Qreta hər kəsi Azərbaycan hakimiyyətinə qarşı mitinqə çağırdı

Qreta Tunberq. Foto-kollaj: Meydan TV

“Əliyev rejimi 20 ildən artıqdır ki, xalqı qorxu içində saxlayır”

İqlim aktivisti Qreta Tunberq noyabrın 11-də Tbilisidə bu gün Azərbaycanda start götürən COP29 sammitinə qarşı aksiyaya çağırış edib.

Aksiyanın əsas şüarı budur: “Avtoritarizmə, yaşıl yuyulmaya, müharibəyə və kapitalist istismarına qarşı durun!”

Qreta Tunberq bu barədə “X” (Twitter) səhifəsində paylaşım edib.

O hər kəsi saat 11-də Gürcüstanın paytaxtındakı Azadlıq meydanında (Puşkin Parkı) Qafqazı bürüyən avtoritarizm və istismar dalğasına qarşı mitinqə qoşulmağa çağırıb:

“Azərbaycan COP29-dan fasad kimi istifadə edərək saxta “yaşıl” gündəm altında, güc üzərində nəzarəti gücləndirir və regional gərginliyi artırır”.

Foto: Qreta Tunberqin “X” (Twitter) səhifəsindən

“Əliyevin başçılıq etdiyi Azərbaycan rejimi 20 ildən artıqdır ki, insanları məzlum, yoxsulluq, qorxu və susqunluq içində saxlayır. Bu avtoritar tendensiya regionda (İvanişvili, Putin, Ərdoğan kimi insanlar və İrandakı teokratik rejim) nəzarəti dərinləşdirir. Əliyev isə müxalifəti boğur, öz xalqına zülm edir, ermənilərə, ukraynalılara, kürdlərə və digər etnik qruplara qarşı müharibə və etnik təmizləmə aparır”, – deyə Tunberq əlavə edib.

O həmçinin qeyd edib ki, adları çəkilən siyasilərin ölkəsində jurnalistlər, fəallar, alimlər tez-tez həbs və zorakılıqla qarşılaşırlar:

Bu sistemə əsasən, iqlim tədbirləri korporativ maraqlara xidmət edir, insanların ehtiyaclarına məhəl qoyulmur və icmalar dağılır. Kollektiv Qərbin bu avtoritar sürüklənmədə rolu danılmazdır, çünki o, enerji və mənfəət naminə zalım rejimləri qanuniləşdirməyə və maliyyələşdirməyə davam edir. Qərb dövlətləri resurs müqabilində zülmə göz yummaqla Qafqaz xalqının üzləşdiyi repressiya və iztirablara şərik olurlar”.

“Hərəkatımız avtoritarizm, müharibə və kapitalist tamahından azad gələcək tələb edir. Biz real azadlığın, bərabərliyin, ədalətin və mənfəətin deyil, insanların birinci yerdə olduğu bir bölgənin tərəfdarıyıq”, – deyə aktivist fikrini tamamlayır.

BMT-nin İqlim Dəyişikliyi Konfransı Bakıda noyabrın 11-dən 22-dək davam edəcək.

Ana səhifəSiyasətQreta hər kəsi Azərbaycan hakimiyyətinə qarşı mitinqə çağırdı