Quzanlıda: Sakinlər işsizlikdən, susuzluqdan gileylidir

“Direktor boş yerləri müqavilə yolu ilə hansısa müəllimə 300-400 manata satır”

Source:
Quzanlı
Quzanlı



Direktor boş yerləri müqavilə yolu ilə hansısa müəllimə 300-400 manata satır”

“İnsanlar iş tapıb, işləyə bilmir ki, ailəsini dolandırsın”.

Ağdam rayonunun Quzanlı kəndinin sakinləri belə deyir. Onların əsas qayğısı, şikayəti elə işsizlikdir.

Ağdam rayonu 1993-cü ildə işğal olunduqdan sonra rayonun əsas strukturları Quzanlı qəsəbəsində yerləşdirildi. Bir sözlə, bir zamanlar Ağdam şəhərinin mərkəzindən xeyli aralıda yerləşən Quzanlı kəndi indi əsas mərkəzə çevrilib.

Susuzluq məhsula ziyan vurur

İşsizlik ucbatından əkin-biçinə güc verən əhali burada da texniki su problemi ilə üz-üzədir. Onların dediyinə görə, əkin üçün nəzərdə tutulan texniki sular suvarmaya bəs etmir. İnsanlar əkin sahələrini suvarıb, yaxşı məhsul götürə bilmir.

Rayon sakini Elman Vəliyev deyir ki, bu, azmış kimi, içməli su da tapılmır:

“İçməli su məsələsi də ciddi problemdir. Əksər bulaqlar və su mənbələri demək olar ki, quruyub. Onlardan elektrik su motorları sayəsində su əldə olunur. Quyu artezianlardan çıxan cod su isə içməyə yararlı deyil”.

Yerli camaat bununla bağlı Ağdam Rayon İcra Hakimiyyətinə müraciət edib:

“Bizə deyirlər ki, guya quyu vurmaq üçün qurğular yoxdur və texniki vəsait çox baha başa gəlir. İkinci bir bəhanə isə odur ki, bu ərazidə guya su qurtarıb. Quzanlının ərazisindən keçən Xaçınçay ermənilərin əlində olduğuna görə yeraltı sular qidalana bilmir. Buna görə də hətta artezian vurulsa da, su çıxmayacaq. Yəni dərdimizə çarə tapmaq istəmirlər”, – Hikmət Mirzəyev gileylənir.

Direktorlar boş yerləri gizlədir

“Guya işləyənlər nə qədər qazanır ki? Müəllimlərin də vəziyyəti o qədər yaxşı deyil. Sadəcə işsizliyin ucbatından keç kim öz problemini açıb-ağarda bilmir” – adının açıqlanmasını istəməyən müəllimə deyir. O da əlavə qazanc üçün əkin-biçinə maraq göstərir.

Müəllimə rayonda təhsilin vəziyyətindən də narazıdır:

“Bu gün müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada aparılır. Dövlət İmtahan Mərkəzi (DİM), yaxud Təhsil Nazirliyi bunları yenidən imtahan edərək, işə götürür. Müəllimlərə 60 sual təqdim edilir. Bölgələr üçün keçid 48 baldır. Diaqnostik imtahandan az bal toplayan müəllimlər pedaqoji fəaliyyətini davam etdirir. Yüksək bal toplayanlar isə kənarda qalır. Çünki direktorların çoxu boş yerləri gizlədir. Ona görə də 48 baldan artığını toplayan adam belə işlə təmin olunmayıb, kənarda qalır. Yəni bunun oxuduğu 4-5 illik əziyyəti havayı gedir. Direktor boş yerləri müqavilə yolu ilə hansısa müəllimə 300-400 manata satır”.

Müəllimə deyir ki, əgər Təhsil Nazirliyi dediklərinin həqiqət olduğuna əmin olmaq istəyirsə, Ağdama komissiya göndərsin. Rayon Təhsil Şöbəsindən isə anonim ittihamları cavablandırmaq istəməyiblər.

Xəstəxanada vəziyyət

“Ağdam Rayon Mərkəzi Xəstəxanasında travmatoloq yoxdur. Kiminsə qolu, ya ayağı sınanda, başqa rayona, Bərdəyə, yaxud da Bakıya aparılır” -Taleh Vəliyev belə deyir:

“Rayon olduğuna görə yaxşı həkimlər buradan qaçır. Bəzi həkimlər Rayon İcra Hakimyyəti tərəfindən də müəyyən təzyiqlərlə üzləşirlər. Xidmətin keyfiyyəti çox aşağıdır. Bəzən olur ki, xəstəxanada adi, sarğı və ya pambıq belə tapılmır. Sanitariya-gigiyena da yaxşı durumda deyil. Heydər Əliyev prospektində yerləşən xəstəxananın yaxınlığında kanalizasiya xətti ağzı açıq vəziyyətdədir. Heyvan kəsilən zaman bütün çöküntü, həmçinin ətraf mağazaların zir-zibili ora axır”.

Yerli camaatın digər narazılığı da bəzi yolların hələ də bərbad vəziyyətdə olması ilə bağlıdır. Magistral yol asfaltlanmış olsa da, digər yollar acınacaqlı durumdadır. Xüsusən də qış aylarında bu yollardan istifadə xeyli çətinləşir.

Ağdam RİH başçısının müavini Ağa Zeynalov Meydan TV-yə açıqlamasında “Rayona yeni başçı təyin olunub.

Qəsəbənin bütün problemləri öyrənilib və aidiyyatı üzrə rəsmi müraciət edilib. Yaxın zamanlarda əhali hər bir şeylə təmin olunacaq, narahatlığa əsas yoxdur,” – deyib.

2018-cil il avqustun 28-də prezident İlham Əliyevin sərəncamı ilə Vaqif Həsənov Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Bundan öncə Ağdamın icra başçısı Raqub Məmmədov olub.

Ana səhifəBölgəQuzanlıda: Sakinlər işsizlikdən, susuzluqdan gileylidir