Qızı: “Hər keçən dəqiqə Tofiq Yaqublunu ölümə daha da yaxınlaşdırır”

Иллюстрация Мейдан ТВ

Aprelin 19-da Tofiq Yaqublunu ailəsinin tələbi ilə öz seçdikləri həkim tərəfindən müayinəsi təmin olunub

“Azərbaycan hakimiyyəti Tofiq Yaqublu barəsində ciddi-ciddi düşünüb gec olmadan onu azadlığa buraxmalıdır”

Bunu 21 gündür həbsinə etiraz olaraq aclıq aksiyası keçirən Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun qızı Nigar Həzi özünün “Facebook” səhifəsində yazıb.

“Bu gün 21 gün oldu ki, Tofiq Yaqublu acdır. İlk dəfədir ki, Tofiq Yaqublunun aclıq aksiyası bu qədər uzun çəkir. Hələ nə qədər çəkəcəyi isə bəlli deyil”.

“Amma hər keçən saat, dəqiqə Tofiq Yaqublunu ölümə daha da yaxınlaşdırır. Yaşadığımız gərginliyi, narahatlığı, stresi anlatmağa söz tapa bilmirəm”, – Nigar Həzi belə yazıb.

Aprelin 19-da Tofiq Yaqublunu ailəsinin tələbi ilə öz seçdikləri həkim tərəfindən müayinəsi təmin olunub.

Aprelin 7-də vəkili Tofiq Yaqublunu Tibb Universitetinin professoru Adil Qeybullanın müayinə etməsi üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müraciət etmişdi.

Həkim Adil Qeybullanın dediyinə görə, həmin gün Tofiq Yaqublunun huşu aydın, təmas və kommunikasiya adekvat olub:

“Beynəlxalq təcrübədə aclıq aksiyalarının mövcud protokollar üzrə tibbi nəzarət altında aparıldığı Tofiq bəyə izah edildi. Bu məqsədlə su-elektrolit balansının tənzimi, mikrosirkulyasiyanın və toxuma hipoksiyasının qarşısını almaq üçün qidalandırıcı olmayan venadaxili infuziya aparılmasının zəruriliyi bildirildi. Razılıq alındıqdan sonra prosedurlar icra edildi. İnfuziya normal keçdi”.

Həkim qeyd edib ki, Tofiq Yaqublunun səhhətinin mütəmadi nəzarət altında saxlanması məqsədilə yenidən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə və Tibb Baş İdarəsinə müraciət etmə niyyəti var.

Tofiq Yaqublu 2023-cü il dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə), 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

İttihama görə, Elşən Hüseynov adlı şəxsin Almaniyaya gedib, orada vətəndaşlıq alması üçün Elnur Məmmədov vasitəsilə Tofiq Yaqubluya 25 min avro və 10 min manat pul verilib.

Tofiq Yaqublu isə bu ittihamın saxta olduğunu heç kimdən bir manat da pul almadığını bildirir.

Siyasətçi Elşən Hüseynov və ya Elnur Məmmədovla bu haqda belə bir söhbətinin olmadığını deyir.

Onların təxribat məqsədilə bu işə cəlb edildiyini bildirir.

Tofiq Yaqublu siyasi fəaliyyəti dövründə bir neçə dəfə inzibati və uzunmüddətli həbsdə olub.

O, 2013-cü ildə İsmayıllıda etirazların təşkilində ittiham olunaraq həbs edilib. 5 il azadlıqdan məhrum edilən siyasətçi 2017-ci ildə əfv sərəncamıyla azadlığa buraxılıb. O, daha sonra 2020-ci il martın 22-də xuliqanlıq ittihamıyla həbs olunub. İddia olunurdu ki, o, “8-ci kilometr bazarı”nın yanında avtomobil qəzası törədib, daha sonra digər avtomobilin sürücüsünü və onun həyat yoldaşını təhqir edib, onlara xəsarət yetirib. Bu dəfə Nizami rayon Məhkəməsinin hökmüylə 4 il 3 ay azadlıqdan məhrum edilib.

Hökmdən dərhal sonra – 2 sentyabr 2020-ci ildə məhkəmə ədalətsizliyinə etiraz olaraq aclığa başladığını bəyan edən Tofiq Yaqublu bu aksiyanı 17 gün davam etdirib. Onun vəziyyəti pisləşdiyinə görə istintaq təcridxanasından klinikaya köçürülüb. Sentyabrın 18-də Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə o, ev dustaqlığına buraxılıb. 2021-ci il iyulun 15-də Bakı Apelyasiya Məhkəməsi 4 il 3 aylıq həbs hökmünü şərti cəza ilə əvəzləyib.

2025-ci il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsi Tofiq Yaqublunu 9 il azadlıqdan məhrum edib.

Qərar etiraz olaraq Tofiq Yaqublu aprelin 1-dən aclıq elan edib.

Bir sıra yerli və beynəlxalq insan haqları təşkilatı onun adını siyasi məhbus siyahılarına daxil edib.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus siyahılarında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

Ana səhifəSiyasətQızı: “Hər keçən dəqiqə Tofiq Yaqublunu ölümə daha da yaxınlaşdırır”