Təcili Tibbi Yardımın müdaxiləsindən sonra onun durumu nisbətən düzəlib
İctimai fəal Qiyas İbrahimov haqqında iyunun 22-də və 24-də çıxarılmış həbs qərarlarından verilən apelyasiya şikayətlərinə baxılıb. Üç gündür quru aclıq aksiyası keçirən, su və qida qəbulundan imtina edən Qiyas İbrahimov iyunun 25-də Bakı Apelyasiya Məhkəməsinə gətirilərkən yolda vəziyyəti kəskin pisləşib. O, huşunu itirib. Bakı Apelyasiya Məhkəməsinin binasında Təcili Tibbi Yardımın müdaxiləsindən sonra onun durumu nisbətən düzəlib və o, məhkəmə zalına gətirilib.
Qiyas İbrahimova öncə iyunun 22-də İnzibati Xətalar Məcəlləsinin (İXM) 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsilə 30 sutka inzibati həbs cəzası verilib. Daha sonra iyunun 24-də İXM-in 388-1.1.1 (internet resursuna qadağan olunmuş məlumatların yerləşdirilməsi) maddəsilə daha 30 sutka inzibati həbs cəzası kəsilib. Beləliklə, ümumi cəza 32 günə qalxıb.
Bu qərarlardan verilmiş apelyasiya şikayətlərinə ayrı-ayrılıqda baxılıb. Şikayətlərdən biri üzrə məhkəmə prosesinə hakim Ziya Şirinov, digərinə isə Emin Mehdiyev sədrlik edib. Məhkəmə iclaslarına Qiyas İbrahimovun anası Şura Əmiraslanovadan başqa heç kimi buraxmayıblar.
Şura Əmiaslanova oğlunun huşunun itirdiyini öyrənəndə isə onun da vəziyyəti pisləşib. O, məhkəmənin dəlizində “İlham Əliyev oğlumu öldürür…” deyə qışqırıb.
Qiyas İbrahimova məhkəmədə tibbi yardım göstərilməsi təxminən bir saata yaxın çəkib. Sonradan o, məhkəmə zalına gətirilsə də, səhhətindəki problemlərlə əlaqədar hakimlərin verdiyi sualları cavablandıra bilməyib.
Hər iki məhkəmə prosesində apelyasiya şikayətləri təmin olunmayıb – istər Ziya Şirinov, istərsə də Emin Mehdiyev ictimai fəal haqqında Nizami Rayon Məhkəməsində çıxarılmış həbs qərarlarını qüvvədə saxlayıb.
Məhkəmədən sonra Şura Əmiraslanova inzibati qaydada həbs olunnanların saxlandığı, Binəqədidə yerləşən təcridxanaya yollanıb. O, oğlu ilə görüş və onun müalicə müəssisəsinə köçürülməsini tələb edib. Anası deyir ki, Qiyas İbrahimovun vəziyyəti ağırdır: “Ağzı qıcolmadan kilidlənib, danışa bilmirdi…”.
İnzibati Həbs Olunanların Saxlanılma Mərkəzinin rəisinin iş yerində olmadığı əsas gətirilərək, Şura Əmiraslanovanı Qiyas İbrahimovla görüşə buraxmayıblar. Onun sözlərinə görə, deyilib ki, iyunun 26-da saat 12.00-də oğlu ilə görüşə biləcək. Həmçinin Qiyas İbrahimovun vəziyyətinin nisbətən yaxşı olduğu bildirilib.
Qiyas İbrahimov 2016-cı ildə digər gənc fəal Bayram Məmmədovla birlikdə mərhum prezident Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək!” yazandan sonra narkotik ittihamıyla həbs olunmuş, onların hər birinə 10 il həbs cəzası kəsilmişdi. Təxminən 3 il sonra onlar əfv sərəncamıyla azadlığa buraxıldılar. “Amnesty İnternational” onları “vicdan məhbusu” elan etmişdi.