Qubad İbadoğlu: Sizcə, bu ölkəni kim idarə edir?

Atəşkəsin imzalandığı 1994-cü ildən 2019-cu ilə qədər Azərbaycanın müdafiə büdcəsi 26 milyard dollar olub.

Source: meydan tv


''Nazirlər Kabinetinin müşavirısi ən geci 15 gün əvvəl keçirilməli idi''


Demokratiya və Rifah Hərəkatıının sədri, iqtisadçı Qubad İbadoğlu ilə Azərbaycan iqtisadiyyatının mövcud durumu və gözləntilər barədə suallara aydınlıq gətirməyə çalışdıq.



Qubad bəy, prezident bir ay əvvəl sentyabrdan maaşların və pensiyaların artırılması haqda sərəncam imzalayıb. Sual yaradan məqam qərarın icrasının niyə sentyabrdan başlanması ilə bağlıdır. Bu mənada payızda Azərbaycan iqtisadiyyatını nələr gözləyir?

– Əvvəla, artımlar büdcədən əlavə maliyyə tələb edir. Bu, büdcə yükünü azaltmaq üçün əvvəlcədən artımları 12 ay dövrdə yox, ilin başa çatmasına 3-4 ay qalanda həyata keçirirlər və nəticədə sentyabr seçildi. Çünki sentyabrda 2019-cu ilin büdcəsinin başa çatmasına 4 ay qalır. Artımların əvvəlcədən elan olunması da bir növ siyasi xarakter daşıyır, sadəcə, müəyyən sosial narazılıqları və gözləntiləri idarə etmək istəyirlər. Amma unudurlar ki, əməkhaqqı artımının bir neçə ay əvvəlcədən elan olunmasının da iqtisadi fəsadları olur. Bu fəsadları artıq görürük, mövsüm dövründə qiymətlərin bahalaşması müşahidə olunmayıb, amma son bir ayda bostan bitkiləri, kənd təsərrüfatı məhsulları və meyvənin qiyməti əvvəlki ilin eyni dövrü ilə müqayisədə bahadır.


“Gizli məşğulluq artacaq…”



Ancaq Kənd Təsərrüfatı Nazirliyi qiymət artımını mövsüm amili ilə bağlayaraq müvəqqəti sayıb və qiymətlərin enəcəyini demişdi. Necə qiymətləndirirsiniz söylənilənləri?

– Qiymətlər onsuz heç vaxt sabit olmur, azalır və artır, yəni dəyişkən olur. Amma əvvəlki illərin bütün mövsüm dövründə, iyun, iyul və avqustda kənd təsərrüfatı məhsulları ucuzlaşmaqla mövsümü başa çatdırıb. İndi baxın, iyunda qiymətlər maya nisbətən bahalaşıb, iyulda iyuna nisbətən baha olub, ola bilər ki, gələn ay iyula nisbətən qiymətlər aşağı düşsün. Ancaq mən kəskin ucuzlaşma gözləmirəm. Onsuz da sentyabrdan minimum əməkhaqqının artımı ilə əlaqədar dövriyyəyə pul kütləsi çıxacaq. Həmin pul kütləsinin böyük bir hissəsi istehlak bazarında son istehlak xərclərinin maliyyələşdirilməsinə gedir. Bu, yığıma vəsaitin getməyəcəyi deməkdir, çünki söhbət minimum əməkhaqqının artırılmasından gedir. Bu, son nəticədə banklardan kənar nağd pul kütləsinin payını artıracaq. Yeri gəlmişkən, bu gedişatda gizli iqtisadiyyatın çiçəklənməsi və digər məqsədlər üçün istifadə olunması şübhəsizdir. Xüsusilə minimum əməkhaqqının artırılmasından sonra gizli məşğulluğun yenidən genişlənməsi problem ilə qarşılaşa bilərik. Yəni son artımın ciddi fəsadlarından biri gizli iqtisadiyyatın genişlənməsinə xidmət etməkdir, çünki dövriyyədəki nağd pul kütləsini çoxaldır və onlar bankların nəzarətindən çıxır. İkinci, gizli məşğulluq artacaq, çünki birdən-birə maaşların 180 manatdan 250 manata qaldırılması işə götürənlərin xərclərinin artımını şərtləndirir. Nəzərə alın ki, işə götürənlər bunu çox müxtəlif vasitələrlə həll edirlər, bəziləri işçilərin ixtisarına çalışırlar, bəziləri isə əmək müqavilələrini saxlayırlar, qeyri-rəsmi ödəniş etmək üçün iş verirlər ki, 250 manatlıq öhdəlikdən yayına bilsinlər. 250 manat minimum maaş o deməkdir ki, Azərbaycanda dövlət və özəl sektor tamştatlı işçi üçün bu səviyyədən aşağı əməkhaqqı ödəyə bilməz. Üçüncü fəsad qiymətlərlə bağlı olacaq, sentyabrdan mövsümün qiymətlərə təsirini nəzərə alsaq bəlli olacaq ki, dövriyyədəki yeni pul kütləsi, eyni zamanda, istehlak bazarındakı inhisarlıq meylləri, qiymətlərin diktə olunması, süni qiymət artımı, gömrük əməliyyatlarında gətirilən idxal mallarının dəyərinin şişirdilməsi son nəticədə qiymətlərin ikinci və daha yüksək səviyyədə artım dalğasının ən geci oktyabrdan başlayacağını deməyə əsas verir. Qiymətlərin artımını şərtləndirən bir amil də istehlak, xüsusən qida bazarında topdan və pərakəndə satış şəbəkələrinin mövqelərinin güclənməsidir. Məsələn, son faktlardan biri kimi “Bravo”nu göstərmək olar. Bu şəbəkə kifayət qədər bazara nəzarət edərək fəaliyyətini genişləndirir, bunun özünün də fəsadları mümkündür. Söhbət yalnız qiymətlə bağlı deyil, ölkəyə ucuz malların gətirilib bir şəbəkə vasitəsilə satılması millətin sağlamlığına və genafonduna təsir edən amil kimi nəzərə alınmalıdır.



“Bravo”dan şikayətlər də az deyil, məsələn, ictimai fəal Bəxtiyar Hacıyev marketdən aldığı qidanın içindən şüşə çıxdığını deyirdi…

– Bu, o deməkdir ki, ölkədə istehlakçıların hüquqlarının qorunması nə dövlət, nə də ictimai təşkilatlar səviyyəsində düzgün qurulub. Dövlət səviyyəsində antiinhisar siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Şöbəsi fəaliyyət göstərir. Xidmət müstəqilləşsə də, təşkili ilə bağlı problemlər qalır. İctimai səviyyədə də QHT-lərin fəaliyyət imkanları məhduddur, o cümlədən Azad İstehlakçılar Cəmiyyəti əvvəlki qədər fəallıq göstərə bilmir. Eyni zamanda, istehlakçılar öz hüquqlarını yetərincə bilmirlər. Məsələn, ABŞ-da alıcı aldığı maldan xoşu gəlmirsə, qüsur varsa, çox rahatlıqla qaytarır. Amerikada Milad Bayramı ərəfəsində yolka və oyuncaqları alır, bayram bitəndən sonra aparıb qaytarır, yəni istehlakçının belə bir hüququ var. Yaxud ABŞ-da azərbaycanlılar tanıyıram ki, onların televizoru olmayıb, alandan sonra 6 ay müddətində geri qaytarmaq mümkündür. Onlar gedib yaxşı televizor alır, 6 ay tamam olmağa az qalanda gedib onu qaytarıb başqasını götürürlər, onu da 6 ay istifadə edib qaytarırlar. Amma Azərbaycanda vaxtı keçmiş ərzağı, texniki avadanlığı geri qaytarmaq ciddi problemlər yaradır. Çünki ölkədə istehlakçıların hüquqları hüquqi, ictimai və dövlət səviyyəsində təminatı çox aşağı səviyyədədir.







Hökumətin limiti qalmayıb…”



Qiymətlərin artımının daxili amilinə toxundunuz, yerli iqtisadiyyata həlledici təsir göstərən neft amili qaldı. Bu il olmasa da, gələn il neftin qiymətində gözləntiləriniz nədən ibarətdir?

– Son 20-25 ildə neftin qiyməti bu il olduğu qədər siyasi amillərin təsiri əsasında bahalaşmamışdı. İqtisadi amillər və təhlillər göstərirdi ki, bu il neftin qiyməti enəcək. Sadəcə, Venesualada, İranda və Liviyada baş verənlər son nəticədə neftin qiymətinin bahalaşmasını şərtləndirdi. Bu üç ölkədə ixraacat imkanları onların potensialı ilə müqayisədə kifayət qədər aşağı düşdü. Bunlar iqtisadi sanksiyalara görə məhdudlaşdırıcı tədbirlər nəticəsində baş verdi, təbii ki, siyasi qərar idi. Bu baxımdan neftin qiymətində ilin sonuna qədər ciddi ucuzlaşma, sabitlik gözləmirəm. Düzdür, Liviya problemi həllinə daha çox yaxındır, amma Venesuala və İran məsələsinin müzakirəsi siyasi-hərbi müstəvidə davam edir. Amma 2020-ci ildən siyasi problemlər həll olunacaq və neftin qiymətində ucuzlaşma başlaya bilər. Azərbaycanda da bu il əvvəlki illə müqayisədə neft hasilatı azalıb, həm də növbəti il də bu illə müqayisədə hasilat azalacaq. İstehsalın azalması, qiymətlərin ucuzlaşması 2020-ci ildə Azərbaycan iqtisadiyyatında ciddi çətinliklər yarada bilər. Yalnız neft gəlirlərinin az daxil olması səbəbindən yox, həm də gələn il büdcə sosial xərclərlə daha çox yüklənəcək. Məsələn, minimum maaşların 180 manatdan 250 manata, eyni zamanda, təhsil və hüquq-mühafizə orqanlarının işçilərinin əməkhaqlarının 20 faizdən 40 faizə qaldırılması büdcədən kifayət qədər vəsait tələb edir. Rəsmi məlumatlara görə, minimum əməkhaqqı və təhsil işçilərinin maaşlarının artımı 1 milyard 25 milyon manat əlavə vəsait tələb edir, bu, 4 ay üçündür. Gələn il həmin səviyyədə ödənişlər bütün ilboyu həyata keçiriləcək. Bu o deməkdir ki, həmin artmlar üçün gələn il büdcənin yükü 3 milyard 75 milyon manat olacaq. İlin sonuna qədər məhkəmə hakimiyyəti və hüquq-mühafizə orqanlarının əməkhaqlarının 40 faiz artımında büdcəyə 600 milyon manat lazımdır və bunu gələn üçün hesablayanda 1 milyard 800 milyon əlavə vəsait tələb edir. Beləliklə, 3 milyard 75 milyonu götürdükdə təxminən 5 milyard manat lazımdır. Builki büdcəylə müqayisədə 2020-ci ilin büdcəsində əməyin ödənilməsi fondunun artımına əlavə vəsaitin tələb olunacağını deməyə imkan verir.



Təxminən nə qədər?

– Bu il dövlət büdcəsində əməyin ödənilməsi və digər ödənişlər üçün nəzərdə tutulan vəsait 6,6 milyard manatdır. Növbəti ildə onun üzərinə 5 milyard gələndə təxminən 11,6 milyard edir. Sosial xərcləri artıran bir səbəb də gələn ildən icbari tibbi sığortanın tətbiqidir. Bu il üçün yalnız hazırlıq xərclərinə 260 milyon manat ayrılmışdı.



Siz gələn ildən icbari tibbi sığortanın tətbiqinə inanırsınmızmı? Məsələ ondadır ki, illərdir vədlər eşidirik…

– Əslində, hökumətin limiti qalmayıb, etməlidir. Yarımçıq olsa da, gələn ildən başlayacaqlar. Təbii ki, icbari tibbi sığortanın tətbiqinin əminliyi ilə o zaman danışa biləcəyik ki, dövlət büdcəsinin növbəti il üçün layihəsinin parametrləri açıqlanacaq. Biz layihədə hansı səhiyyə xərclərinin nəzərdə tutulduğunu onda biləcəyik, icbari tibbi sığorta da bunun tərkibində olacaq. Amma gözləntilər ondan ibarətdir ki, icbari tibbi sığortanın da tətbiqi təxminən 1 milyard manat tələb edəcək. Deməli, 11,6 milyard 12,6 milyard olacaq.





Azərbaycanın xarici borcları daha sürətlə artır”



Bəs bu vəsaitlərin mənbəyi nə ola bilər, hasilatı azalan neftin qiyməti 63 dollar civarındadırsa?

– Bu il üçün Dövlət Neft Fondundan (DNF) dövlət büdcəsinə 11.3 milyard manat transfer nəzərdə tutulub, əlavə olaraq da həm bp və SOCAR-ın ödəycəyi vəsaiti nəzərə aldıqda neftdən gələn vəsait 13.7 milyard manatdır. 25 milyardlıq büdcənin yerdə qalan 11 milyardı gömrük və vergidən, cərimələr, rüsumlar, digər ödənişlər vasitəsilə daxil olur. Ötən ilin yayında dövlət büdcəsinə transferləri müəyyənləşdirən fiskal qaydalar qəbul ediblər. Bu halda gələn il DNF-dən dövlət büdcəsinə transferlərin həcmi azalmalıdır. Yəni builki qədər nəzərdə tutulan 11.3 milyard manat səviyyəsində olmayacaq. Çox güman ki, aşağı düşəcək. Digər tərəfdən, 2018-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı hesabat göstərdi ki, SOCAR büdcəyə ödədiyindən çox vəsait götürüb. O cümlədən, “Azenerji” və “Azərsu” barədə də bunu deyə bilərik.



Niyə çox götürüblər, səbəb nədir və burda korrupsiya elementləri varmı?

– Dövlət büdcəsindən subsidiyalaşma kimi dəyərləndirmək olar. SOCAR-ın nizamnamə fondunun artırılması üçün dövlət büdcəsindən vəsait ayrıldı. Yaxud bir sıra borclar dövlət təminatıyla alınaraq icraçıya ötürülüb, borcların qaytarılmasında öhdəlikləri və məsuliyyətləri olsa da, bu borc yükünü büdcənin üzərinə qoyurlar. Amma həmin pulların istifadəsi çox səmərəsiz və korrupsiya ilə müşahidə olunub. İldən-ilə isə dövlət büdcəsində xarici borclara xidmət xərcləri artır.

qubad3.jpg
Qubad İbadoğlu



Ancaq prezident də, məmurlar da Azərbaycanın xarici borcunun qonşularla müqayisədə çox olmadığını bildirirlər…

– Məsələn, Ümumi Daxili Məhsulun (ÜDM) xüsusi çəkisinə görə Rusiyanın xarici borcu azdır. Rusiya bu sahədə çox mühafizəkar siyasət yeridir. Burda Ümumi Daxili Məhsulun xüsusi çəkisindən çox, iki narahatedici məqam var: Birincisi, Azərbaycanın xarici borcları daha sürətlə artır. 10 il əvvəlin dinamikası çox aşağıydı, büdcə 10 faizin altındaydı, indi isə borclar ÜDM-də 20 faizə yaxındır. Narahatlıq ondadır ki, alınan borclar dövlət təminatı ilə alınıb icraçıya ötürülür, onlar da səmərəli istifadə etmir.


– Konkret hansı icraçıları nəzərdə tutursunuz?

– SOCAR, AZAL, “Xəzər Dəniz Gəmiçiliyi”, “Dəmiryol”, “Azərsu”, “Azenerji”. Ən çox borc SOCAR və AZAL-dadır, bunlar ən iri vergi ödəyiciləridir.







Azərbaycanda dövlətin sahibinin kim olması haqda danışmaqda çətinlik çəkirəm”



Siz və həmkarlarınız vaxtilə bu şirkətlərin özəlləşdirilməsini gündəmə gətirmişdiniz. Heç bir yeniliyin olmaması nəyin göstəricisidir?

– Çox təəssüf ki, heç bir özəlləşdirməyə getmirlər. Hətta özəlləşdirməni kənara qoyaq, bu, çox sərt tədbirdir, yəni mülkiyyətçi dəyişir. Amma mülkiyyətçinin dəyişilməməsi şərti ilə mümkündür ki, bu şirkətlər investisya müsabiqələri əsasında idarəçiliyə verilsin. Məsələn, “Barmek” Bakı Elektrik Şəbəkəsini idarəçiliyə götürdüyü kimi. Bu, özəlləşdirməyə doğru bir addımdır. Sonra isə məlumdur, “Barmek”i qovdular, yatırımlarını da aldılar, nəticədə ötən ilin bir günündə bütün ölkənin işığı söndü. Çünki ayrılan vəsaitlər, son təyinat xərcləri düzgün müəyyənləşdirilməyib. Eyni zamanda, istehsal güclərinin yeniləşdirilməsi, yeni texnologiyaların alınması sahəsindəki ayrılmış vəsaitlər oğurlanıb. Son nəticədə elektrik şəbəkələrində problemlər yaranırdı.



Bəs bununla bağlı hansı təklifləriniz var?

– “KazMunayQaz” Qazaxıstanın ən iri dövlət şirkətidir, SOCAR-la müqayisədə böyükdür. Bu şirkət səhmləşdirilib, istənilən şəxs London və başqa birjalardan “KazMunayQaz”ın səhmlərini ala bilər. Azərbaycan hökuməti hətta səhmləşdirməyə də getmədi, 20-30 faizini səhmlərdirmək mümkün idi, həmin səhmləri birjalarda satışa çıxarmaq olardı.



Bu nə deməkdir, detallı aça bilərsinizmi?

– Hazırda SOCAR-ın bir səhmdarı var, sahibi var, o da Azərbaycan dövlətidir. Doğrusu, Azərbaycanda dövlətin sahibinin kim olması haqda danışmaqda çətinlik çəkirəm, çünki xalq deyil, xalqın iradəsi ilə formalaşmış hakimiyyət yoxdur. Əvvəldən də müşahidələrim var idi, Bakıya gələndə də əsas qənaətim o oldu ki, dövlətin sahibi bir adamdır, prezidenti başqa adamdır. Qayıdaq SOCAR-a, şirkətin səhmləri yalnız dövlətdə olmasa, səhmdarları minlərlə olsa, şirkət onların qarşısında hesabatlılığa getməyə məcbur olacaq. Səhmdarların ümumi yığıncağını keçirsin, hesabat versin, səhmdarlara divident versin və idarəetmə prosesində iştirakçılığına şərait yaratsın. Bunlar həyata keçirilmir. Sadə bir misal, SOCAR-ın 1993-cü ildə Müşahidə Şurasına baxsanız, jurnalistlərin təmsil olunduğunu görəcəksiniz, amma bu gün şirkətin Müşahidə Şurası yoxdur. Əgər şurada ictimaiyyətin nümayəndələri, jurnalistlər olarsa, əlavə ictimai nəzarət yaranar. Bir çox dövlətdə iri şirkətlərin Müşahidə Şurası var. Baxmayaraq ki, Dövlət Neft Fondunun (DNF) əsasnaməsində Müşahidə Şurasında ictimaiyyət nümayəndələrinin də təmsil olunduğu qeyd olunub, ancaq belə bir qurum yoxdur. Əvvəllər AMEA prezidenti, millət vəkilləri, ictimai şəxslər şurada təmsil olunurdu, hazırda yalnız vitse-spiker Valeh Ələsgərovun adı qeyd olunub. Guya o ictimaiyyətin nümayəndəsidir, söhbət gerçək ictimaiyyətin nümayəndələrindən gedir. Əslində, bir neçə mərhələdə iş görmək mümkün olduğu halda heç biri həyata keçirilmir. Bir daha yada salım, SOCAR-ın səhmləşdirilməsinə getmirlər, müşahidə şuraları təsis olunmur, ayrıca olaraq “Azəriqaz”ı, “Azərsu”nu, “Azərişıq”ı, “Azərenerji”ni idarəçiliyə verə bilərlər, bir neçə sağlam investor tapmaq olar, bunların heç biri həyata keçirilmir. Məsələn, Bakı şəhərində işığın verilməsində bir neçə şirkət arasında seçim etmək olar, hansı yaxşı xidmət quracaqsa, vətəndaş onu seçəcək. Gürcüstanın paytaxtında artıq bu sistem qurulub, vətəndaş görəndə ki, aşağı keyfiyyətli enerji verilir, başqa şirkətə müraciət edir. Necə ki, internetdə sürətli provayder istəyirik və tapanda onunla müqavilə bağlayırıq. Bu məsələdə bir üstünlük də istehlakçıların alternativ seçim imkanıdır, ancaq Azərbaycan vətəndaşlarından bu hüququ alıblar.



O zaman ənənəvi sual yaranır; hökumət niyə bunlara getmir?

– Çünki korrupsiya və böyük mənimsəmələr imkan vermir. Bilirsiniz, elektrikin, qazın, suyun ödənişində şəffaflıq və hesabatlılıq yoxdur. Ümumiyyətlə, istehsal güclərinin dəyişidirilməsi, sərmayələr üçün kənardan kifayət qədər kreditlər alınır, amma onların istfadəsi ilə bağlı ictimaiyyətin məlumatları azdır. AZAL-ı misal çəkmək olar, bu gün ən ciddi təndiqə yeri olan şirkətlərdən biridir. Dövlət təminatı ilə böyük borclara gedib, avadanlıq parkı yenilənib, ancaq Bakı nəinki Tbilisi, hətta Kutaisi ilə müqayisədə uçuşların marşrutlarına, sərnişin dövriyyəsinə, eyni zamanda, keyfiyyətə görə geri qalır. Çünki pis idarəçilik var və AZAL rəhbəri də prezident tərəfindən təyin olunub. Cahangir Əsgərov 23 ildir AZAL-ın prezidentidir, ayrı-ayrı şirkətlərdə səhmdarlar, müşahidə şuraları, icraçılar var və onlar arasında müzakirələr gedir. AZAL-da bunların heç biri yoxdur, çünki prezident təyin edir. Məsələn, 2 milyonluq saatı Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin oğlu yox, özəl bir şirkətin sahibinin oğlu istifadə etsəydi, məni heç qayğılandırmazdı. Düşünərdim ki, ölkədə qanunlar işləyirsə, özəl şirkət normal fəaliyyət göstərib mənfəət qazanırsa, direktor yüksək əmək haqqı, bonus alıb övladına istədiyi maşını və ya saat da ala bilər. Amma problem ondadır ki, 2 milyonluq saatı Azərbaycan Dövlət Neft Şirkətinin pezidentinin oğlu alır, hər bir vətəndaşı da dövlət şirkətinin rəhbərinin oğlunun bu cür yaşaması qayğılandırmalıdır, bu tamam fərqli bir şeydir.


“Getdikcə “Pasha Holding”in iqtisadiyyatda ekspansiyası artır”



Son aylar rəsmi mətbuatda və hökumətə yaxın mediada islahat sözünün sayı artmış, telekanallarda da bu istiqamətdə müzakirələr intensiv xarakter almışdı. Bəs islahat gedirmi, gedirsə, hansı sahələrdə?

– Əslində, islahat çox şirin sözdür və cəlbedicidir, islahat həm də proqressivdir, pozitivdir. Bir ifadə olaraq islahatın hakimiyyət tərəfindən elan olunması və bunun üçün tələb olunan sistem dəyişikliklərinin həyata keçirilməməsi birmənalı şəkildə deməyə əsas verir ki, Azərbaycanda islahat görüntüsü var, amma islahatın özü yoxdur. İslahat kəskin dəyişikliklər tələb edir, ancaq hakimiyyət kəskin dəyişikliklərə gedə bilmir.


– Konkretləşdirək, nələr tələb edir?

– Birinci, biznes hakimiyyəti ilə siyasi hakimiyyət bir-birindən ayrılsın.Yəni məmur oliqarxiyası sıradan çıxarılsın. Ancaq Azərbaycanda əks proses gedir, getdikcə “Pasha Holding”in iqtisadiyyatda ekspansiyası artır. Əgər “Pasha Holding” Gürcüstan və Rusiya iqtisadiyyatını ekpansiya edərdisə, buna sevinərdim, çünki Azərbaycanın bir şirkəti xarici bazarda hökmran mövqeyə malikdir. Amma bu şirkət yerli bazarda inzibati resurslardan, dövlətdəki vəzifədən sui-istifadə edərək güzəştlərdən yararlanırlar. Əgər şirkət hökmran mövqeyə çıxırsa, bu, çox anormal bir şeydir, belə vəziyyətdə islahat aparmağın heç bir effekti olmayacaq. İslahat siyasi hakimiyyət tərəfindən idarə olunan və nəzarətdə saxlanılan biznesin özünün fəaliyyətinin inhisarçılıqdan sağlam rəqabətə keçirilməsini nəzərdə tutur. Amma bu adamlar inhisarılığı daha da gücləndirirlər. İslahat şəffaflıq və hesabatlılığı tələb edir, şəffaflığın birinci şərti hər bir adamın gəlirləri haqda hesabat verməsidir. Bunu birinci növbədə prezident etməlidir. Avtoritar rejim olmağına baxmayaraq, Rusiyada prezidentin, Baş nazir Medvedevin filan qədər əmlakının olduğunu açıqlayırlar, düzdür, mən inanmıram, amma formal olsa belə açıqlayırlar. 2017-ci ildə prezident seçkisi öncəsi MSK-ya müraciət edib, prezidentliyə namizədlərin təqdim etdikləri gəlir bəyannamələrini ictimaiyyətə açıqlanmasını istədim. Cavab verdilər ki, qanunda nəzərdə tutulmadığından edə bilməzlər.


– Hansı qanuna?

– Seçki Məcəlləsinə əsaslanıb cavab vermişdilər. Əslində, seçki qanunvericiliyində namizədlərin gəlir bəynannamələrini təqdim etməsi göstərilib, amma məcburi şərt kimi dərc edilməsi qoyulmur. Əgər şəffaf və azad seçkilərdən danışırıqsa, namizədlərin gəlir bəyannamələri ictimaiyyət üçün açıq olmalıdır. Ümumi prinsiplərə görə bunu etməlidirlər. Amma məcəllədə bəyannamənin dərc olunması yazılmayıb, sadəcə, şəffaf seçki prinsipləri bunun açıqlanmasını ortaya qoyur. Təəssüf ki, məhkəmələr icra hakimiyyətindən asılı durumda olduğundan məsələni mübahisələndirə bilmədik. Yalnız formal olaraq məhkəmə instansiyaları keçib şikayətimizi Avropa Məhkəməsinə göndərdik.


“Ən azı ikihakimiyyətliyin, daxildə qrupların və onlar arasında ədavətin olduğu hiss olunur”



Qubad bəy, iyulun 24-də qəzaya uğrayan Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Rusiya istehsalı olan “MİQ 29” təyyarəsinin qalıqları hələ tapılmayıb. Hadisə media və sosial şəbəkələrdə Azərbaycanın Rusiyadan silah alması, hərbi büdcəsi barədə müzakirələrə yol açdı, sizin bu barədə yanaşmanız necədir?

qubad.jpg
Qubad İbadoğlu

– Atəşkəsin imzalandığı 1994-cü ildən 2019-cu ilə qədər Azərbaycanın müdafiə büdcəsi 26 milyard dollar olub. Ermənistanın isə 6 milyard dollar. Ancaq təcavüzkar Ermənistanın silahları daha müasirdir. Bu qədər vəsaitlə Azərbaycanın əraziləri hələ işğaldadır. Önəmli bir faktı xatırladım, Mədən Sənayesi Şəffaflıq Təşkilatı Ukraynanın ərazilərinin işğal olunması haqda qərar qəbul etdi. Biz Azərbaycan barəsində belə bir qərara nail ola bilmədik. Çünki Ukraynada işğal olunmuş əraziləri haqda qanun var, 25 ildən çoxdur işğala məruz qalan Azərbaycanda isə belə bir qanun yoxdur.

– B

elə bir fikir işlətdiniz, Azərbaycanda son dövrlərin hadisələri bunu deməyə əsas verir ki,dövlətin sahibi bir, prezidenti başqa adamdır, bəlkə fikrinizi konkretləşdirəsiniz?

– Açıq şəkildə ən azı ikihakimiyyətliyin, daxildə qrupların və onlar arasında ədavətin olduğu hiss olunur. Onların hər biri müxtəlif sektorları nəzarətə götürməyə çalışırlar, biri iqtisadiyyata, digəri hüquq-mühafizə orqanlarına, məhkəmə hakimiyyətinə təsir edir. Yəni imkanları baxımından qruplar arasında fərq var. Adi bir misal, adətən, Nazirlər Kabinetinin ilin birinci yarısının sosial-iqtisadi nəticələri və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirəsi iyul ayının ən geci 12-də olub, 2016 və 2017-ci ildə iyulun 11-də, hətta keçən il iyulun 8-də keçirilib. Bu gün iyulun 29-dur, amma ilin birinci yarısının yekunları ilə bağlı müşavirə keçirilməyib. Halbuki, bu müşavirə hakimiyyətin işini təbliğ etmək, yalanları daha yüksək səviyyədə səsləndirmək üçün bir tribunadır, illərlərdir hakimiyyət hər 3 aydan bir bu iclası keçirir. Müəyyən məlumatları açıqlayır, sosial-iqtisadi vəziyyəti dəyərləndirirlər və mütləq Prezidentin sədrliyi ilə keçirilməlidir. İndiki halda müşavirə niyə keçirilmir? Əgər burda bir sistemlilik, reqlament və ardıcıllıq varsa, Nazirlər Kabinetinin müşavirısi ən geci 15 gün əvvəl keçirilməli idi.



Bu mənada müşavirənin gecikməsi haqda ehtimallarınız nədir?

– Ehtimallar hakimiyyət daxilindəki proseslərlə, ayrı-ayrı qrupların səlahiyyətləri və onların məsuliyyətləri ilə bağlıdır. Elə qərarlar var ki, prezident tərəfindən verilməlidir. Mən inanmıram ki, hüquq-mühafizə orqanlarındakı dəyişikliklərlə bağlı son qərarların hamısında prezident şəxsən iradəsi var. Hesab edirəm ki, o qərararın bir çoxunda Rusiyanın maraqları və Kremlin maraqlarını ifadə edən yüksək çinli məmurların mənafeyi nəzərə alınıb.



Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamlardan əvvəl Moskvada Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşü də bu yöndə ehtimalları artırmışdı…

– Nəinki Ramiz Mehdiyev Moskvada olmuşdu, ordan da ayrıca emissarlar gəlib Bakıda görüşlər keçirmişdi. Belə görünür ki, bir qrup Birinci vitse-prezidentin razılığı və dəstəyi ilə təyinat alır, amma onlar da özlərini yaxşı doğrulda bilmirlər. Digər qrup da Kremlin razılığı ilə təyinat alır, o cümlədən, Moskvanın Bakıdakı vassalarının iştirakıyla. Bəs prezidentin özünün komandası hanı? Mən yalnız prezidentin fərman və sərəncamları imzalamaq funksiyasını görürəm. Hətta mən beynəlxalq institutlarda yüksək səviyyəli siyasi məsləhət verən, o cümlədən, diplomatik korpuslarda çalışan şəxslərdən də bu sualı eşitmişəm. Onlar söhbətimizin sonunda soruşublar ki, sizcə, bu ölkəni kim idarə edir?

Ana səhifəXəbərlərQubad İbadoğlu: Sizcə, bu ölkəni kim idarə edir?