Qubad İbadoğlu: Heç olmasa abrınıza qısılın, bu qədər ağ yalan yaymayın

İqtisadçı qeyd edir ki, ötən il investisiya xərclərinə 4 milyard 751 milyon 700 min manat vəsait yönəldilib

Source: Foto: sosial şəbəkə


"Qeyri-hökumət təşkilarlarının belini elə sındırıblar ki, bu sektor bir daha özünə gələ bilmir"

Maliyyə Nazirliyi Azərbaycan Respublikasının 2020-ci il dövlət və icmal büdcəsinin icrasına dair məlumat yayıb.

Məlumatda deyilir ki, 2020-ci il dövlət büdcəsi xərclərinin 16364 milyon manatı və ya 62 faizi cari xərclərə yönəlib.

Bu, 2019-cu illə müqayisədə 2835,1 mln. manat və ya 21 faiz çoxdur.

Büdcə təşkilatlarının əməkdaşlarının əməkhaqlarının və pensiyaların artımına 2039,9 milyon manat xərclənib. 609,0 mln. manat pandemiyanın yaratdığı mənfi təsirlərə, 186,2 mln. manat isə ali təhsilin maliyyələşmədirilməsinə yönəldilib: “Büdcənin 8326,1 mln. manatı və ya 31,5 faizi əsaslı xərclərə, 1726,2 mln. manatı və ya 6,5 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəlib. Səhiyyə xərclərinə 1,9 dəfə və ya 814,0 mln. manat, sosial müdafiə və sosial təminat xərclərinə 36,2 faiz və ya 828,1 mln. manat, müdafiə və milli təhlükəsizlik xərclərinə (cari xərclər, dövlət investisiya qoyuluşu və ehtiyat fondlarından ayrılan vəsaitlərin cəmi) 36,1 faiz və ya 1072,6 mln. manat, təhsil xərclərinə 26,4 faiz və ya 579,9 mln. manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanları üzrə xərclərə 21,0 faiz və ya 317,1 mln. manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə 7,3 faiz və ya 23,2 mln. manat, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi xərclərinə 2,1 faiz və ya 22,7 mln. manat çox vəsait xərclənib”.

Məlumatda bildirilir ki, dövlət büdcəsi xərclərinin 36,5 faizi və ya 9652,0 mln. manatı sosial təyinatlı xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib. Bu, 2019-cu illə müqayisədə 1890,7 mln. manat və ya 24,4 faiz çoxdur: “Müdafiə xərclərinə isə 3787,5 mln. manat yönəldilib. Eyni zamanda, koronavirusla mübarizə tədbirlərinə ayrılan vəsaitin 1985,6 mln. manatı istifadə edilib. Koronavirusla işləyən tibb işçilərinə əlavə əmək haqqı ödənilməsi üçün 612,5 mln. manat xərclənib".

Bildirilir ki, Azərbaycan koronavirus (COVID-19) pandemiyası ilə bağlı beynəlxalq miqyasda tədbirlərin dəstəklənməsi məqsədilə 39,3 mln. manat xərcləyib. Ümumdünya Səhiyyə Təşkilatına 17,0 mln, UNESCO və İCESCO təşkilatlarına 3,4 mln, və 18 xarici ölkəyə 18,9 mln. manat beynəlxalq yardımlar göstərib.

Dövlət büdcəsindən hərbi qulluqçuların mənzillə təmin olunması ilə bağlı xərclər üçün 35 milyon manat vəsait ayrılıb.

Ötən il qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi və yaşayış şəraitinin yaxşılaşdırılması üçün dövlət büdcələrindən üst-üstə 765,6 mln. manat vəsait yönəldilib. Onun 565,6 mln. manatı dövlət büdcəsindən, 200 mln. manatı isə Dövlət Neft Fondunun büdcəsindən ayrılıb.

Maliyyə Nazirliyinin hesabatında bildirilir ki, 2020-ci ildə dövlət büdcəsindən siyasi partiyalara da 3,6 mln. manat maliyyə yardımı ayrılıb.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, 2020-ci ildə dövlət büdcəsindən siyasi partiyalara 3,6 mln. manat vətəndaş cəmiyyətinin möhkəmlənməsinə və davamlı inkişafına nail olunması, ictimai əhəmiyyətli problemlərin həlli ilə bağlı qeyri-hökumət təşkilarlarına 5,4 mln. manat vəsait ayrılıb.

Maliyyə Nazirliyi isə hesab edir ki, 5,4 mln manatla vətəndaş cəmiyyətinin möhkəmlənməsinə və davamlı inkişafına, ictimai əhəmiyyətli problemlərin həllinə nail olunub.

“Əslində Maliyyə Nazirliyinin işi bu sahədə ayrılmış büdcə vəsaitlərinə dair məlumat verməkdir. Ayrılan vəsait hesabına hansı nəticəyə nail olunmasını yalnız nəticə əsaslı proqramlarla büdcə təsnifatı aparılarkən görmək olur. Maliyyə Nazirliyi də ötən il xüsusilə də qeyri-hökumət təşkilarlarına vəsaiti bu prinsiplə ayırmayıb. Bəs, nədən mandatına aid olmayan nəticələr çıxarır. Məgər 5,4 milyon manatla vətəndaş cəmiyyətinin möhkəmlənməsinə və davamlı inkişafına, ictimai əhəmiyyətli problemlərin həllinə nail olmaq mümkündür?”, – Qubad İbadoğlu belə deyir.

İqtisadçı qeyd edir ki, ötən il investisiya xərclərinə 4 milyard 751 milyon 700 min manat vəsait yönəldilib: "Amma hələ də xalqın məlumatı yoxdur ki, hara, nə qədər vəsait kim tərəfindən xərclənib. Nazirlik bu barədə açıqlama verməlidir, əks təqdirdə bir də görəcəyik ki, bir tunelin tikintisinə yüz milyonlarla manat xərclənib”.

Vətəndaş cəmiyyətinin möhkəmlənməsinə və davamlı inkişafına gəlincə, Qubad İbadoğlu deyir ki, bu sahədə durum ürəkaçan deyil: "Qeyri-hökumət təşkilarlarının belini 2014-cü ildə elə sındırıblar ki, bu sektor bir daha özünə gələ bilmir. Heç olmasa abrınıza qısılın, bu qədər ağ yalan yaymayın”.

Maliyyə Nazirliyinin məlumatında bildirilir ki, 2020-ci il üzrə dövlət büdcəsinin mədaxili 24124,0 mln. manat proqnoza qarşı 24679,2 mln. manat və ya 102,3 faiz icra olunub. Bu, 2019-cu illə müqayisədə 461,1 mln. manat və ya 1,9 faiz çoxdur.

2020-ci ildə qeyri-neft sektoru üzrə büdcə daxilolmaları 10677,2 mln. manat və ya 105,4 faiz icra edilib. 2019-cu illə müqayisədə 63,7 mln. manat və ya 0,6 faiz çoxdur.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 7387,2 mln. manat vəsait təmin edilib. Bu da proqnoza nisbətən 197,2 mln. manat və ya 2,7 faiz çoxdur.

Həmin vəsaitin 75,6 faizi və ya 5585,1 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşməklə proqnoza nisbətən 185,1 mln. manat və ya 3,4 faiz, 2019-cu illə müqayisədə 153,1 mln. manat və ya 2,8 faiz çoxdur.

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 3938,2 mln. manat vəsait təmin edilib. Bu da proqnoza nisbətən 108,2 mln. manat və ya 2,8 faiz çoxdur.

Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozlaşdırılmış məbləğdə transfert, yəni 12200,0 mln. manat vəsait daxil olub.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 596,1 mln. manat təşkil etmişdir ki, bu da proqnozdan 207,9 mln. manat və ya 25,9 faiz az, 2019-cu illə müqayisədə isə 17,2 mln. manat və ya 3,0 faiz çoxdur.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət büdcəsinə dövlət əmlakının icarəyə verilməsindən daxilomalar üzrə 10,3 mln. manat vəsait təmin edib. Bu da proqnoza nisbətən 2,3 mln. manat və 28,8 faiz çoxdur.

Dövlət büdcəsinə sair daxilolmalar üzrə 547,4 mln. manat vəsait daxil olub.

2020-ci ildə dövlət büdcəsinin xərcləri təsdiq olunmuş proqnoza nisbətən 96,1 faiz və ya 26416,3 mln. manat icra olunub. Bu da 2019-cu illə müqayisədə 1990,4 mln. manat və ya 8,1 faiz çoxdur.

Ana səhifəİqtisadiyyatQubad İbadoğlu: Heç olmasa abrınıza qısılın, bu qədər ağ yalan yaymayın