Qubanın baxımsız yolları kəndliləri qazancsız qoyur

Foto: Meydan TV

“Kəndlər baxımsız qaldığından insanlar daha yaxşı şərait ümidi ilə iri şəhərlərə, paytaxtda üz tuturlar”

Qubanın turizm üçün əlverişli kəndlərinə gedən yol keçilməz vəziyyətdədir. Son bir neçə aydır intensiv yağan yağışlar nəticəsində onsuz da uzun illərdir təmir olunmayan Alıc-Digah, Ərməki kəndinin yolları tamamilə dağılıb.

Yerli sakinlərdən Murad Əhmədov Meydan TV-yə danışır ki, yolların təmiri üçün ara-sıra mətbuata müraciət edirlər, sosial şəbəkələrdə yazırlar. Elə mətbuat vasitəsilə də yolların tezliklə təmir olunacağını öyrənirlər. Lakin aylar bir-birini əvəz edir, yolların bərpası yada düşmür. Halbuki kəndlər gözəl təbiəti ilə turizm cəlb edə bilir, yollar təmirli olarsa, ilin bütün fəsillərində turist gələr.

Kəndlər Qubanın mərkəzindən çox da uzaqda yerləşmir. Sakinlər deyirlər ki, yağışlı havalar daşlı-torpaqlı kənd yollarını keçilməz edir. Əvvəllər payız-qış aylarında əziyyət çəkirdilərsə, indi bütün ili gediş-gəliş çətinləşib.

Foto: Meydan TV

Ərməki kəndinə gedən yolda istirahət mərkəzləri var, Murad Əhmədov deyir ki, həmin mərkəzlərə gedən yol asfaltlanıb. Digər yollar isə baxımsız qalıb. Halbuki turist axını yerli əhalinin də vəziyyətinə təsir edə, bir tərəfdən də, kəndin şəraitini yaxşılaşdıra bilər.

Kəndlilər bildiriblər ki, bərbad vəziyyətdə olan yol 10 kilometrdən çox deyil:

“Təkcə yollar deyil, kəndlərin problemi çoxdur. Kəndlərin yenilənməsinə ehtiyac var, kəndlər baxımsız qaldığından insanlar daha yaxşı şərait ümidi ilə iri şəhərlərə, paytaxtda üz tuturlar”.

Hər üç kənd Amsar bələdiyyəsinin inzibati ərazisinə daxildir. Bələdiyyə sədri Həsən Seyidov Meydan TV-yə bildirib ki, yolların təmiri 2023-cü ilin proqramına daxil edilib, lakin vəsait olmadığından yubanıb. Deyib ki, yolların vəziyyətindən rayon rəhbərliyinin xəbəri var, rəhbərlik tərəfindən də aidiyyatı orqanlara müraciət edilib.

Ana səhifəBölgəQubanın baxımsız yolları kəndliləri qazancsız qoyur