Anası ictimai fəalla saxlandığı təcridxanada görüşüb
Həbsdə olan ictimai fəal Qiyas İbrahimov aclığı dayandırıb. Bu barədə onun anası Şura Əmiraslanova məlumat verib.
Şura Əmiraslanova iyunun 26-da inzibati həbs olunanların saxlandığı təcridxanada Qiyas İbrahimovla görüşüb. Anasının sözlərinə görə, onun durumu normaldır.
Həbs olunandan sonra üç gün sudan və qidadan imtina edərək quru aclıq aksiyası keçirən Qiyas İbrahimovun vəziyyəti iyunun 25-də məhkəməyə gətirilərkən pisləşmişdi. Huşunu itirən ictimai fəalın vəziyyəti Təcili Tibbi Yardımın həkimlərinin müdaxiləsindən sonra nisbətən düzəlmişdi.
Qiyas İbrahimov iyunun 22-də polisə müqavimət ittihamıyla 30 günlük inzibati həbs olunub. Ardınca iyunun 24-də onun haqqında internetdə qadağan olunmuş informasiyanın yayılması ittihamıyla onun haqqında daha bir 30 günlük inzibati həbs qərarı çıxarılıb. Ümumilikdə onun həbs müddəti 32 günə qədər artırılıb. İkinci həbs qərarında “yayılması qadağan olunan informasiya” kimi, onun “Facebook” hesabında yazdığı status göstərilib.
Həmin status yazılandan az sonra Qiyas İbrahimov polisə müqavimət ittihamıyla həbs olunub. O, həbsdə ola-ola ikinci dəfə məhkəmə keçirilib.
İctimai fəalın anası Şura Əmiraslanova Meydan TV-yə bildirib ki, status yazılandan sonra evlərinə polislər gəlib, Qiyas İbrahimovdan paylaşımını silməyi tələb ediblər. Lakin oğlu silməkdən imtina edib. Bundan sonra Qiyas İbrahimovu götürüb polis bölməsinə, oradan da məhkəməyə aparıb, haqqında 30 günlük həbs qərarı alıblar.
Qiyas İbrahimov 2016-cı ildə digər gənc fəal Bayram Məmmədovla birlikdə mərhum prezident Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək!” yazandan sonra narkotik ittihamıyla həbs olunmuş, onların hər birinə 10 il həbs cəzası kəsilmişdi. Təxminən 3 il sonra onlar əfv sərəncamıyla azadlığa buraxıldılar. “Amnesty İnternational” onları “vicdan məhbusu” elan etmişdi.