Müxalifət baş verənlərə görə hərbi lider Mamadi Dumbuyanı qınayır
Qvineyada futbol matçı zamanı polislə toqquşma nəticəsində ən azı 56 nəfərin öldüyü bildirilir.
İğtişaşlar Nzerekore şəhərində “Nzerekore” və “Labe” komandaları arasında keçirilən final matçında baş verib.
Azarkeşlərin mübahisəli hesab etdiyi yerli komandanın qapısına penalti təyin edilib.
Bundan sonra tamaşaçılar meydançaya qaçaraq daş atmağa, hakimə etiraz etməyə başlayıblar.
Nəticədə stadionda çaxnaşma yaranıb və polis gözyaşardıcı qazdan istifadə edib.
Bu, 2021-ci ildə çevrilişlə hakimiyyətə gələn ölkənin hərbi lideri Mamadi Dumbuyanın şərəfinə təşkil edilən turnirin final oyunu olub.
Qvineya hərbi xuntasının liderinin şərəfinə ölkənin müxtəlif yerlərində oxşar futbol turnirlərinin təşkil edildiyi deyilir.
Müxalifət bunun qarşıdan gələn seçkilər ərəfəsində Dumbuyanı dəstəkləmək üçün edildiyini bildirib.
Müxalif Dəyişiklik və Demokratiya üçün Milli Alyans qrupu futbol matçında baş verənlərə görə hakimiyyətin “əhəmiyyətli məsuliyyət” daşıdığını bildirib.
Ölkənin Baş naziri Amadu Uri Ba bildirib ki, izdiham nəticəsində onlarla insan ölüb.
“Əhali arasında sakitliyi bərpa etmək üçün əlimizdən gələni edirik, vəziyyəti izləyirik. Qurbanlara ilk tibbi yardım göstərən xəstəxana xidmətlərinə mane olmamaq üçün sakitliyə riayət edilməsini xahiş edirik”, – Baş nazir bildirib.