”Qırx pillə” kimindir?

Qarabağ əlili: ”Kafenin əsl sahibi Prezident Administrasiyasının şöbə müdiridir”

Source:


Qarabağ əlili: ”Kafenin əsl sahibi Prezident Administrasiyasının şöbə müdiridir”

“O yer zibillik idi. Orda köhnə, uçuq bir yarımtikili vardı. Biz də oranı abıra salıb kiçik bir sahibkarlıq obyekti açmaq istəyirdik. Bilirsiz ki, əlilliyə görə verilən pensiyalar heç dərmanlarımıza da çatmır. Məqsədimiz gələcəkdə obyektdən əldə olunan gəliri aramızda bölüşdürüb başımızı dolandırmaq idi”.

10 ildən çoxdur ki, bir qrup Qarabağ əlili kiçik bir sahəyə görə Səbail Rayon İcra Hakimiyyəti ilə “döyüşür”. Qarabağ əlili Məğrub Bədəlli Meydan TV-yə danışır ki, o və daha bir neçə Qarabağ əlili Nərimanov heykəli yaxınlığında – “qırx pilləkən” deyilən ərazidəki zibilliyi təmizləyərək yerində obyekt açmaq istəyiblər. Ancaq əlillərin Səbail Rayon İcra Hakimiyyətinə etdikləri müraciətə qurumun hüquq şöbəsinin müdiri Hafiz Aberkarovun imzası ilə cavab gəlib ki, Bayıldakı sürüşmələrlə əlaqəli tədbirlər həyata keçirildiyi üçün qırxpilləkənin başındakı sahəni onlara vermək mümkün deyil. Tezliklə isə əlillər eşidiblər ki, istədikləri əraziyə görə başqa bir şirkətin adına “Çıxarış” verilib.

İş bizim xeyrimizə gedirdi, amma…

“Həmin uçuq, sahibsiz tikilinin istifadəmizə verilməsi iddiası ilə Səbail Rayon Məhkəməsinə müraciət etdim. İş bizim xeyrimizə gedirdi, cavabdeh tərəf Səbail Rayon İcra Hakimiyyəti idi, nümayəndəsi məhkəməyə gəlmirdi. Bir neçə iclas belə keçdi, hakim Nurəddin Bağırova bildirdim ki, necə deyərlər, artıq divar qurtarıb, qərarınızı verin. İddia bu şəkildə idi ki, Şeyx Şamil küçəsi, 40 pilləkən kompleksi ünvanındakı istifadəsiz və sahibsiz, uçuq tikili istifadəmizə verilsin. Hakim Nurəddin Bağırov dedi ki, əvvəlcə həmin yerin sahibsiz olması barədə qərar qəbul edilməlidir. Sonra sahibsiz yerin istifadəyə verilməsi tələbi qoyulmalıdır. Bir də xəbər tutduq ki, hakim icra hakimiyyətinin hüquq şöbəsinin müdiri Hafiz Aberkarovla əlaqədəymiş. Bizi məhkəmə salonunda yola verir, qarşı tərəfə vaxt qazandırırmış. 25 noyabr 2013-cü ildə hakim səbəb göstərmədən məhkəməni qeyri-müəyyən vaxtadək təxirə saldı. Dekabr ayında 1 ay əvvəlin tarixi ilə məhkəmə qətnaməsi gəldi. Həmin qətnamədə göstərilirdi ki, guya həmin yer sahibsiz deyil və “Alyans-F” MMC-nin mülkiyyətindədir. Özü də mən rəsmi şəkildə deyilən ünvandakı Şeyx Şamil küçəsi 40 pilləkən kompleksini istəyirəm, çıxarış isə Nərimanov prospekti, ev 2, 129 məhəllə ünvanına verilib”.



45 məhkəmə aktı var

Bundan sonra əlillərlə Səbail Rayon İcra Hakimiyyəti və Bakı Reyestr Xidməti arasındakı mübahisələrə dair nə az – nə çox – düz 45 məhkəmə aktı qəbul olunub. Əlillərin “Alyans –F” MMC-nin sənədinin etibarsız sayılması üçün 5 illik məhkəmə çəkişmələri nəticə verməyib. Bir də xəbər tutublar ki, mübahisəli sahə məhkəmə davam edərkən Cəfərov Məmməd Hüseyn oğlunun adına sənədləşdirilib və ərazidə “Qırx pillə” kafesi tikilib.

Məğrub Bədəlli:

“Biz artıq araşdırmışdıq ki, sahə başqa adamın adına olsa da, faktiki Prezident Aparatının şöbə müdiri Əli Əsədovundur. Bu işin arxasında, o, dayandığı üçün nə məhkəmələr, nə polis, nə prokurorluq bizi dinləyir. Bütün qərarlar bir telefon zəngi ilə həll olunur. Həmin kafenin vergi uçotunda olub-olmadığını dəqiqləşdirmək üçün Vergilər Nazirliyinə sorğu göndərdik. Cavab gəldi ki, belə məlumatlar məxfi saxlanılır. Vergilər Məcəlləsinin 30.2-ci maddəsində qeyd olunur ki, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, Nizamnamə kapitalı, vergidən yayınma halları, hüquqi şəxslərin dövlət reyestrindən Çıxarışları (təsisçilər və onların payı istisna olmaqla), vergi borcları istisna olmaqla digər məlumatlar vergi sirri sayılır. Göründüyü kimi, bizim istədiyimiz məlumat vətəndaşlara qanunla açıq olduğu halda faktiki gizli saxlanılır”.



Əlillər prezidentdən kömək istəyir

Qarabağ əlilləri isə hesab edirlər ki, vergi orqanı bu məlumatları vətəndaşlardan qəsdən gizlədir.

Hazırda əlillər bu il martın 2-də çıxan son Qətnamədən Konstitusiya Məhkəməsinə müraciət ediblər.

Səbail Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, Hafiz Aberkarov hazırda bu qurumda çalışmır. Mübahisəli sahəyə gəlincə, hələ Məğrub Bədəllidən də xeyli əvvəl həmin ərazi “Alyans-F” MMC-yə verilib. Daha sonra şirkət sahəni başqa sahibkara satıb:

“Bu məsələlərlə bağlı məhkəmələr öz qərarlarını veriblər. Bizə də, qarşı tərəfə də qərarlara hörmətlə yanaşmaq qalır. Qərarlardan narazı qalıblarsa, yuxarı instansiyalara müraciət edə bilərlər, bu, onların hüquqlarıdır”.

Qurumdan Meydan TV müxbirinin digər suallarını dinləməyərək telefonu qapadıblar.

Məğrub Bədəlli ilə bərabər digər müharibə əlilləri Xaliq Abbaszadə, Güloğlan Süleymanov, Müşfiq İsmayılov, Eldar Hüseynov, Mirbaba Əhmədov və Yusif Cəbrayılov ölkə başısına müraciət ediblər. “Onsuz da acınacaqlı durumdayıq, pensiyamız dərmanlarımıza da yetmir. Üstəlik, məmurlar da son hava yerimiz olan nəfəscikləri tıxayırlar. Əlillərin son çörək yeri kimi ümid bağladıqları zibilliyə də əl qoyurlar. Həm də bunu Prezident Administrasiyasında – sizinlə eyni binada vəzifə tutan birisi edir”, – bunları əlillər ölkə başçısına yazıblar.

Ana səhifəReportaj”Qırx pillə” kimindir?