Qobustan sakini polis tərəfindən təhdid olunduğunu deyir

Qobustan sakini Anar Səfərov deyir ki, sentyabrın 2-dən 3-nə keçən “Qırmızı kafe” adlanan yerdə polislərin toplaşdığını  və xeyli səs -küy olduğunu görüb,  hadisə ilə bağlı maraqlanmağa gəlib.

Onun sözlərinə görə, polislərdən biri ona hücum edib, onu bıcaqlamaqla hədələyib. DİN-in 102 xidmətinə şikayət edən Anar Səfərovun əlində polisin onu təhqir və təhdid etdiyi videolar da var. Videolarda polis mayoru Zöhrab Hüseynov “Mən çəkirəm, hallanıram, narazılığın var, nazirliyə bildir” deyir. 

Anar Səfərov müxtəlif vaxtlarda təxribata çəkildiyini də deyib. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Meydan TV-yə bildirilib ki, sentyabrın 3-də rayon sakini Sənan Mustafayev sərxoş vəziyyətdə nəqliyyat vasitəsi idarə etdiyi üçün polis əməkdaşları tərəfindən nəzarət-yoxlama qaydasında saxlanılıb. O, tibbi müayinədən keçirilib və müayinənin də nəticəsinə əsasən sürücünün sərxoş olduğu sübuta yetirilib. Həmin vaxt hadisə yerinə gələn Anar Səfərov, qardaşı Şamo Səfərov və digər bir nəfər S.Mustafayevin tanışları olduğunu və  barəsində qanuni tədbir görülməməsini xahiş ediblər:

“Ancaq onların qeyri-qanuni tələbi nəzərə alınmayıb və sürücü barəsində toplanmış materiallar məhkəməyə göndərilib. Həmin şəxslərin xahişləri nəzərə alınmadığı üçün A.Səfərovun atası Namiq Səfərov polis şöbəsinin qarşısına gələrək qərəzli şəkildə polis əməkdaşı ilə mübahisə edib və guya onun sərxoş,narkotik vasitənin təsiri altında olduğunu bildirib”. 

Rəsmi məlumatda o da qeyd olunub ki, etik davranış kodeksini pozduğu üçün  videoda görüntülənən polis əməkdaşı barəsində də intizam tədbiri görülüb.

Ana səhifəVideoQobustan sakini polis tərəfindən təhdid olunduğunu deyir