Rəsmi Bakı: “Azərbaycan ərazisi İrana qarşı hərbi məqsədlə istifadə olunmayacaq”

Azərbaycan-İran. Foto: OnePixelStudio/shutterstock

“ABŞ-nin İrana hərbi zərbə endirib-endirməyəcəyi ilə bağlı qeyri-müəyyənlik Azərbaycanda narahatlıq doğurur, lakin Bakı bu məsələni Vaşinqtonla müzakirə etməyib”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “The National” nəşrinə müsahibəsində bildirib.

Hacıyevin sözlərinə görə, mövcud regional vəziyyət yüksək risklərlə müşayiət olunur və mümkün nəticələri əvvəlcədən tam qiymətləndirmək çətindir:

“Vəziyyət qeyri-proqnozlaşdırılandır və ondan yarana biləcək bütün təhdid və çağırışları lazımi şəkildə qiymətləndirmək çox çətindir”.

Enerji resursları ilə zəngin, Cənubi Qafqazda İran və Rusiya arasında yerləşən Azərbaycanın faktiki olaraq iki böyük münaqişə zonasının arasında qaldığını vurğulayan Hacıyev bildirib ki, rəsmi Bakı regional eskalasiyaları diqqətlə izləyir.

“Bir tərəfdə Rusiya–Ukrayna müharibəsi gedir, digər tərəfdə isə Yaxın Şərqdə İranla bağlı münaqişələr, İsrail–İran qarşıdurması və ABŞ-nin bu qarşıdurmada iştirakı var”, – deyə o əlavə edib.

Prezident Administrasiyasının rəsmisi Azərbaycanın bu mövzu ilə bağlı ABŞ ilə hər hansı rəsmi danışıqlar aparmadığını da açıqlayıb:

“Biz bu məsələni ABŞ-la müzakirə etmirik və onlar da heç vaxt bizə bu mövzuda müraciət etməyiblər”.

Hikmət Hacıyev eyni zamanda bildirib ki, Azərbaycan tərəfi son günlərdə İran rəsmiləri ilə təmaslar saxlayıb, lakin rəsmi Bakının mövqeyi dəyişməz olaraq qalır:

“İrandakı təhlükəsizlik vəziyyəti Azərbaycanın dərhal müdaxiləsini tələb etmir, çünki biz həmişə digər ölkələrin daxili işlərinə qarışmaqdan çəkinmişik”,- Hikmət Hacıyev belə deyib.

“Azərbaycan ərazisinin İrana qarşı hərbi məqsədlə istifadəsinə imkan verilməyəcək”.

Bunu isə Yanvarın 29-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə İran xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı zamanı deyib. 

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, telefon danışığı zamanı İran ətrafındakı vəziyyət müzakirə olunub.

” Azərbaycan Respublikasının hava məkanının və ya ərazisinin hər hansı dövlət tərəfindən qonşu İrana və ya hər hansı digər ölkəyə qarşı hərbi əməliyyatların aparılması üçün istifadə edilməsinə heç vaxt imkan verilməyəcəyi xüsusi vurğulanıb”, – məlumatda qeyd olunur. 

2025-ci ilin sonu – 2026-cı ilin əvvəlindən etibarən İranda iqtisadi vəziyyətin pisləşməsi, sosial məhdudiyyətlər və siyasi narazılıqlar səbəbilə kütləvi etirazlar başlayıb. Ölkədən kənarda fəaliyyət göstərən insan haqları təşkilatlarının məlumatına görə, etirazların sərt şəkildə dağıdılması nəticəsində ən azı 6 500 nəfər həlak olub, minlərlə insan saxlanılıb.

ABŞ Prezidenti Donald Tramp administrasiyası bu hadisələr fonunda Tehrana qarşı ritorikanı sərtləşdirib və mümkün hərbi addımların istisna edilmədiyini bəyan edib. Vaşinqton rəsmi şəkildə zərbələrin əsas məqsədinin İranı ABŞ ilə yeni nüvə razılaşmasına məcbur etmək olduğunu bildirir.

Ekspertlər hesab edirlər ki, ABŞ–İran qarşıdurmasının hərbi fazaya keçməsi region ölkələri, xüsusilə də İranla sərhədi olan Azərbaycan üçün ciddi təhlükəsizlik və humanitar risklər yarada bilər.

Ana səhifəSiyasətRəsmi Bakı: “Azərbaycan ərazisi İrana qarşı hərbi məqsədlə istifadə olunmayacaq”