Rəsmi: Elgün İbrahimov hündürlükdən yıxılaraq ölüb

Videodan screenshot

“Elgün İbrahimova hər hansı kənar şəxs və ya şəxslər tərəfindən xəsarət yetirilməyib, ona qarşı heç bir zorakı hərəkətlərə yol verilməyib”

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti Elgün İbrahimovun ölümü ilə bağlı birgə məlumat yayıb.

Məlumata görə, mayın 13-də Gəncə xəsətxanasında aldığı xəsarətlərdən vəfat edən 2007-ci il təvəllüdlü Elgün İbrahimovun “intihar etməsi, ehtiyatsızlıq nəticəsində yıxılması və ya ona ağır bədən xəsarətləri yetirilməsi kimi bütün ehtimal versiyaları araşdırılıb”.

Araşdırma nəticəsində onun hündürlükdən yıxılaraq öldüyü məlum olub.

“İstintaqın hazırkı mərhələsində əldə edilmiş sübutlarla yəni, şahid ifadələri, hadisə yerinə, müşahidə kameralarına baxış, meyitin xarici və daxili müayinə edilməsi, telefon məlumatları, məhkəmə-genetik, məhkəmə-tibbi və digər ekspertizaların rəyləri və başqa dəlillərlə müəyyən edilib ki, Elgün İbrahimova hər hansı kənar şəxs və ya şəxslər tərəfindən xəsarət yetirilməyib, ona qarşı heç bir zorakı hərəkətlərə yol verilməyib, o, hündürlükdən yıxılaraq aldığı çoxsaylı xəsarətlərdən ölüb”, – birgə məlumatda deyilir.

Məlumata görə, Elgün İbrahimov ölümündən bir gün qabaq mobil telefonunu sataraq, borclarını qaytarıb:

“Bundan sonra Elgün İbrahimov Gəncə şəhərində yerləşən “Naxış” çay evində tanışları ilə görüşüb birlikdə spirtli içki qəbul edib, saat 19:40-da həmin yeri onlarla birgə tərk edib Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasının qarşısına qədər gələrək orada tanışlarından ayrılıb, həmin vaxt Elgün İbrahimovun üzərində hər hansı xəsarət izləri müşahidə edilməyib.
Daha sonra Elgün İbrahimov saat 20:17-də marketdən 2 qutu siqaret alıb əvvəllər də mütəmadi olaraq vaxt keçirdiyi Gəncə şəhəri, M.Xələfov 115 ünvanında yerləşən Texnologiya Universitetinin istifadəsiz yataqxanasına tək halda gedib, qeyd olunan yataqxananın 5-ci mərtəbəsində məhəccərsiz eyvana çıxaraq, orada bir neçə siqaret çəkib və eyvandan torpaqla örtülmüş sərt səthi olan həyətə yıxılaraq çoxsaylı xəsarətlər alıb.

Saat 22:52-də ərazidə olan gözətçi tərəfindən yerdə yaralı vəziyyətdə aşkar edilərək təcili tibbi yardım maşını vasitəsilə xəstəxanaya təxliyə edilib, may ayının 13-də aldığı xəsarətlərdən xəstəxanada ölüb”,
– rəsmi məlumatda deyilir.

Elgün İbrahimov Gəncədəki 34 saylı məktəbin 11-ci sinif şagirdi olub.

Ailəsi Elgünün intihar etmədiyini, döyülərək öldürüldüyünü bildirib.

“Uşağın başı parçalanmış halda idi. Bu vəhşilikdir. Onu döyən adamlar tapılıb, cəzalandırılmalıdır. Müxtəlif versiyalar deyirlər, amma bunlar boş söhbətlərdir. Əsl cinayətkarlar tapılmalıdır”, – Elgün İbrahimovun dəfnində danışan dayısı Rövşən Zeynalov bunları deyib.

Mayın 24-də ictimai fəal Nicat Əmiraslanov Qazaxda Elgün İbrahimovla bağlı bukletlər paylayıb.

Daha sonra onun Qazax Rayon Məhkəməsinin qərarı ilə xırda xuliqanlıqda ittiham olunaraq, 15 sutka müddətinə inzibati həbsə məhkum edildiyi məlum olub.

Fəalın yaxınları onun bukletləri paylaşdığı üçün cəzalandırıldığını deyirlər.

Ana səhifəXəbərlərRəsmi: Elgün İbrahimov hündürlükdən yıxılaraq ölüb