Qubad İbadoğlunun qızı Jalə Bayramova Meydan TV-yə deyib ki, atasını ofisdən çıxaranda üzünə qara pərdə salmışdılar ki, heç kəs üzünü çəkə bilməsin.
“Atam jurnalistlərə bildirdi ki, “Bu, İlham Əliyevin sifarişidir!””.
O, atasının yenidən Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (“Bandotdel”) aparıldığını bildirib.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun saxlanılması ilə bağlı məlumat yayıb. Bildirilir ki, Türkiyə Respublikasının Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkədə FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirilib.
Tədbirlərlə saxlanılan 5 nəfərdən biri Q.İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib.
Həmin ifadə əsasında Q.İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanıb və Q.İbadoğlu saxlanılıb. Hazırda tədbirlər davam etdirilir.
Qubad İbadoğlunun qızı Jalə Bayramovanın yazdığına görə, ofisdən güya 40 min dollar pul çıxarıblar:
“Onun saxta və ya gerçək olduğu bilinmir. Təbii ki, polislər pulu özləri yerləşdiriblər”.
“Atam xəstədi, dərmanlarını soruşur və dərmanlarına ehtiyacı var. Saat 1-2dən bəri saxlanılıb, dərmanlarını ata bilməyib. Biz ondan çox narahatıq”,-deyə Bayramova əlavə edib.
ADR İdarə Heyəti Qubad İbadoğlunun saxlanılması ilə bağlı bəyanat yayıb.
Bəyanatda qeyd olunur ki, konkret səbəb göstərilməsə də, Qubad İbadoğunun saxlanılması ictimai-siyasi fəaliyyəti ilə baglıdır:
“Hakimiyyətin “Siyasi partiyalar haqqında” qəbul etdiyi yeni mürtəce qanunu, eyni zamanda, Qubad İbadoğlunun siyasi və iqtisadi siyasəti əsaslı şəkildə tənqid etməsi həmişəonu hədəfə gətirib. İyunun 27-də Londonda İngiltərə və Uelsin Xeyriyyə Komissiyasında qeydiyyatdan keçən “Azərbaycan Gənclərinin Təhsil Fondu” (AGTF) -nin fəaliyyətə başlaması ilə də hakimiyyət təmsilçilərinin hədəfinə çevrilib. Elə bu səbəblə də son günlər Qubad İbadoğlu haqqında hakimiyyət təmsilçiləri tərəfindən qarayaxma kampaniyasına start verilib”.
Bəyanatda baş verənlər rejimin qanunsuz əməllərinin mərkəzləşdirilmiş qaydada və planlı şəkildə icra olunduğuna ciddi əsas yatmaqla yanaşı ölkənin imicinin beynəlxalq səviyyədə tənqid olunmasına rəvac verəcək bir addım kimi qiymətləndirilir.
ADR İdarə Heyəti hakimiyyətin bu davranışını siyasi opponentləribə qarşi repressiya kimi dəyərləndirir və Qubad İbadoğlunun dərhal azad edilməsini tələb edir.
DİN-in mətbuat xidmətinin əməkdaşı Anar Qafarov Meydan TV-yə deyib ki, Q.İbadoğlunun həyat yoldaşı saxlanılmayıb, iddialar əsassızdır.
Qubad İbadoğlunun qardaşı Qalib Toğrul Meydan TV-yə bildirib ki, qardaşına qarşı Anar Əliyev adlı şəxs ifadə yazıb, guya ona saxta dollar verib, sonra ifadəsini dəyişib:
“Mənə də bu haqda vəkil Zibeydə Sadıqova söylədi, hələ araşdırma gedir, daha dəqiqi bundan sonra bilinəcək”.
Ellada Məmmədovanın sözlərinə görə, Qubad İbadoğluna qarşı cinayət işi açıblar:
“Bu barədə mənə qardaşı Qalib Toğrul dedi. Hazırda Qubad bəyi ofisə aparırlar, orda axtarış aparılacaq. Xanımın iştirakıyla da mənzilində axtarış aparılacaq”.
Qubad İbadoğlunun ofisində axtarış aparılır. Bu barədə sosial şəbəkələrdə yayılan məlumatı Ellada Məmmədova təsdiqləyib.
E.Məmmədova Q.İbadoğlunun qardaşının hadisə yerində olduğunu da söylədi.
İqtisadçı Sumqayıta gedərkən saxlanılıb
Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı Qubad İbadoğlunun Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (“Bandotdel”) aparıldığı bildirilir.
Bu barədə Qubad İbadoğlunun qızı Jalə Bayramova məlumat yayıb. Jalə Bayramova atasının Sumqayıta gənclərlə görüşə gedərkən saxlanıldığını deyib.
Jalə Bayramovanın sözlərinə görə, Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində atasından ofisin açarını istəyirlər:
“Güman ki, Xoyski 111a, mənzil 23-də yerləşən ofisə nəsə atmaq məqsədi güdülür”.
Partiyanın İdarə Heyətinin üzvü Ellada Məmmədova xəbəri təsdiqləyib.
E.Məmmədova Q.İbadoğlunun saat 1-2 radələrində Novxanı-Sumqayıt yolunda həyat yoldaşı ilə birgə saxlanıldığını bildirib.
Onun sözlərinə görə, vəkil Zibeydə Sadıqovaya bu barədə məlumat verilib:
“Ancaq Qubad bəyin qardaşları Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getsələr də, onlara deyiblər ki, orada yoxdur”.
DİN-in mətbuat xidmətinin əməkdaşı Anar Qafarov Meydan TV-yə bildirib ki, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu daxil olmuş müraciətlə əlaqədar vəkili Zibeydə Sadıqova ilə birgə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib:
“Araşdırma aparılır, əlavə məlumat veriləcəkdir”.
———-——————————————————————-
Qubad İbadoğlu Cinayət Məcəlləsinin 204.1-ci maddəsi (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) ilə şübhəli şəxs qismində saxlanılıb. Bu maddə ilə 7 ilədək cəza tələb olunur.