Qırğızıstanda 11 jurnalistə hökm oxunub

Foto: Azadlıq Radiosu

Araşdırmaçı jurnalistlər kütləvi iğtişaşlar törətməkdə ittiham olunublar

Qırğızıstan məhkəməsi 2024-cü ilin yanvarında “hakimiyyətə qarşı kütləvi iğtişaşlar” ittihamı ilə həbs olunan 11 jurnalistə hökm oxuyub.

Onlar “Ayt Ayt Dese” (qırğız dilində kontent dərc edən nəşr) və “Temirov Live” (rusdilli kanal) layihəsi ilə əməkdaşlıq edən jurnalistlərdir.

Bu barədə layihələrin rəhbəri, araşdırmaçı-jurnalist Bolot Temirov “Telegram” kanalında məlumat verib.

Bildirib ki, həyat yoldaşı və “Ayt Ayt Dese”nin direktoru Maxabat Tacibek qızı 6 il, digər əməkdaş Azamat İşenbekov 5 il müddətinə azadlıqdan məhrum ediliblər.

Həmçinin “Temirov Live”in əməkdaşları Aktilek Kaparov və Ayke Beyşekeyevaya da eyni ittihamlarla 3 illik şərti cəza kəsilib.

Yeddi nəfərə bəraət verilib.

11 jurnalistin məhkəməsi 2024-cü il iyunun 7-də başlanıb.

Bir neçə həftə öncə prokurorlar onların hər birinə 6 il həbs cəzası tələb etmişdilər.

“Temirov Live” “YouTube” kanalının təsisçisi jurnalist Bolot Temirovdur.

“Temirov Live” kanalı Dövlət Milli Təhlükəsizlik Komitəsinin informasiyanı necə manipulyasiya etməsi, 2021-ci il aprelin sonunda Qırğızıstan-Tacikistan sərhədində 36 qırğızın ölümü ilə nəticələnən münaqişənin səbəbləri, DMTK rəhbəri Kamçıbek Taşiyevin qohumunun neft zavoduna rəhbərlik etməsi barədə materiallar yayıb.

Kanal, bundan başqa, ölkədəki siyasi vəziyyətlə və Qırğızıstanın hazırkı Prezidenti Sadır Japarov rejiminin nə dərəcədə sabit olması ilə bağlı politoloq və digər ekspertlərin rəylərini dərc edib.

Araşdırmalara görə Qırğızıstanın Daxili İşlər Nazirliyinin əməkdaşları Bolot Temirovun üzərində narkotik “aşkarlayıb” və güc strukturları bu bəhanə ilə redaksiyada axtarış aparmağa cəhd ediblər.

Sonra “Temirov Live”in jurnalistləri bu cinayət işi ilə əlaqədar dindiriliblər.

Temirov narkotiklə bağlı işdə bəraət alıb.

2022-ci ilin aprelində Bolot Temirova qarşı yeni ittiham irəli sürülüb (sənədlərin saxtalaşdırılması və sərhədi qeyri-qanuni keçmə).

Hakimiyyət Temirovu pasport şöbəsinin məmurlarını aldatmaqda və saxta hərbi bilet təqdim etməklə qırğız pasportunun alınması prosedurunu pozmaqda ittiham edib.

Bu ittihama səbəb Bolot Temirovun 2001-ci ildə Rusiya vətəndaşlığı alması olub.

Qırğızıstan qanunlarına görə, digər vətəndaşlığın alınması ölkə vətəndaşlığının avtomatik ləğvi anlamına gəlmir.

Həmkarları və hüquq müdafiəçilərinin etirazlarına və tərəfkeşliyinə baxmayaraq, məhkəmə Temirovu günahkar bilib və jurnalist Rusiyaya deportasiya olunub.

Bolot Temirov deportasiya edildikdən sonra kanalın hesabları sıfırlanıb və jurnalistlərin hesabları bloklanıb. Jurnalistlər müntəzəm surətdə dolanışıqlarından məhrum olsalar da, fəaliyyətlərinə inadla davam ediblər.

Hakimiyyətin növbəti addımı jurnalistləri “kütləvi iğtişaşlara çağırışlar”da, kanal rəhbərlərini isə bu çağırışların “təşkili”ndə ittiham etmək olub.

Mahabat Tajibek qızı, Sapar Akunbekov, Azamat İşenbekov, Saypidin Sultanaliyev, Aktilek Kaparov, Tınıstan Asıpekov, Maksat Tajibekuulu, Joodar Buzumov, Jumabek Turdaliyev, Ayke Beyşekeyeva və Akıl Orozbekov 2024-cü il yanvarın 16-də həbs olunub.

Ana səhifəDünyaQırğızıstanda 11 jurnalistə hökm oxunub