“Minsk Qrupunun həmsədri olmuş ölkənin Prezidentinin köməkçisi dövlətinin bu məsələ ilə bağlı mövqeyini ya dərk etmir, ya da dərk etmək istəmir”
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin “Russia Today” kanalına müsahibəsi zamanı Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlərə cavab verib.
Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski iyunun 9-da “Russia Today” telekanalına verdiyi müsahibədə deyib ki, Rusiya ilə Ukrayna arasındakı münaqişənin “cəbhə xəttində dayandırılması və real sülhə dayanmaması, sadəcə olaraq atəşkəsin bağlanması belə olacaq, bilirsiniz, Ermənistanla Azərbaycan arasında mübahisəli ərazi – Qarabağ var idi – o zaman bu region nəhəng Qarabağa çevriləcək”.
Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinskinin Qarabağ bölgəsini mübahisəli ərazi kimi təqdim edən açıqlaması təəssüf və təəccüb doğurur.
“Xatırladırıq ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Üstəlik, Rusiya özü də Qarabağı Azərbaycan ərazisinin bir hissəsi kimi tanıyır və həmişə də tanıyıb”.
Ayxan Hacızadə bildirib ki, Minsk Qrupunun həmsədri olmuş ölkənin Prezidentinin köməkçisi dövlətinin bu məsələ ilə bağlı mövqeyini ya dərk etmir, ya da dərk etmək istəmir.
“Təəssüf ki, Rusiya Prezidentinin köməkçisi Rusiya Ukrayna müharibəsini Qarabağda mövcud olmuş vəziyyətlə müqayisə edir. Azərbaycan heç zaman heç bir ölkənin ərazi bütövlüyünü pozmadığına görə və heç bir ölkəyə qarşı aqressiv müharibə aparmadığına görə belə müqayisə yersizdir”, – XİN rəsmisinin açıqlamasında belə deyilir.
Ayxan Hacızadə Medinskiyə dövlətlərarası münasibətlərə xələl gətirməmək üçün onun səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı səhv və etibarsız bəyanatlar verməkdən çəkinməyi də tövsiyə edib.
Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb.
2020-ci ilin sentyabrında isə uzunmüddətli atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.
Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.
Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.
O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.
Həmin il oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.
Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib.
Çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.
2025-ci ilin martında tərəflər sülh istiqamətində razılığa gəldiklərini bildirsələr də, hələlik tərəflər arasında sülh müqaviləsi bağlanmayıb.