Sakinlər: “Sahibkar deyir, binanın həyətindən küçəyə gedib-gəlmək üçün obyektimin birinci mərtəbəsindən istifadə edərsiz”
“Həyətin bir hissəsini zəbt edib, iki hündürmərtəbəli bina tikdilər, nə etdiksə, qarşılarını ala bilmədik. Bu azmış kimi, indi də xeyir-şər evi üçün saxladığımız yeri, uşaq meydançasını, maşın dayanacaqlarının yerini ticarət obyekti tikmək üçün zəbt ediblər”.
Bunu Meydan TV-yə Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsindəki 36 saylı binanın (Qarayev metrosunun yaxınlığı) sakinləri deyir. Onların sözlərinə görə, “Rahatlığın məkanı” MTK həyətyanı sahəni tamamilə zəbt edib. Əvvəl ərazidə iki hündürmərtəbəli bina inşa edib. Binalardan biri artıq istifadəyə verilib. Hazırda isə şirkət sakinlər üçün gediş-gəliş yeri kimi qalmış və binanın yeganə çıxış yeri olan sahəni zəbt edib, ticarət obyekti tikməyə hazırlaşır.
“Sərəncam başqa əraziyə verilib, tikinti bizim həyətdə aparılıb”
Sakinlərsə etiraz edirlər:
“Bu binaların hər birində azı 300 ailə yaşayır. Ağacları kəsib o iki binanın arasını bağlayanda döymədiyimiz qapı qalmadı. Bu qədər vətəndaşın səsini eşidən olmadı. Halbuki, 2014-cü ildə həmin binalara görə torpaq sahəsi ayrılmasına dair Sərəncam bizim ünvana yox, bizdən 100 metr aralıda yerləşən Mirzəyev küçəsiylə Balakişiyev küçələrinin kəsişməsinə verilmişdi. İş orda aparılmalıydı. Ancaq gəlib bizim həyətin ağaclarını kəsdilər, iki yataqxana binasını sökdülər, iki hündürmrətəbəli binanı tikdilər. İndi də gəliblər ki, ticarət obyekti tikirik. Maşın dayanacaqlarını, xeyir-şər evi üçün ayrılmış sahəni, uşaqların oyun meydançasını – hamısını zəbt ediblər”.
“İcra hakimiyyəti bizi aldadıb, yenə aldadır”
Sakinlər deyir, ticarət obyekti tikilsə, binaların həyətindən çıxışlar bağlanacaq:
“Aparılacaq tikinti ilə binaların küçəyə çıxışı bağlanacaq. Şirkətin rəhbərliyi deyir, binaya giriş-çıxış üçün obyektin birinci mərtəbəsindən istifadə edərsiz. Bu, biabırçılıqdır. Hələ o iki bina tikiləndə də Nizami Rayon İcra Hakimiyyəti sakinləri aldatdı ki, şirkətin sənədi yoxdur, tikintiyə imkan verilməyəcək. Bir tərəfdən bizi aldatdı, o biri tərəfdən şirkətə dedi, işini gör. Şirkət də binaları tikdi, hazırda birində tam yaşayış da var. İndi yenə də icra hakimiyyəti vətəndaşlara eyni oyunu oynayır. Bizə deyir, şirkətin sənədi yoxdur, o tərəfdən şirkətə deyir, işində ol…”
Hazırda ticarət obyektinin tikintisinə görə binaların həyətindəki kanalizasiya xətlərinin istiqaməti dəyişdirilir. Buna görə də qazıntı işləri aparılır.
“Deyir, əliniz hara çatır, gedin şikayət edin”
Sakinlər etiraz edir:
“Sentyabrın 19-da Nizami Rayon İcra Hakimiyyətinə getmişdik ki, başçıyla görüşək, ticarət obyektinin tikintisinə etiraszımızı bildirək. Dedilər ki, bu gün başçının qəbul günü deyil. Bizi başçının müavinlərindən biri qəbul etdi, dedi, narahatlığa əsas yoxdur, tədbir görüləcək. Oradan çıxıb gələndə gördük ki, həyətdə qazıntı işləri aparılır. “Azərsu” ASC-nin fəhlələri dedilər, bizə tapşırıq verilib ki, burdakı kanalizasiya xətlərinin istiqamətini dəyişək. 300-dən çox sakin həyətə düşüb səs-küy saldı, icra hakimiyyətinin şöbə müdiri Tariyel Tahirov həyətə gəldi, bizim yanımızda “Azərsu” ASC-yə zəng vurdu, onlara bildirdi ki, sizin gördüyünüz iş qanunsuzdur, sonra da göstəriş verdi, fəhlələr işi dayandırıb, çıxıb getdilər. Bu gün yenə həyətə borular gətirib tökdülər və qazıntını davam etdirdilər. Qazıntı işləri hələ də davam edir. Şirkətin həyətə gələn işçiləri deyir, əlinizdən nə gəlir, edin, əliniz hara çatır, gedin”.
Nizami Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, Bakı Şəhər İcra Hakimiyyətinin 15 aprel 2014-cü il tarixli, 158 saylı Sərəncamı ilə Nizami rayonu, Mirzəyev küçəsi ilə Balakişiyev küçələrinin kəsişməsindəki 2439 saylı məhəllədə yerləşən torpaq sahəsi çoxmərtəbəli binanın tikintisi üçün “Rahatlığın məkanı” MMC-nin istifadəsinə verilib. Ərazidə çoxmərtəbəli yaşayış binaları tikilib. Ancaq hazırda ərazidə ticarət obyektinin tikintisinin aparılması ilə bağlı qurumda məlumat yoxdur.
Sakinlərsə bildirir ki, Bakı Şəhər İcra Hakimiyyətinin 2014-cü ildə Sərəncam verdiyi ərazi onların yaşadığı ünvanla üst-üstə düşmür. Şirkətə xəbərdarlığa gəlincə, sakinlər buna da inanmır. Bildirirlər ki, əgər şirkətə xəbərdarlıq olunsaydı, hazırda ərazi hasara alınmazdı və qazıntı işləri aparılmazdı.
Meydan TV müxbiri əraziyə gedib, şirkətin nümayəndələriylə görüşməyə cəhd edib. Ərazidəki fəhlələr bildiriblər ki, şirkətlə əlaqələri yoxdur. Şirkətdən isə bildirilib ki, tikilən binaların Əlif Hacıyev 36 ilə əlaqəsi yoxdur. Binalar Əlif Hacıyev 40 ünvanda tikilib və şirkətin hazırda da ərazidə obyekt tikmək üçün tələb olunan bütün sənədləri var.