“Rəylə razılaşmamaq üçün kifayət qədər tutarlı arqumentlərimiz var”
Müsavat Partiyasının sentyabrın 27-də keçirilən qurultayında başqan postuna namizəd olmuş və seçkinin rəsmi nəticəsindən narazı qalmış Qubad İbadoğlu partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyasının onun şikayətinə verdiyi rəylə razılaşmır.
Sabiq namizəd mediaforum.az-a deyib ki, Mərkəzi Nəzarət Təftiş Komissiyasının rəyi birtərəfli hazırlanıb: “Rəydə qeyd olunanlarla qəti şəkildə razılaşmırıq. Hazırda ekspertlərimiz həmin rəyi araşdırır. Rəylə razılaşmamaq üçün bizim kifayət qədər tutarlı arqumentlərimiz var”.
Qubad İbadoğlu onu da bildirib ki, MNTK-nın şikayəti obyektiv araşdıracağına şübhələri vardı: “Təəssüf ki, gözləntilərimiz özünü doğrultdu. Bu rəydən sonra MNTK-nın birtərəfli, qeyri-peşəkar olduğu, müstəqil olmadığı haqda şübhələrimiz daha da artdı. MNTK-nın verdiyi rəylə bağlı yekun qərarımızı noyabrın 8-də saat 17-də Müsavat Partiyasının mərkəzi qərargahında açıqlayacağıq. Noyabr 8-də həmçinin gələcək planlarımız haqda təkliflərimizi verəcəyik”.