Qul sevgisi

Bu ləyaqət gilyotininin ağzından salamat çıxmaq

Source:

Təxminən 13-14 il əvvəl idi. Tələbə idim, ya iki, ya da üçüncü kursda oxuyurdum. Bir gecə Bakıdan Sumqayıta qayıdırdım. Oxuduğum şəhərdən yaşadığım şəhərə. Bu həyatı yüzlərlə, minlərlə insan yaşayır bu iki şəhərin arasında. Tələbələr, ofis işçiləri, fəhlələr…

Mən ona görə gecə qayıdırdım ki, ixtisasım teatr idi. Tamaşalar axşam saat 7-də başlayır, 10-da bitirdi. Sonra mən mərkəzdən 20 Yanvara gəlir, orda da gec olduğundan bəzən yarım, bəzən bir saat avtobus gözləyirdim. Özüm kimi iki şəhər arasında qalmış yüzlərlə insanla birlikdə…

Həmin gecə avtobusdan düşüb, evə gedəndə, arxamca bir adamın gəldiyini hiss elədim. Qətiyyətli addım səsləri məhz məni izləyirdi. Küçələr, yollar qaranlıq, hələ evə qədər xeyli yol, özüm qorxaq, arxamca gələn addımlar isə durmadan yaxınlaşır, aramızdakı məsafə qısalırdı. Ürəyimin döyüntüsü artır, onsuz da aclıqdan qaralan gözlərim bir az da qaralır, az qalırdım qorxudan yerə sərilim…

Addımlar düz mənə çatıb, yavaşladı. Bir kişi səsi mənə salam verdi. Çevrilib baxmadım, onsuz da qaranlıqda nə görəcəkdim? Cavab da vermədim. Kişi səsi dedi ki, avtobusda mənimlə bir yerdə gəlib, xoşuna gəlmişəm və indi tanış olmaq istəyir. Cavab vermədim. Addımlarımı yeyinlətdim. O da sürətini artırdı.

Oğlan yenə nələrsə danışdı. Adımı soruşdu. Demədim. Öz adını dedi. Sumqayıtda yaşadığını, heç bir pis fikri olmadığını dedi. Daha nələrsə danışdı. Yadımda deyil.

Birtəhər evə çatdım. Alaqapıdan güllə kimi girib, pilləkənləri birnəfəsə qalxdım. Təhlükə sovuşmuşdu. Əgər təhlükə vardısa…

Səhər dərsə gedəndə, düz binanın yanında bir oğlanın dayandığını gördüm. Təxmin etdim ki, elə axşamkı adamdır. Arıq, balacaboy, kürən, üzü, qolları günəşdən yanıb qaralmış, balaca göy gözləri, əyri qolları, əyri ayaqları, arıq, kələ-kötür barmaqları vardı. Oğlan o qədər çirkin, fağır, əzik görünürdü ki, ürəyim sıxıldı. Başqa cür başa düşməyin. Özüm də işıqfor kimi işıq saçmıram. Özüm də balacaboy, əyrimçə, boynubükük, uzunburun, allahın şümallıq, qamət, gözəllik adına hər şeyi əsirgədiyi birinin olduğumu hamıdan yaxşı bilirəm. Oğlanın görünüşünün də ürəyimi sıxmağı elə bu səbəbə görə idi: o mənə öz balacalığımı, çirkinliyimi xatırladırdı…

Həmin oğlan düz 6-7 ay arxamca gəldi. Heç bir ümid verməsəm də, bircə dəfə danışdırmasam da, bezmədi, yorulmadı. Səhər Sumqayıtdakı, axşam Bakıdakı dayanacaqda gözləyir, yolu mənimlə bir gəlir, danışır, öz-özünə zarafat edir, öz-özünə planlar qurur, elçi göndərəcəyini deyir, mənimlə evlənmək istəyində ciddi olduğunu vurğulayır, öz aləmində məni xoşbəxt gələcəyimizə inandırmağa çalışırdı. Vallah, danışığından, mərifətindən, abırlı, təmkinli davranışından hiss olunurdu ki, çox yaxşı oğlandır. Öz-özünə elədiyi söhbətlərdən başa düşmüşdüm ki, atadan yetimdir, bacısı-qardaşı yoxdur, bir anası, bir özüdür, kasıb oğlandır, amma özlərinin evi var, anası mülayimdir, gəlinini qızı kimi sevəcək, özü də ev adamıdır, gözü orda-burda deyil və daha nələr…

Amma nə edim ki, oğlana zərrə qədər olsun, qanım qaynamır, az da olsun, xoşuma gəlmirdi. Ona görə də, bir gün ləçərliyimə saldım, dedim bütün yaxşı cəhətlərini də götürüb, cəhənnəm olsun həyatımdan, yolumun üstündən və s.

Qürurlu oğlanmış. Ondan sonra bir daha görmədim onu. Nə dayanacaqda, nə avtobusda, nə şəhərdə. Yoxa çıxdı elə bil. Mən də sanki bu adam heç yoxmuş kimi unutdum onu.

Aradan bir neçə il keçdi. Beş il, ya yeddi il. Yadımda deyil. Onu bilirəm ki, həyat artıq özünün bir neçə sifətini göstərmişdi mənə. Onunla öz çapımda bir-iki davadan çıxmışdım. Özümün, ailəmin ən kasıb, yoxsul illəri geridə qalmışdı. Yaxşı iş, gözəl, maraqlı dostlar tapmışdım, həyatım o ölkədə nə qədər mümkünsə, o qədər maraqlı, dolu keçirdi. Özümə inanmağa başlamışdım, inanırdım ki, həyatda uğur qazanacam, öz ayaqlarım üstündə möhkəm dayanacam. İşimə, özümə, gələcəyimə, dostlarıma inanırdım və bu inam mənə güc, ümid verirdi.

Bu güclü, ümidli günlərin birində taksi ilə “3-ün kruqu” adlanan yerdən keçirdim. Yol tıxac olduğundan, maşın çox ləng gedirdi. Buna görə də, pəncərədən yola tamaşa eləməyə xeyli vaxtım vardı. O yerdə həmişə 20-30 nəfərdən ibarət, günəmuzd işləməyə hazır bir dəstə dayanırdı. Tədbirli, sinik insanlarımız bu yerə və adamlara “sərrast” bir ad tapmışdılar: “Qul bazarı”…

Bu “qul bazarı” adlanan yerin yanından çox ləng keçəndə, gözüm günəşdən qaralmış, əyin-başları nimdaş, özləri, üzləri yorğun, gözlərinin dibinə kədər, ümidsizlik, yorğunluq, kin çökmüş cavan, ortayaşlı, qoca kişilərə sataşdı. Onlardan kimi alətlərini büküb, üstündə oturmuş, kimi gözünü ümidlə ötən maşınlara zilləmiş, kimi siqaret sümürür, kimi içi alət dolu torbasının boğazından bərk-bərk yapışıb, durmuşdu. Qəfildən aralarından birini gözüm aldı. Bu cavan, kürən, arıq, əyri, yorğun və olduqca kasıb oğlan mənə çox, çox tanış gəldi…

Hə, o idi. Illər əvvəl məni sevən, evlənmək istəyən, arxamca aylar uzunu gələn, bir dəfə acı sözümü eşidib, ondan sonra qüruruna yaraşdırmayan, yoxa çıxan həmin oğlan. O “qul bazarı”nda dayanıb, müştəri gözləyirdi. Onu bir gün həyətində, bağında işlədəcək, günəmuzd haqq verəcək varlı soydaşını…

İllər əvvəl məni sevən oğlanı “qul bazarı”nda görməyim mənə necə təsir elədi? Hiss elədiyim mərhəmət deyildi. Nostalji deyildi. Kədər və ya təəccüb də deyildi. Bu, sözün əsl mənasında dəhşət idi. Mən dəhşətə gəlmişdim. İllər boyu varlığından xəbərdar olduğum, bəzən gördüyüm “qul bazarı”nda yaxınım olmasa da, ailə üzvüm, dostum, sevdiyim olmasa da, necəsə tanış olduğum, necəsə əlaqəm olan bir adamı görməyim məni sarsıtmışdı. Həm dəhşətə gəlirdim, həm də özümdən zəhləm gedirdi.

Ona görə yox ki, mən çirkin, kasıb bir oğlanı sevə bilməmişdim. Bu normal idi, mənim onu sevməyim mümkün deyildi. Ətrafımda o qədər maraqlı, iddialı, yaraşıqlı kişi varkən, dünyanın ən rəhmdil qadını da olsam, sevə bilməzdim o oğlanı.

Məni heç bu da narahat etmirdi ki, indi “qul bazarında” dayanan bir oğlan bir vaxtlar mənimlə evlənmək istəyirdi. Niyə narahat etməli idi ki, guya özüm kim idim ki? Bakı ilə Sumqayıtın arasında qalan kasıb tələbə, fağır bir ailənin qızı. Bu da normal idi.

Özümdən başqa şeyə görə zəhləm gedirdi: İndiyə qədər, bu dəhşətli yerdə özümə necəsə dəxli olan bir adamı görməyənə qədər, buranın, bu “qul bazarı” adlanan yerin insan qüruru, layaqəti, heysiyyəti üçün necə alçaldıcı, yaralayıcı bir yer olduğunu anlaya bilməmişdim. Mən necə də sadəlövh, dayaz, dünyadan, ölkədən xəbəri olmayan biri imişəm?!

Dəhşətlə düşünürdüm ki, İlahi, hələ mən bu oğlanı sevib-eləməmişdim. Heç bir hissim yox idi ona qarşı. Yoxa çıxanda elə yaddan çıxartmışdım ki, onu, heç elə bil, belə adam olmamışdı. Amma onu sevmədiyim halda bu görüntü mənə bu qədər dəhşətli təsir etmişdisə, bəs görəsən, ərləri, sevgililəri, qardaşlarını, oğullarını “qul bazarlarına” yola salan qadınlar nə hiss edir? Ataları səhər “qul bazarlarına” yola düşən uşaqlar nələr yaşayır? Onlar necə də alçalır, necə də təhqir olunur, necə əzilirlər. Qohum bilir, qonşu bilir, uzaq-yaxın kim var, bilir. Gəl, indi bu səfaləti, bu kasıblığı, əzikliyi ört-basdır eləməyə cəhd göstər hansısa paltarla, ayaqqabı ilə…Heç nə, heç nə bu ləyaqət gilyotininin ağzından salamat çıxmağa kömək edə bilməz. Heç nə…

Aradan yenə illər keçib. Hər dəfə küçədə, yolda, hansısa tədbirdə arıq, balacaboy, kürən, ayaqları, əlləri əyri oğlan görəndə sarsılıram. Dəhşətə gəlirəm. Əzik, fağır, yoxsul insanların görünüşü mənə olmazın əzab verir. Onlar məni heç nədən həzz almağa qoymur. Insan bədbəxtliyi, hər hansı insanın mənə görünən bədbəxtliyi həyatımın bütün fərəhini, həvəsini əlimdən alır. Bu bədbəxtlik nəyisə, hansı sevincisə tam yaşamağa imkan vermir. Mən sevdiyim insanların, doğmalarımın yanında da xoşbəxt ola bilmirəm. Əksinə, sevdiklərimin, doğmalarımın ümumiyyətlə, olması mənə əzab verir. Onların yanımda olmağı bir cür, olmamağı başqa cür əzab verir.

Bəlkə də bu cür emosional olmaq, belə ağrıları etiraf etmək olmaz. Bəlkə bu ifrat kövrəklik, bəlkə də tərbiyəsizlikdi. Bu qədər intim, bu qədər öz bir şeyi kiminlə bölüşürsən axı, niyə bölüşürsən, nə ümidlə bölüşürsən, deyərlər adama? Haqlıdırlar. Haqlısınız. Amma nə etməli ki, bu əzabı nə ədəbiyyata çevirməyə gücüm, nə də öz içimdə, gizlin yaşamağa xarakterim çatmır…

Ey gözəl insanlar, siz necə də xoşbəxtsiniz?! Paltardan, yeməkdən, şopinqdən, gül-çiçəkdən, yağışdan, ailədən, sevgidən, oğul-uşaqdan, Avropa Oyunlarından, səyahətdən….bir sözlə, allah verəndən doya-doya yaşayıb, xoşbəxt olursunuz, Ulu Hürmüz sizin köməyiniz olsun! Nə olar, salın məni öz FM-nizə, öz dalğanıza, kömək edin. Mənə öz müdriklik xəzinənizi açın, laqeyd, soyuq, qəddar, sinik, bir sözlə, xoşbəxt olmağı öyrədin…

Siz necə də müdriksiniz…


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Meydan.Tv-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəXəbərlərQul sevgisi