Qubad İbadoğlu ilə eyni cinayət işində təqsirləndirilən şəxs onun əleyhinə ifadə verdi

Qubad İbadoğlu. Foto: Meydan TV

İqtisadçı ittihamları qəbul etməyib, “yalan” adlandırıb

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) keçmiş sədri, iqtisadçı-professor Qubad İbadoğlu bu ilin aprelində ev dustaqlığına buraxılıb.

Bir müddət sonra onun haqqında cinayət işi digərlərindən ayrılsa da, əvvəldən onunla birgə ittiham olunan 2 nəfərin işi məhkəməyə göndərilib.

2023-cü ilin avqustunda – Qubad İbadoğlunun həbsindən az sonra Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən İstanbul Universitetinin doktorantı Fazil Qasımov və Anar Əliyevin işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Hakim Mahirə Kərimovanın sədrliyilə keçirilən budəfəki məhkəmə prosesində Fazil Qasımovun vəkili Fuad Ağayev onun ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb. Lakin hakimlər vəsatəti təmin etməyib.

Təqsirləndirilən alimin özü isə Bakıdakı özəl xəstəxanalardan birində almaniyalı həkimlər tərəfindən müayinəsinə icazə verilməsi haqda vəsatət verib.

O bildirib ki, qanunsuz həbsinə etiraz olaraq, iyunun 14-dən aclıq aksiyası keçirir.

Nəticədə səhhətində ciddi problemlər yaranıb.

Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılsa da, oradakı müayinə və müalicəsi yetərli deyil:

“Sağlamlığımda elə problemlər yaranıb ki, oradakı avadanlıqlar vasitəsilə müayinə mümkün deyil. Özləri də etiraf edirlər”.

Prokuror onun ev dustaqlığına buraxılması kimi, özəl xəstəxanada müayinəsi məsələsinə də etiraz edib.

Deyib ki, Penitensiar Xidmətdən məhkəməyə bununla bağlı arayış, məktub daxil olmayıb.

Mahirə Kərimova, Anar Sadıqov və Fəxri Məmmədovdan ibarət hakimlər kollegiyası da vəsatəti o arqumentlə təmin etməyib ki, Fazil Qasımov özəl xəstəxanada müayinə üçün məhkəməyə kifayət qədər sübut təqdim etməyib.

Daha sonra təqsirləndirilən Anar Əliyevin dindirməsi başlayıb.

O bildirib ki, istintaqdakı ifadəsini təsdiqləyir.

O, ifadəsində və prokurorun suallarını cavablandırarkən iqtisadçı Qubad İbadoğlunun əleyhinə fikirlər səsləndirib.

Anar Əliyev iddia edib ki, Qubad İbadoğlu Azərbaycan Dövlət İqtisad Universitetində müəllim işlədiyi dövrdən onu tanıyıb.

Hazırda onunla birlikdə mühakimə olunan Fazil Qasımovu isə ilk dəfə burada – məhkəmə zalında görüb:

“Düzdür, mən Fazil adlı şəxslə görüntülü danışmışam – Qubad İbadoğlu vasitəsilə. Amma o, bu adam deyildi. Həmin adam kök idi, saçı da qara idi”.

Qubad İbadoğlu ilə 2023-cü ildə görüşdüyünü deyən Anar Əliyevin sözlərinə görə, həmin vaxt işsiz olub, ona da iş üçün müraciət edib:

“Bir kafedə görüşdük. İşsiz olduğumu dedim. Dedi ki, şirkət qurur, mənə də iş verəcək. Deyirdi ki, sentyabr-oktyabr aylarına iş başlamalıdır. Mənə dedi ki, Qafqaz Universitetini bitirən, “Çağ Öyretim”də kurs keçən adamları tap gətir, onları işə götürək. Bilmirdim ki, niyə bu adamları istəyirlər. Mənə 11 min dollar pul verdi ki, bu istiqamətdə işləyim, adamlar tapım, onlara da pul verim. İki nəfər tanışımla əlaqə saxladım, onların da hərəsinə 500 dollar maaş verdim. Özümə də 3000 dollar xərclədim. 11 min dolların qalanı qalmışdı”.

Anar Əliyevə qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar əldə etmə, saxlama – mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 228.1 (qanunsuz silah saxlama) maddələrilə ittiham irəli sürülüb.

İttihama əsasən, Anar Əliyevin cibindən 400 dollar saxta pul, həmçinin üstündən “Naqan” tipli odlu silah, evindən də əlavə 600 dollar saxta valyuta tapılıb.

Anar Əliyev ifadəsində bildirib ki, qanunsuz silah saxlamaq ittihamını qəbul edir. Silahı da yerdən tapıb.

Onun sözlərinə görə, saxta 1000 dollarla bağlı ittiham üzrə özünü təqsirli bilmir:

“Mən o pulun saxta olduğunu bilməmişəm. Qubad İbadoğlu mənə qırmızı kitab verdi. Kitab türk dilində idi. Dedi ki, maraqlı kitabdır, oxuyarsan. Mənim də kitab oxumaqla aram yoxdur. Ona görə də heç oxumadım. Amma arasını açanda gördüm ki, 1000 dollar var. Onun 400 dollarını götürdüm, 600-ü qalmışdı”.

Fazil Qasımov və Anar Əliyevin məhkəməsi yanvarın 9-da davam edəcək.

Qubad İbadoğlu ötən il iyulun 23-də tutulub, avqustun 8-də isə Fazil Qasımov İstanbulda saxlanılaraq Bakıya gətirilib.

1990-cı il təvəllüdlü Fazil Qasımov özünü təqsirli bilmir və heç bir cinayət törətmədiyini, ona qarşı irəli sürülmüş saxta pul ittihamının yalan olduğunu deyir.

Qubad İbadoğlu tutulduğu gün onun ofisindən 40 min dollar pul tapıldığı iddia olunub.

Bildirilib ki, pulun da bir hissəsi saxta olub.

İttihama görə, saxta pulları da o, Türkiyədən gətirib.

Təqsirləndirilən iqtisadçı bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur.

İstintaq zamanı Anar Əliyev Qubad İbadoğlunun əleyhinə ifadə versə də, iqtisadçı bu şəxslə heç vaxt əlaqəsi olmadığını, onun yalan danışdığını bəyan edib.

Qubad İbadoğlu 2024-cü il aprelin 22-də həbsdən buraxılıb.

Ev dustaqlığına buraxılandan təxminən 20 gün sonra – mayın 14-də sədri olduğu Azərbaycan Demokratiya və Rifah Partiyasının fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib.

Ana səhifəSiyasətQubad İbadoğlu ilə eyni cinayət işində təqsirləndirilən şəxs onun əleyhinə ifadə verdi