Qiyabi həbs qərarlarının məqsədi nədir?

İllüstrasiya: Meydan TV

Son aylarda xaricdə yaşayan bir neçə tanınmış azərbaycanlı bloger barəsində qiyabi həbs və axtarış qərarları çıxarılıb.

Milli Məclisin deputatı Müşfiq Cəfərov “pravda.az”a bir neçə gün əvvəl açıqlama verərək onları Azərbaycana qarşı düşmən mövqe tutmaqda, qarayaxma kampaniyası aparmaqda ittiham edib. Deputat qeyd edib ki, Azərbaycan həmin şəxsləri qanunvericilik çərçivəsində ölkəyə gətirəcək.

Bu mövzu ətrafındakı müzakirələrdə müxtəlif qruplar fərqli iddialarla çıxış edir. Bir qrup hüquq müdafiəçisi, müxalifət təmsilçiləri və siyasətçilər həmin qiyabi həbs qərarlarını hakimiyyətin siyasi təzyiq strategiyası kimi qiymətləndirərkən, digər qrup — hakimiyyətə yaxın siyasətçilər, həmçinin müstəqil hesab edilən şərhçi və siyasətçilər — bu təzyiqi Azərbaycan hakimiyyətinin müxalifətə yönəltdiyi qaralama strategiyası üçün vasitə kimi görürlər. Hakimiyyətə yaxın siyasətçilər isə bu qərarlarla Azərbaycanın öz əleyhinə gedən kampaniyalara qarşı hüquqi mövqe qoyduğunu iddia edirlər. 

İqtisadçı, ReAl partiyasının Siyasi Komitəsinin sədri Natiq Cəfərli öz “Facebook” səhifəsində blogerlər barəsində çıxan axtarış və qiyabi həbs qərarları ilə bağlı ümumi formada dörd əsas iddia irəli sürüb. Cəfərli onları söyüş blogerləri adlandıraraq qeyd edib ki, həmin şəxslər barəsində çıxan qərarlar məhz hakimiyyətin strategiyasıdır. O, yazdığı mətndə bu strategiyanın hakimiyyət maraqlarına xidmət etdiyini bildirən ümumi izah verib.

İzahda qeyd olunub ki, 1) həmin qərarlar real ekstradisiya üçün yox, blogerlərin Avropada qalmasını təmin etmək üçündür; 2) bir çox bloger Avropa cəmiyyətinə inteqrasiya ola bilməyib və orada yaşamaq üçün zəruri sənədlərə sahib deyillər və bu qərarlar onların həmin ölkələrdə qalmağını təmin edəcək; 3) onlar müxalifətin imicini zədələyir, kompromatlar yayır və bu da hökümət üçün faydalıdır; 4) bu səbəblərə görə də onların fəaliyyətlərinin maliyyəsini Azərbaycan hökuməti qarşılayır. 

Mövzunu analiz etmək üçün Meydan TV yazdığı mətnlə bağlı Natiq Cəfərlidən, Almaniyada siyasi mühacir olan, ötən ay barəsində 16 il qiyabi həbs qərarı çıxarılan bloger Qabil Məmmədovdan və III Respublika Platformasının qurucu heyət üzvü, siyasi şərhçi Elman Fəttahdan müsahibə alıb.

Foto: Qabil Məmmədovun şəxsi arxivindən

Natiq Cəfərlinin yazdıqları ilə bağlı Qabil Məmmədov deyir ki, iddiaların böyük hissəsi əsassızdır, lakin qismən həqiqət payı var. O bildirir ki, bu iddiaların çoxu hazırkı dövr və vəziyyət üçün aktual ola bilməz, həmçinin bu iddialar manipulyativdir.

Cəfərlinin özü birbaşa müsahibəsində bildirir ki, o, mətni barəsində qərar çıxarılan bütün şəxslərə şamil etməyib; məsələyə siyasi nəzərlə və arqumentlə yanaşıb. Bildirir ki, hakimiyyət birbaşa və ya vasitəli şəkildə həmin şəxslər üzərindən maraqlarını təmin edir.

Fəttah isə qiyabi həbs qərarlarını avtoritar sistemlərin strategiyası olaraq dəyərləndirir və hesab edir ki, bu hakimiyyətin bir neçə istiqamətdə maraqlarına uyğun olaraq xof yaratmağa, güc göstərişinə xidmət edir.

Barəsində qiyabi icraat qərarları olan şəxslərin Avropa həyatı

Bu il Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən barələrində qiyabi icraat başlanaraq istintaqa çağırılanların (İmaməddin Əlimanov, Süleyman Süleymanlı, Elşad Məmmədov, Məhəmməd Mirzəli, Qabil Məmmədov, Orxan Ağayev, Qurban Məmmədov ) barəsində təqdimatlara baxılıb və qiyabi məhkəmə baş tutub. Qabil Məmmədov 16 il qiyabi həbs cəzası alıb. Məmmədov barəsindəki qərar ictimai müzakirələrdə ilk olaraq onun söyüş ritorikasına görə cəzalandırıldığı təəssüratını yaratsa da,  o deyir ki, onların heç birinə qarşı açılan iddia söyüş və təhqirlə bağlı deyil. Həmin iddialar terrora çağırış, dələduzluq, hakimiyyət nümayəndələrinə müqavimət göstərmək və s. kimi ağır cinayət əməllərini əhatə edir:

“Azərbaycanda söyüş blogeri kimi tanınanlardan biri mənəm və barəmdə həbs qərarı çıxarılıb. Eyni zamanda ümumilikdə təxminən 13 nəfər barəsində bu tipli qərarlar çıxarılıb. Bu iddiaya görə, həmin şəxslərin hamısı söyüş söyür. Lakin bu şəxslər arasında söyüş ritorikası olmayan, jurnalist, hüquqşünas, keçmişdə universitetdə vəzifəsi olan şəxslər də var. Elə özüm də xeyli müddətdir ki, söyüşdən istifadə etmirəm. Üzərimə qoyulan maddələr məni etmədiyim cinayətlərdə ittiham edir.”

Barəsində 2021-ci ildə açılan 24 maddədən ibarət cinayət işi ilə bağlı  Almaniya məhkəməsindən tam bərabət aldığını deyən Məmmədov Azərbaycanın onu gətizdirmək üçün bu il yenidən Almaniyaya müraciət etdiyini bildirir:

“2021-ci ildə məhkəmədə bütün maddələr üzrə bəraət aldıqdan sonra Azərbaycan hakimiyyəti bu il barəmdə yenidən müraciət ünvanlayıb ki, “bizə vermirsinizsə, cəzasını Almaniyada çəkməsini təmin edin”. Yəni Azərbaycan bizi gətizdirə bilməyəndə olduğumuz ölkələrdə həbs edilməyimiz üçün də müraciət edib.”

Məmmədov blogerlər barəsində axtarış qərarının çıxmasının, onların Avropadakı hüquqi statuslarına təsiri ilə bağlı vurğulayır ki, bu arqument 7-8 il əvvəl aktual ola bilərdi, lakin indi barəsində qərarı çıxarılan şəxslərin hamısı artıq bir neçə ildir ki, sığınacaq alıb.

“Bizim hamımızın Almaniya, Fransa və digər Avropa ölkələrində yaşamaq üçün rəsmi statusumuz var, hətta aralarında vətəndaşlığı olanlar belə var. Onlardan yalnız birinin ikinci dərəcəli qoruması var [“subsidiary protection” — beynəlxalq hüquqda və miqrasiya qanunvericiliyində qaçqın statusu ala bilməyən, amma öz ölkəsinə qayıtdıqda ciddi təhlükə ilə üzləşəcək şəxslərə verilən ikinci dərəcəli və ya müvəqqəti qoruma statusudur]. Heç birimizin qaytarılmaq təhlükəsi yoxdur, əksinə Avropa ölkələri bizi Azərbaycandan qorumaq üçün öz polisləri vasitəsi ilə mühafizə edir”, – Məmmədov deyir.

O vurğulayır ki, özü fiziki hücuma məruz qalıb, Məhəmməd Mirzəli, Vidadi İsgəndərli Avropada bıçaqlanılıb; İsgəndərli həyatını itirib. Avropada blogerlik fəaliyyəti ilə məşğul olanların Azərbaycandakı yaxınlarına edilən təzyiqləri  xatırladan Məmmədov bildirir ki, bütün bunlar onların varlığının hakimiyyət tərəfindən arzuolunmazlığını göstərir. Onun sözlərinə görə, bir neçə bloger Avropa dövlətində polis tərəfindən xüsusi mühafizəyə sahibdir:

“Mirzəlinin açıq, mənim gizli qorumam var. Bu qoruma Azərbaycan hakimiyyətinin Avropada da həyatımıza mütəmadi yaratdığı təhlükələrə görədir. Üstəlik Avropa məhkəmələrindən bəraət almaq ciddi sübutlar və əmək tələb edir. İndiyə qədər həmin sənəd-sünədin tərcümələri xeyli vaxt, maddi resurs aparıb”.

“İmam üçün ağlayanda yezid üçün də ağlamaq lazımdır”

Natiq Cəfərlinin yazdığı mətndə ad çəkmədən istinad edilən şəxs Hafiz Hacıyevdir. Cəfərli istinadın Hacıyevə aid olduğunu özü Meydan TV-yə verdiyi müsahibəsində təsdiq edib.

Hacıyev canlı yayımların birində xaricdəki blogerlərlə bağlı iddia səsləndirmişdi. Həmin iddiaya əsasən, blogerlər Azərbaycan əleyhinə çıxışlarına görə Bakıdan pul alırlar. Lakin Hacıyev başqa canlı yayımda da bənzər iddialar irəli sürərək bunu dövlət daxilindəki qrupların maraq toqquşmaları olaraq şərh etmişdi. Hacıyev həmin məmurlara dair istinad təqdim etməsə də, ittiham etdiyi məmurları prezidentə xəyanətdə günahlandırmışdı.

Cəfərli isə müsahibəsində yazdığı bu iddianı barəsində qərar çıxarılan bütün şəxslərə şamil etmədiyini vurğulayıb. O bildirir ki, hakimiyyət daxilində müxtəlif qrupların maraq toqquşmaları var və bu qruplar bir-birinin nüfuzunu zədələmək üçün müxtəlif şəxsləri alət olaraq istifadə edə bilirlər:

“Dövlətə bağlı müxtəlif qruplar bu məsələdən xeyli pay çıxarır. Bir qrup lazım gəldikdə hansısa müxalif blogeri öz məqsədi üçün istifadə edir, digər qrup da ortaya çıxan görüntü ilə müxalifətin imicini, faydalılığını zədələyir.”

Qabil Məmmədov Cəfərlinin iddiasını qismən haqlı sayır. Onun sözlərinə əsasən, hər yerdə belə fəaliyyət göstərən insanlar var, lakin bu bir qrupun ümumi damğalanmasına gətirib çıxartmamalıdır:

“El məsələsində deyildiyi kimi, imam üçün ağlayanda, gərək arada yezid üçün də ağlayasan; əlbəttə Natiq bəyin iddiasında həqiqət payı var. Lakin bu barəsində qərar çıxarılan və ya söyüş ritorikasından istifadə edilən hər kəs üçün keçərli deyil. Məmurlar bu söhbətdə hamıdan çox maraqlıdırlar. Onlar bir-birinin arvadını, ailəsini söydürmək üçün ciddi məbləğlər ödəyirlər. Amma bunu qəbul edən blogerlər tək-tükdür; onlar kifayət qədər zəngindirlər və bizim kimi təhlükələrlə üzləşmirlər. Məsələn, 2-3 ildən bir özümə yeni köynək alıram, büdcəmə görə qırmızı ət əvəzinə, toyuq ətinə üstünlük verirəm; canlı yayımlar üçün istifadə etdiyim kompüterimi 8 il öncə yoldaşlardan biri hədiyyə etmişdi. Pula ehtiyacım olanda da öz auditoriyamdan açıq formada dəstək ala bilirəm.”

Natiq Cəfərli
Natiq Cəfərli, Foto: Meydan TV

Söyüş rotorikası müxalifətin imicinə necə təsir edir?

Natiq Cəfərli müsahibəsində bildirir ki, söyüş rotorikası siyasi tənqid və ya hansısa siyasi alternativ deyil. Onun sözlərinə görə, bu artıq hakimiyyətin müxalifəti gözdən salmaq üçün istifadə etdiyi nümunələr halına gəlib, hətta bu nümunələr beynəlxalq təşkilatların Azərbaycandakı müxalifətə baxışından da yan keçmir:

“Müxalif olmaq və müxalifət fərqli anlayışlardır. Bəzən insanlar düşünür ki, minlərlə, milyonlarla baxış hansısa siyasi dəyişikliyə səbəb ola bilər. Biz reallıqda görürük ki, bunun daha destruktiv təsiri var: lazım gəldikdə hakimiyyət söyüş ritorikası ilə tənqid edənləri, yalan və ya əsassız məlumat yayanları ümumi müxalifətin siması kimi təqdim edir və insanları prosesdən çəkindirmək üçün qara PR aparır. Tənqid hər zaman lazımdır, lakin müxalifət məntiqli siyasətlə qurula bilər. Müxalifət institusional anlayışdır, strukturları olur, seçkiyə gedir, aksiyalar təşkil edir və s. Bütün bunlar müxalif addımlardır, amma sadəcə müxalif olmaq müxalifət mənasına gəlmir”.

Söyüş ritorikasını artıq dəstəkləmədiyini deyən Qabil Məmmədov söyüşün siyasi təzyiqlərin emosional əksi olduğunu qeyd edir:

“Artıq xeyli müddətdir ki, söyüşdən istifadə etmirəm. Söyüş pis şeydir; əgər adamın özünə, yaxınlarına təzyiq göstərirlərsə, normal yaşamağa qoymurlarsa, bu söyüşdən daha pisdir və onların [hakimiyyətin] etdiklərinin qarşısında söyüş xeyli yüngül əməl sayılır. Lakin dediyim kimi, artıq söyüşdən istifadə etmirəm. Amma sırf söyüşdən danışırıqsa, Trampın seçki dövründə söydüyü söyüşlərə görə, gərək nəinki onu prezident seçmək, heç salam da verməzdilər. Amma bu gün söyüş söyən Trampla hamı ehtiramla danışır; Amerikanın imicini müzakirə edən yoxdur.”

Ekstradisiya Strategiyası – “Avtoritar sistemlərdə bu qərarlar hüquqi yox, siyasi alətdir”

Cəfərli deyir ki, avtoritar hakimiyyət olan Azərbaycan xaricdə yaşayan hansısa şəxsə cinayət işi açırsa, həmin şəxsi ölkəyə gətirməyi mümkünsüzləşdirir. Onun sözlərinə görə, həmin şəxslərin hətta başqa ölkə vətəndaşlığı olsa da, onlar Azərbaycan vətəndaşlığından çıxarılmayıblar; onların başqa ölkə vətəndaşlığı olsa da, bu onları indiki kimi qoruya bilməzdi: 

“Vətəndaşlıqdan çıxartmaq prezidentin səlahiyyətindədir, yalnız fərmanla mümkün ola bilər və indiyə qədər vətəndaşlıqdan çıxarılma fərmanları görməmişik. Yəni hətta ikili vətəndaşlığı olanlar da ola bilər, lakin başqa ölkə vətəndaşlığı onlara xüsusi qoruma statusu vermir. Azərbaycan hökuməti kiminsə barəsində belə qərar çıxarırsa, onların avtomatik qorunmaq şansı yaranır. Biz bunu rus jurnalistlər nümunəsi üzərindən də görə bilərik. Rusiyada jurnalistlərin barəsində cinayət işi açılanda, hətta Rusiya vətəndaşı olaraq bank hesabı açdırmağın çətin olduğu halda belə, barəsində qərar olanlara xeyli güzəştlər olur, bank kartları açılır, qorunmaya alınırlar. Nevzorov deyir ki, avtoritar ölkələrin ağlı yoxdur ki, bizə qarşı cinayət işi açır, çünki bizi bu halda daha çox qoruyur. [Hazırda İtaliyada yaçayan rusiyalı junalist Akesand Nevzorova qarşı bu ilin may ayında ekstremist fəaliyyəti maliyyələşdirmək ittihamı ilə cinayət işi açılıb]”.

Elman Fəttah
Foto Elman Fəttahın şəxsi arxivindən

Elman Fəttah isə hesab edir ki, xaricdəki blogerlərə qarşı qiyabi həbslər hüquqi müstəvidə yox, siyasi məqsədlərlə atılan addımlardır. Onun fikrincə, bu qərarların həm daxili auditoriyaya qorxu mesajı vermək, həm də beynəlxalq aləmdə legitimlik görüntüsü yaratmaq kimi funksiyaları var:

“Avtoritar sistemlərdə bu qərarlar hüquqi yox, siyasi alətdir. Bu qərarlarla hakimiyyət bir neçə məqsəd güdür: birincisi, daxilə mesaj verilir ki, ‘hakimiyyətin əlindən heç kim qaça bilməz, biz xaricdə də izləyirik’. Bu, qorxu siyasətinin elementidir. İkincisi, nəticəsiz qalacağını bilə-bilə bu qərarları verməklə beynəlxalq müstəvidə özünü legitim göstərməyə çalışırlar – sanki blogerlər cinayətkardır və onlar hüququ qoruyurlar. Üçüncüsü, məsələyə vahid strategiya kimi baxmaq düzgün deyil. Azərbaycan avtoritarizmi kənardan monolit görünsə də, daxilində müxtəlif qruplar var: təhlükəsizlik orqanları, siyasi bloklar, ideoloji aparat və s. Maraqlar toqquşanda bu qruplar bir-birinə qarşı alətlərdən istifadə edə bilirlər, amma maraqları üst-üstə düşəndə – hansı ki, bu məsələ həmin hallardan biridir – ortaq mövqedən çıxış edirlər. Mən bunu daxildə qrupların bir-birinə qarşı vasitəsi kimi yox, bütün qrupların ortaq qorxu maraqlarına xidmət edən, yuxarıdan verilmiş qərar kimi görürəm”, – deyə Fəttah qeyd edir.

Xaricdə yaşayan azərbaycanlı blogerlər barəsində çıxarılan qiyabi həbs qərarları ətrafında gedən müzakirələr göstərir ki, bu qərarlar hüquqi mexanizmdən daha çox siyasi vasitə kimi dəyərləndirilir. Hakimiyyətə yaxın tərəflər bu addımları “dövlətin təhlükəsizliyini qorumaq” və “Azərbaycanı qaralama kampaniyalarına qarşı müdafiə” çərçivəsində əsaslandırmağa çalışsalar da, müxalif siyasətçilər və hüquq müdafiəçiləri onları avtoritar strategiyanın bir hissəsi kimi qiymətləndirirlər.

Natiq Cəfərli hesab edir ki, bu qərarların məqsədi həmin şəxslərin Azərbaycana gətirilməsi deyil, əksinə onların Avropada qalmasını təmin etməkdir. Onun arqumentinə görə, qiyabi həbslər blogerlərə əlavə hüquqi qoruma qazandırır və eyni zamanda onların Avropadakı fəaliyyəti hakimiyyət üçün müxalifətin nüfuzunu zəiflətməkdə əlverişli alət rolunu oynayır. Qabil Məmmədov Azərbaycan dövlətinin onların fəaliyyətinə müxtəlif formalarda təzyiq göstərmək cəhdlərinin davamı kimi qiymətləndirir və barələrində çıxarılan həbs qərarlarının siyasi xarakter daşıdığını vurğulayır. Elman Fəttah isə daha geniş perspektivdən yanaşaraq bildirir ki, bu qərarlar daxildə ictimaiyyətə qorxu mesajı vermək, xaricdə isə hakimiyyətin legitimlik görüntüsü yaratmaq məqsədinə xidmət edir.

Ana səhifəXəbərlərQiyabi həbs qərarlarının məqsədi nədir?