İqtisadçının özü də prosesə gətirilib
Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) həbsdə olan sədri, iqtisadçı professor Qubad İbadoğlu saxlanılan gün onun adına olan, lakin xaricdə yaşadığına görə iki ildir istifadə etmədiyi mənzildə aparılan axtarışın qanunsuz sayılması üçün məhkəməyə müraciət etmişdi. Həmin əmlakdan ofis kimi istifadə olunurdu.
Lakin Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlunun bu şikayətini təmin etməmiş, axtarışı qanuni və əsaslı saymışdı. Bu qərardan narazı qalan vəkillərin verdiyi apelyasiya şikayətinə avqustun 21-də Bakı Apelyasiya Məhkəməsində baxılıb.
Məhkəmədə ADR sədri özü də iştirak edib. Onun özü də, vəkili də axtarışın qanunsuz olduğunu bu məhkəmədə də vurğulayıb. Deyiblər ki, axtarış məhkəmə qərarı olmadan aparılıb. Halbuki, təxirəsalınmaz hal yox idi və məhkəmədən qərar alıb, sonra axtarış aparmaq mümkün idi.
Qubad İbadoğlu axtarış zamanı oradan tapıldığı və bir hissəsinin saxta olduğu iddia edilən 40 min dollar pulun da ona aidiyyəti olmadığını vurğulayıb. O bildirib ki, həbsi də, o axtarış da öncədən planlaşdırılmış əməliyyatın tərkib hissəsi olub. Bu məqsədlə o mənzilə əvvəldən gizli şəkildə daxil olub, ora həmin pulları yerləşdiriblər. Ona görə də axtarış aparanlar otaqdakı seyf qala-qala birbaşa kitabların üstünə gedib, “pulları tapıblar”.
Məhkəmədə iştirak edən müstəntiq isə göstərilən arqumentlərin əsassız olduğunu bildirib.
Apelyasiya məhkəməsi də şikayəti təmin etməyib. Nərimanov Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Qubad İbadoğlu iyulun 23-də saxlanılıb, ertəsi gün Nərimanov rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.
Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
ADR sədri daha dörd nəfərlə əlbirlikdə ittiham olunur. Onların adları ilk dəfə iyulun 23-də Türkiyə mediasında açıqlanmışdı. FETÖ (Fətullah Gülən Terror Örgütü) ilə əlaqəli şəxslər kimi təqdim olunan bu dörd nəfərə qarşı da Qubad İbadoğlu ilə eyni – Cinayət Məcəlləsinin 204.3.1 maddəsi ilə ittiham irəli sürülüb.
Sözügedən dörd nəfər Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan Əliyev və Anar Əliyevdir.
Qubad İbadoğlu saxlandıqdan sonra yayılan məlumatlarda iddia olunurdu ki, Anar Əliyev ifadəsində onun adını çəkib. Amma Qubad İbadoğlu ümumiyyətlə, bu şəxsi tanımadığını deyib.
Qubad İbadoğlunun ofisində, mənzilində, bağ evində axtarışlar aparılıb. Ofisdən 40 min dollar pul tapıldığı, onun bir hissəsinin saxta olduğu iddia olunur.
Lakin ADR sədri bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur.
Qubad İbadoğlu axtarışdan sonra məkandan çıxarılıb aparılarkən siyasi sifarişlə həbs olunduğunu bildirib.
Bundan başqa, avqustun 6-da Türkiyədə yaşayan və orada universitetdə işləyən azərbaycanlı alim Fazil Qasımov saxlanılaraq, Azərbaycana gətirilib. Avqustun 8-də Nərimanov rayon Məhkəməsinin qərarıyla onun haqqında həbs qətimkan tədbiri seçilib. Ona qarşı da eyni maddə ilə ittiham irəli sürülüb.