Qubad İbadoğlu: Naxçıvan aeroportunun AZAL tərkibindən çıxarılması müsbət addımdır

O, ən azından Bakıdan kənardakı hava limanlarının digər şirkətlərin idarəedilməsinə verilməsi qərarının kifayət qədər irəliyə doğru addım ola biləcəyini qeyd edib.

Fotolar: Meydan TV


Natiq Cəfərli: “AZAL-ın inhisarçılığına son qoyulmalıdır”

Baş nazir Əli Əsədovun iyunun 23-də imzaladığı qərara əsasən, Naxçıvan aeroportu “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) tabeliyindən çıxarılaraq, Naxçıvan Muxtar Respubıikasının Nazirlər Kabinetinin sərəncamına

verilib

.

Bu qərar bir sıra ekspertlər tərəfindən aviasiya sahəsində müəyyən islahatların başlanğıcı kimi qəbul edilib. Belə ki, Azərbaycan Avropa məkanında aeroport və milli aviadaşıyıcının bir şirkətin əlində cəmləşdiyi nadir ölkələrdəndir. İqtisadçılar belə bir halın AZAL-ın inhisarçı kimi mövqe tutmasına və rəqabət yarada biləcək aviaşirkətlərin Azərbaycan aviasiya bazarına buraxmamasına şərait yaratdığını illərdir qeyd edirlər. Baş nazirin qərarından sonra ekspertlər Naxçıvan aeroportunun Türkiyə şirkətinin idarəçiliyinə veriləcəyi barədə ehtimallar irəli sürdülər.

Bu sahədə Türkiyənin aparıcı şirkəti TAV sayılır. Bu şirkət dünyanın bir çox şəhərinin aeroportlarının idarəetmə hüququnu əldə edərək, yerüstü xidmətləri həyata keçirir. Son məlumatlara görə, TAV Türkiyənin İzmir şəhərinin Adnan Menderes, Ankaranın Esenboa, Alaniyanın Qazipaşa, Bodrumun Milas-Bodrum aeroportunu idarə edir.

Digər ölkələrdən isə Qazaxstanda Almata aeroportu, Xorvatiyada Zaqrebin aeroportu, Gürcüstanda Tbilisi və Batumi aeroportları, Latviyada Riqa aeroportu, Şimali Makedoniyada Skopyanın və Ohridin aeroportları, Səudiyyə Ərəbistanında Mədinə və Ər-Riyadın aeroportları, Tunisdə Hammamet və Həbib Burgiba Monastırı aeroportları bu şirkətin idarəçiliyindədir.

Türkiyə şirkətləri üçün Azərbaycanın aviasiya bazarına girişin asanlaşdırılmasına digər bir nişanə kimi “Pegasus” aşağıbüdcəli aviaşirkətinin Bakıya İzmir və Alaniyadan uçuşlarının başlanmasını da göstərmək olar.


“Azərbaycanın hava məkanı açılmalıdır”

Meydan TV-yə şərhində Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu Naxçıvan aeroportunun AZAL tərkibindən çıxarılmasını şirkətin yenidən strukturlaşmasının həyata keçirilməsi ilə əlaqələndirib. Onun fikrincə, gələcəkdə həmin struktur vahidlərinin müstəqilləşməsi, icarəyə verilməsi, yaxud satılması nəzərdə tutulur.

“AZAL-ın nəzdində olan hava limanları içərisində daha çox daxili sərnişin dövriyyəsinə və xarici uçuşlarına görə perspektivi olan Naxçıvan hava limanıdır. Ona görə də hava limanının AZAL-dan alınmasını müsbət qiymətləndirilməlidir”, – Qubad İbadoğlu deyib.

qubad.jpg
Qubad İbadoğlu

İqtisadçı hesab edir ki, gələcəkdə digər hava limanlarının da AZAL-dan ayrılması, müstəqil fəaliyyət göstərməsi, yaxud xarici şirkətlərin idarəçiliyinə verilməsi mümkün ola bilər.

Bununla belə, ekspert hesab edir ki, aviasiya sahəsində islahatlar yalnız aeroportların ayrı-ayrılıqda idarəçiliyə verilməsi ilə bitməli deyil.

“Düşünürəm ki, bu sahədə köklü islahatlara ehtiyac var. Azərbaycanın hava məkanı açılmalıdır, rəqabətli şəkildə daxilə və xaricə uçuşlar təmin olunmalıdır, aviasiya xidmətlərini həyata keçirən qurumların özünün arasında rəqabət təmin edilməlidir. İslahatlar çərçivəsində ən doğru yanaşmalardan biri AZAL-ın səhmləşdirilməsi ola bilər, yəni səhmləşdirilmə həm də şirkətə əlavə sərmayə gətirər”.


“AZAL-ın yerüstü xidmətlərdən tamamilə kənarlaşdırılması lazımdır”

Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin üzvü, iqtisadçı Natiq Cəfərli məlum qərarla AZAL-ın səlahiyyətlərinin müəyyən dərəcədə azaldılmasının şahidi olduğumuzu deyib.

“Amma məqsəd nədən ibarətdir, ardınca hansı addımlar atılacaq suallarına cavab yoxdur”, – o deyib.

Natiq Cəfərli də bu qərardan sonra Naxçıvan aeroportunun Türkiyə şirkətinin idarəçiliyinə verilməsi ehtimalının böyük olduğunu deyib.

“Əslində, AZAL-ın yerüstü xidmətlərdən tamamilə kənarlaşdırılması lazımdır. Yerüstü xidmətlərin ya özəlləşdirilməsi, ya da uzunmüddətli idarəetməyə verilməsi daha doğru qərardır. Çünki AZAL-ın inhisarçı mövqedə dayanmasının əsas səbəblərdən biri də yerüstü xidmətlərin qurumun əlində olmasıdır. Bu, xarici şirkətlərin ölkəyə daxil olmasına ən böyük maneələrdən biridir”.

Natiq Cəfərli
Natiq Cəfərli

O, ən azından Bakıdan kənardakı hava limanlarının digər şirkətlərin idarəedilməsinə verilməsi qərarının kifayət qədər irəliyə doğru addım ola biləcəyini qeyd edib. Bu kontekstdə, ekspert Gürcüstanı nümunə göstərib.

“Gürcüstanda türk şirkətinin idarəetməsindən sonra dünyanın müxtəlif ölkələrinə ucuz uçuşların təşkil edilməsinə əsas yarandı”, – Natiq Cəfərli deyib.

Aviasiya sahəsində genişmiqyaslı islahatlara gəlincə, iqtisadçı hesab edir ki, əsas addım AZAL-ın inhisarçılığına son qoyulması ola bilər.

“AZAL inhisarşılığına son qoyulmalıdır. Dövlət şirkəti olaraq istənilən imtiyazlardan istifadə edir, biletlər çox bahadır, dövlət büdcəsi və investisiya hesabına təyyarələr alınır, hətta vergi borcları da zaman-zaman silinir. Yalnız ötən il AZAL 80 milyon manat dotasiya almışdı”.

O vurğulayıb ki, bütün bunlara baxmayaraq AZAL həm də ziyanla işləyən dövlət şirkətlərindən biridir.

“Sonuncu audit yoxlaması 2018-ci ildə olub. 2019-cu ildə açıqlanan rəqəmə görə 210 milyon manat ziyanla işləyib. Çox absurd bir nəticədir. İnhisarçılıq, qiymətlər bu dərəcədə baha olsun və dövlətdən də yardım alasan, amma ziyanla işləyəsən. Sadalananlar normal məntiqə uyğun deyil. Ona görə Azərbaycanın hava məkanını xarici şirkətlərə birbaşa daxil olmaq üçün açmağa ehtiyac var. Bu zaman rəqabətli mühit güclənəcək və Azərbaycanda da təyyarə biletlərinin ucuzlaşmasının şahidi ola bilərik”, – iqtisadçı deyib.

Ana səhifəİqtisadiyyatQubad İbadoğlu: Naxçıvan aeroportunun AZAL tərkibindən çıxarılması müsbət addımdır