Ramin Hacılının cəzası azaldıldı

Ramin Hacılı. Mənbə: Azadlıq Radiosu

Hərəkat sədri dələduzluqda ittiham olunurdu

“Azərbaycan Avropa Hərəkatı”nın, eləcə də “No Border Travel Agency” MMC-nin rəhbəri, xarici ölkərə səfər üçün viza düzəltmək adıyla dələduzluqda ittiham olunan Ramin Hacılının cəzası azaldılıb.

İyunun 28-də Ali Məhkəmədə hakim Teyyub Muxtarovun sədrliyilə onun kassasiya şikayətinə baxılıb. Ali Məhkəmənin qərarı ilə onun haqqında hökm dəyişib – cəzası 6 il 2 aya endirilib.

3 ildir həbsdə olan Ramin Hacılıya Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq, saxta sənədlər hazırlama və istifadə ittihamları ilə 7 il 7 ay azadlıqdan məhrumetmə cəzası verilmişdi. Bakı Apelyasiya Məhkəməsi bu müddəti 7 il 1 aya endirmişdi. Ali Məhkəmə də daha 11 ay azaldılıb.

Məhkəmədə Ramin Hacılının vəkili bildirib ki, müvəkkilinə qarşı ittihamlar sübuta yetirilməyib. Vəkilin sözlərinə görə, Ramin Hacılıya mütəşəkkil dəstə ittihamı verilsə də, o, heç bir mütəşəkkil dəstənin üzvü olmayıb.

“Ramin Hacılı viza dəstəyi göstərən turizm şirkətinin rəhbəri olub. O, xarici ölkəyə getmək istəyənlər üçün səfirliyə təqdim etməyə sənədlərini hazırlayıb. Bundan da qazanc götürüb. Ramin Hacılı heç kimi aldatmayıb, dələduzluq yoluyla əmlakını ələ keçirməyib, ziyan vurmayıb. Ramin pulu alıb viza üçün sənədləri hazırlayıb, onların biletini alıb, qalan məbləği özünə qazanc götürüb. Şahid kimi məhkəmədə dindirilən şəxslər də bunu etiraf edir”.

Ramin Hacılı ilə birlikdə cinayət məsuliyyətinə cəlb olunan şəxslərdən “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin sədri Sərdar İsgəndərov, “Yes Travel” MMC-nin vəzifəli şəxsləri Sərxan Abdullayev, Üzeyir Bağırlı və başqalarının işi ayrıca icraatda məhkəməyə göndərilib.

Ramin Hacılı illər öncə “Dalğa” Gənclər Hərəkatının sədri olub, Demokratik İslahatlar və Ümid partiyalarında təmsil olunub. O, 2017-ci ilin oktyabrında saxta sənəd hazırlama ittihamıyla məsuliyyətə cəlb olunub. Nəsimi Rayon Məhkəməsinin hökmüylə şərti cəza alan Ramin Hacılı ABŞ-a səfər vizası almaq istəyənlər üçün səfirliyə saxta sənədlər təqdim etməkdə ittiham edilib. O, 2018-ci ilin yayında üzərində şərti cəza olduğuna görə sərhədi qanunsuz yolla keçməyə cəhddə təqsirləndirilərək saxlanılıb. Dövlət Sərhəd Xidmətinin o zaman yaydığı məlumatda bildirilirdi ki, Ramin Hacılı 250 min manata yaxın borcu olduğunu, xaricə gedib işləyərək, borcları qaytarmağa çalışdığını deyib. O bildirib ki, bu səbəbdən Gürcüstana keçib, oradan da Avropa ölkələrinə getmək istəyirdi.

O, sonuncu dəfə 2021-ci ilin iyununda məsuliyyətə cəlb edilib.

Ana səhifəSiyasətRamin Hacılının cəzası azaldıldı