Prezident Administrasiyasının mətbuat katibi “Kloop”un jurnalistlərinə təzyiqlərin onun araşdırmaları ilə bağlı olduğuna eyham vurub
Qırğızıstanda fəaliyyət göstərən “Kloop” media qurumunun keçmiş və indiki işçilərinin mayın 28-də və 29-da kütləvi həbsinin formal səbəbi məlum olub.
“Kloop” vəkilə istinadən yazır ki, onlardan ikisi – videoqraf Aleksandr Aleksandrov və keçmiş işçi Joomart Duulatov “kütləvi iğtişaşlara çağırışlarda iştirakda” ittiham olunurlar. Hər ikisinin barəsində məhkəmə hökmü ilə həbs qətimkan tədbiri seçilib, onlar növbəti ay yarımı Dövlət Milli Təhlükəsizlik Komitəsinin istintaq təcridxanasında keçirəcəklər. Çağırışların konkret nədən ibarət olduğu açıqlamayıb. Məhkəmə qapalı keçirilib.
Mətbu orqanının yazdığına görə, Qırğızıstan Prezident Administrasiyasının mətbuat katibi “Kloop”un jurnalistlərinə təzyiqlərin onun araşdırmaları ilə bağlı olduğuna eyham vurub.
Aleksandrov və Duulatov mayın 28-də Dövlət Milli Təhlükəsizlik Komitəsi əməkdaşları tərəfindən saxlanılıb. Onların evlərində axtarış aparıb, ləvazimatlarını götürüb, sonra hər ikisini Dövlət Təhlükəsizlik Komitəsinin Bişkek şəhər şöbəsinə aparıblar.
Eyni zamanda, Oş və Bişkekdə daha üç nəfər saxlanılıb: “Kloop”un jurnalisti Zıyagül Bolot qızı, əməkdaşı Ayday Erkebayeva və 2023-cü ildə istefa vermiş keçmiş redaktor Zara Sadıqəliyeva.
Onlar altı saata yaxın vəkilsiz dindiriləndən sonra sərbəst buraxılıblar.
Ertəsi gün Bişkekdə “Kloop”un daha iki əməkdaşı – Abdil Torobayev (onun cəmi 20 yaşı var) və inzibati işçi saxlanılıb. Torobayev vəkilsiz bir neçə saatlıq dindirmədən sonra sərbəst buraxılıb. İnzibati işçi axtarış üçün vəkilsiz “Kloop”un texniki ofisinə aparılıb, oradan avadanlıq və mühasibat sənədləri götürülüb. Daha sonra o, Milli Təhlükəsizlik Komitəsində dindirilib və sərbəst buraxılıb. Mayın 30-da redaksiya ilə işləyən mühasib saxlanılıb.