Qiymətli metalların hasilatı kəskin azalıb

Dollar və qızıl. Foto: RomanR/shutterstock

Azərbaycanda 2024-cü ildə qızıl hasilatı 3,5 faiz, gümüş hasilatı 14 faiz, mis filizinin hasilatı isə 84,4 faiz azalıb.

Meydan TV Dövlət Statistika Komitəsinin “Hasilat Sənayesində Şəffaflıq üzrə Hesabat”ına istinadən xəbər verir ki, ötən il 2663 kq (85 min 634 unsiya) qızıl hasil edilib. Hasil olunan qızılın 2500 kq-ı (80 min 323 unsiyası) ixrac olunub. Beləliklə, hasil edilmiş qızılın 93,8 faizi xarici ölkələrə satılıb. Qızıl ixracından mədən hasilatı ilə məşğul olan şirkətlər 202 milyon dollar gəlir əldə edib.

Əvvəlki illərin müqayisəsinə nəzər salsaq, 2022-ci ildə qızıl hasilatı 16,1 faiz artıb. Lakin 2023-cü illə müqayisədə ötən il 3,5 faiz azalma qeydə alınıb. Bununla belə, 2024-cü ildə dünya bazarında qızılın qiymətinin rekord səviyyədə-təxminən 30 faiz bahalaşması şirkətlərə mənfi təsirləri kompensasiya etməyə imkan verib. Nəticədə ixrac gəlirləri 20,6 faiz artıb.

Gümüş və mis hasilatında isə böhran müşahidə olunub. Belə ki, ötən il 3184,8 kq (102 min 396 unsiya) gümüş hasil edilib. Bu göstərici 2023-cü illə müqayisədə 14 faiz, 2022-ci ilə nisbətən isə 2,4 dəfə azalmaya bərabərdir.

Hasil olunan gümüşün 2372,2 kq-ı (74 min 818 unsiyası), yəni 73 faizi ixrac olunub. Hasilat şirkətləri bu ixracdan 2,13 milyon dollar gəlir əldə edib. Lakin hasilatın azalması gəlirlərə də təsir göstərib. Belə ki, gümüş ixracından daxil olan gəlirlər 2023-cü illə müqayisədə 15 faiz, 2022-ci illə müqayisədə isə 55,8 faiz azalıb.

Qeyd edək ki, Azərbaycanda əlvan metalların hasilatı ilə iki şirkət məşğul olur: dövlət şirkəti “AzerGold” QSC və ABŞ investisiyalı RV Investment Qrup Servis LLC.

“AzerGold” ümumi hasilatın əsas hissəsini təmin edir. Qızıl hasilatının 82,6 faizi, gümüşün isə 88,3 faizi bu dövlət şirkətinin payına düşür. Ümumi hasilatda RV Investment Qrup Servis LLC-yə isə  qızıl hasilatında 17,4 faiz, gümüşün 11,7 faiz və mis filizinin hasilatında 100 faiz paya sahibdir.

Əlvan metalların hasilatında azalma hər iki şirkətdə müşahidə olunur. Xüsusilə RV Investment Qrup Servis üzrə azalma daha kəskin görünür.

Şirkətlər qiymətli metallardan nə qədər qazanır?

Ayrı-ayrı şirkətlərin göstəricilərinə nəzər saldıqda, “AzerGold” 2024-cü ildə qızıl ixracını 2040,2 kq həcmində həyata keçirərək 5,6 faiz artıra bilib. Hasilatdakı artım və qiymətlərin bahalaşması nəticəsində şirkətin ixracdan əldə etdiyi gəlir 165,2 milyon dollar olmaqla, 36,1 faiz yüksəldə bilib.

Eyni zamanda, bu dövlət şirkəti 2024-cü ildə gümüş ixracını 1975,2 kq (63 min 505 unsiya) həcmində həyata keçirib ki, bu da 2023-cü illə müqayisədə 30 faiz azalma deməkdir. Şirkət gümüş ixracından 1,8 milyon dollar gəlir əldə edib. Bu isə dəyər baxımından 13,7 faizlik azalma deməkdir.

RV Investment Qrup Servis LLC-nin qızıl ixracının həcmi 2024-cü ildə 458 kq təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 28 faiz azalma deməkdir. Şirkət ötən il qızıl ixracından 36,9 milyon dollar gəlir əldə edib. Ümumilikdə ixracın dəyəri 2024-cü ildə 6,6 faiz enib.

Şirkətin gümüş ixracı isə 352 kq (11 min 313 unsiya) olub ki, bu da 18,7 faizlik artıma bərabərdir. İxracdakı artıma baxmayaraq, gümüş ixracından əldə olunan gəlir 25 faiz azalaraq cəmi 300 min dollar təşkil edib.

RV Investment eyni zamanda mis hasilatı və ixracı ilə də məşğuldur.

Statistik məlumatlara görə, mis hasilatı kəskin aşağı düşüb. Belə ki, bir il ərzində hasilat 84,4 faiz azalıb. Hasil olunan 1,9 min ton misin 1,7 min tonu ixrac edilib və şirkət bundan 3,18 milyon dollar gəlir əldə edib. Ümumilikdə, son iki ildə mis filizinin hasilatından əldə olunan gəlirlər 10 dəfəyədək azalıb. Bu da sahənin rentabelliyinə ciddi şəkildə təsir göstərir.

 “AzerGold” QSC Azərbaycan Prezidenti İlham Əliyevin 5 iyul 2016-cı il tarixli Sərəncamı ilə təsis edilib. “AzerGold” QSC əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri həyata keçirmək səlahiyyətinə malikdir.

2024-cü ildən etibarən “Gədəbəy”, “Qoşa”, “Xarxar”, “Qaradağ”, Ordubad qrupu (“Piyazbaşı”, “Ağyurd”, “Şəkərdərə”, “Kələki”), “Qızılbulaq”, “Dəmirli” və “Vejnəli” qızıl, mis və polimetal filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin icrası ilə bağlı dövləti təmsil etmək səlahiyyəti də “AzerGold” QSC-yə verilib.

“R.V. Investment Group Services, LLC” isə ABŞ-də yaşayan azərbaycanlı (iranəsilli) iş adamı Reza Vəziri tərəfindən təsis olunub. 1997-ci ildə Azərbaycanın “Azərqızıl” Dövlət Şirkəti ilə ABŞ-nin “R.V. Investment Group Services, LLC” şirkəti arasında qızıl yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatını nəzərdə tutan “Qızıl müqaviləsi” imzalanıb. Həmin müqavilə Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli yataqlarını əhatə edirdi.

“Azərqızıl” Dövlət Şirkəti ləğv edildikdən sonra saziş üzrə dövlət təmsilçiliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə olunub. Daha sonra qanuna edilən dəyişikliklərə əsasən, yuxarıda adı çəkilən yataqlar üzrə sazişin icrası ilə bağlı dövlətin təmsilçilik səlahiyyəti “AzerGold” QSC-yə ötürülüb.

Sazişin şərtlərinə görə, “AzerGold” “R.V. Investment Group Services, LLC” şirkətinə hüquq və mənafelər vermək, fəaliyyətin səmərəli təşkilinə nəzarət etmək, mədən-filiz əməliyyatlarının icrası üçün dövlət orqanları ilə əməkdaşlığı təmin etmək və digər öhdəlikləri daşıyır.

Ana səhifəİqtisadiyyatQiymətli metalların hasilatı kəskin azalıb