İqtisadçı alim Qubad İbadoğlu bu gün səhər Azərbaycanı tərk edərək Almaniyaya gedib.
O, “Azadlıq” qəzetinə bildirib ki, səhhəti ilə əlaqədar olaraq xaricə çıxış qadağası ləğv olunub.
“Müayinə, müalicə və zərurət yaranarsa, ürəyimdən açıq tibbi əməliyyat olunmaq üçün Almaniyaya gəldim”, – İbadoğlu bildirib.
Məsələ ilə bağlı rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.
Qubad İbadoğlu 2023-cü il iyulun 23-də həbs edilmişdi.
O, Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin satış məqsədilə saxta pul və ya xarici valyuta hazırlama, əldə etmə və ya satma – mütəşəkkil dəstə tərəfindən törədildikdə maddəsi ilə ittiham olunub.
Daha sonra ona qarşı dini ekstremist materialları hazırlama, saxlama və ya yayma maddəsi ilə yeni ittiham irəli sürülüb.
Qubad İbadoğlu ittihamları saxta adlandırıb.
2024-cü il aprelin 22-də onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub. Bu, onun səhhətindəki problemlərlə əlaqələndirilib.
Qubad İbadoğlu dövlət qeydiyyatına alınmayan Azərbaycan Demokratiya və Rifah Partiyasına (ADR) rəhbərlik edib.
Qubad İbadoğlu həbsdən çıxandan bir müddət sonra Partiyanın fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub. İdarə Heyəti partiyanın fəaliyyətinə xitam verilməsini qurumun rəsmi qeydiyyata alınmaması ilə əsaslandırıb.