz Mehdiyevin həbsinin İlham Əliyevlə Vladimir Putinin Düşənbə görüşü ilə bağlı olduğuna inanmıram. Ramiz Mehdiyevə qarşı münasibət 2019-cu ildə, onun Prezident Administrasiyasındakı vəzifəsindən uzaqlaşdırılmasından sonra bəlli idi, çünki onun barəsində müəyyən narazılıqlar vardı. Məncə, bu versiyanın doğruluq ehtimalı çox azdır”.

“Münasibətlərin pozulduğu bu 10 ay ərzində Rusiyanın Azərbaycana müxtəlif səpkili, hətta kəşfiyyat hücumları da olub. Yadımdadır, hətta Rusiya rəsmilərindən biri demişdi ki, İlham Əliyev bizi ona qarşı olan müxalifətlə əməkdaşlığa vadar etməsin. Düzdür, bizdə rusiyayönümlü, rəsmi şəkildə təşkilatlanmış elə bir siyasi qüvvə yoxdur. Rusiya rəsmisinin dilindən çıxan bu ifadəni bizim xüsusi xidmət orqanı nəzərə alıb, əməliyyat-agentura tədbirləri görə bilər”, – İlham İsmayıl belə deyib.
“Təsadüfi heç nə olmur”
Azərbaycanda fəaliyyətini dayandırmaq məcburiyyətində qalan son müstəqil media – Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev isə düşünür ki, Ramiz Mehdiyevin həbsinin Putinlə Əliyev görüşü ilə müəyyən bağlılığı ola bilər.

“Təsadüfi heç nə olmur. 2015-ci ildə Eldar Mahmudovun və Əli Abbasovun işdən çıxarılması, Aşqabadda keçirilən MDB dövlətlərinin Sammitindən dərhal sonra baş verdi. Ramiz Mehdiyevlə Əli Həsənov işdən çıxarılanda 2019-cu ilin oktyabrı idi. Bir ay sonra isə Mehriban Əliyevanın Moskva səfəri oldu. O, Putin tərəfindən çox yüksək səviyyədə qəbul olunmuşdu. Demək olar ki, Rusiyanın dövlət qanadlarının rəhbərlərinin hamısı ilə görüşlər keçirilmişdi. Bu misalları ona görə çəkdim ki, Ramiz Mehdiyevin həbsinin Putinlə Əliyev görüşü ilə müəyyən bağlılığı var. Düzdür, informasiya azdır, amma Ramiz Mehdiyevin həbsi həmin görüşdən sonra baş verdi”, – Mehman Əliyev Meydan TV-yə belə deyib.
“Önləyici addım — Moskvaya mesaj”
Təhlükəsizlik məsələləri üzrə ekspert, siyasi şərhçi Ərəstun Oruclu isə Meydan TV-yə bildirib ki, bu addımı Azərbaycanın Rusiyanın təxribatına qarşı önləyici addımı hesab etmək olar.

“Rusiyanın Azərbaycana qarşı istifadə etdiyi konflikt müddətində “yumşaq güc” faktoru effektli olmadı. “Yumşaq güc” Rusiya üçün xarakterik siyasi vasitə deyil, Qərb texnologiyasıdır. İflasa uğrayan Rusiya, deməli, indi başqa vasitələrə əl atacaq. Bunu hamı çox gözəl başa düşür. İlham Əliyev başa düşməmiş deyil ki, Putinin guya üzrxahlığının arxasında yalnız xoş, Azərbaycanla barışmaq niyyəti dayanır, əsla. Düşünürəm ki, bunu nəzərə alaraq Azərbaycan önləyici addım atdı. Önləyici addım da nədir? Rusiyanın uzun zamanlar Azərbaycanda “beşinci kolonu”na rəhbərlik etmiş Ramiz Mehdiyevə qarşı ağır ittiham verməkdir. Burada bir komanda zərərsizləşdirilir. Ona görə də mən düşünürəm ki, Ramiz Mehdiyevə qarşı irəli sürülən ittihamlar, Bakıdan Moskvaya xəbərdarlıq kimidir”.
“Təyyarə hadisəsi də fon yaradırdı”
Mehman Əliyev deyir ki, Azərbaycanın Rusiyadan narazı olmasının əsaslı səbəbi var idi.
“Azərbaycan tərəfi Rusiyadan təyyarə məsələsinə görə narazı idi. Məlumdur ki, həmin gün İlham Əliyev də Moskvaya uçurdu və geri qayıtdı. Görünür, ciddi bir təhlükə yaranmışdı, ona görə bunu etdi [İlham Əliyevin təyyarəsinin ötən il dekabrın 25-də AZAL-ın sərnişin təyyarəsinin qəzasından sonra Bakıya geri qayıtmasını nəzərdə tutur – red.]”.
2025-ci il fevralın 5-də “Turan” İnformasiya Agentliyi “Azərbaycan Prezidentinin təyyarəsi Rusiya üzərində GPS problemləri ilə üzləşdi, araşdırma təsdiqləyir” başlıqlı məqalə dərc etdi. Məqalədə iddia olunurdu ki, Azərbaycanın rəsmi prezident təyyarəsi Bakı-1, 2024-cü il dekabrın 25-də Sankt-Peterburqda keçirilən qeyri-rəsmi MDB sammitinə uçuş zamanı xarici texniki maneələrlə qarşılaşıb. Fevralın 7-də “Turan” yazı ilə əlaqədar təkzib verdi. Fevralın 13-də isə agentlik fəaliyyətini dayandırdı. Agentliyin rəhbəri Mehman Əliyev isə bunu maliyyə çətinlikləri ilə əlaqələndirdi.
“Azərbaycan tərəfi deyəndə ki, təyyarə ilə bağlı Rusiyanın mövqeyi daha aydın, konkret olmalıdır, məncə, bu, da geniş, məsələni əhatə edir. Mən buna prezidentin təyyarəsinin geri qayıtması məsələsini də əlavə edərdim. Deməli, orada hansısa ciddi bir təhlükə olub və getdikcə, tədqiqatlar aparılır və nələrinsə üstü açılır”, – Mehman Əliyev belə deyib.
“Maliyyə və hakimiyyət davası”
Ərəstun Oruclu isə Rusiya-Azərbaycan münasibətlərində iki ölkə arasında siyasi mənada hansısa dərin konflikt yaşandığını düşünmədiyini deyib.
“Bu, Azərbaycan hakimiyyət nümayəndələrinin, o cümlədən hakim ailənin Rusiyada yerləşdirdiyi və diaspora adı altında fəaliyyət göstərən mütəşəkkil cinayət dəstələrinin əli ilə idarə olunan kapitala Rusiya hökumətinin əl qoyması idi. Biz bunun şahidi olduq ki, həqiqətən də hədəfə alınan məhz o qruplar idi ki, birbaşa Azərbaycan hakimiyyətinə bağlıdır və Bakıdan təlimat alıb fəaliyyət göstərir. Əsas kapital Rusiyada yerləşdirilib. Rusiya da bu kapitala əl qoyub. Dava bunun davası idi. Amma rəsmi olaraq təbii ki, bunu etiraf edə bilməzdi və ona görə də məsələyə bir siyasi çalar verdi”.
“87 yaşlı adam təkbaşına çevriliş edə bilməz”
Ramiz Mehdiyevə qarşı irəli sürülən rəsmi ittihamlara gəlincə, ekspertlər düşünür ki, səslənən ittihamlar məqsədlidir. İlham İsmayıl deyir ki, 87 yaşlı bir adamın təkbaşına hakimiyyət çevrilişi edə biləcəyinə inanmaq mümkün deyil.
“87 yaşında bir adam təkbaşına hakimiyyət çevrilişi edə bilməz. Hakimiyyəti zorla ələ keçirmək müəyyən qüvvələrin işidir. Ona görə də hesab edirəm ki, həbslərin davamı olacaq”.
Mehman Əliyev də düşünür ki, bu ittihamların ortaya atılması hakimiyyət daxilində hakimiyyətə qarşı olan şəxslərin təmizlənməsi məqsədinə xidmət edə bilər.
“Ramiz Mehdiyev vaxtilə çox adamı vəzifəyə gətirib, deputat seçdirib. Onun əli xeyli struktura çatırdı. Ola bilsin ki, bu vəziyyətdən istifadə edərək, dövlət strukturlarında da təmizləmə aparılacaq. Ola bilsin ki, prezidentə, onun ailəsinə qarşı olanlar var. Bu proses çərçivəsində təmizləmə gedə bilər”.
“Bu son deyil”
Ərəstun Oruclu isə bildirir ki, rəsmi ittihamlara inanmaq sadəlövhlükdür.
“Azərbaycanda istintaqın, məhkəmənin, dövlətin verdiyi ittihamlara inanmaq sadəlöhvlük olardı. Ortaya hələ bir dəlil qoyulmayıb və dövlət çevrilişini də bir nəfər etmir. Ortada bir Ramiz Mehdiyev var, 87 yaşında və o, guya evdə oturub, dövlət çevirilişi edirmiş”.
Ərəstun Oruclu da o fikirdədir ki, bu son deyil, həbslərin davamı olacaq.