QHT və siyasətçilər Saakaşvilinin klinikaya köçürülməsini tələb edir

Mixeil Saakaşvili. Foto: Meydan TV

Məqalə JAMnews saytında dərc olunub.

Gürcüstanın 19 qeyri-hökumət təşkilatı, o cümlədən “Lelo”, “Droa” və “Xalxistvis” siyasi partiyaları Gürcüstanın hazırda məhbəsdə olan və aclıq elan edən üçüncü prezidenti Mixail Saakaşvilinin çoxprofilli mülki klinikaya köçürülməsini tələb edir. 

Onlar hökuməti Gürcüstan ombudsmeninin tövsiyələrini nəzərə almağa çağırırlar.

Bəyanata qol çəkmiş qeyri-hökumət təşkilatları hesab edir ki, hökumət həyat, sağlamlıq və şəxsi təhlükəsizlik hüququnun qorunması standartları ilə hospitala yerləşdirilmə problemini çözməlidir.  

Onların dediyinə görə, çoxfunksiyalı həkim qrupu Saakaşvilinin uyğun personal və tibbi avadanlıqla hospitala yerləşdirilməsini tövsiyə edib. Xalq müdafiəçisi Nino Lomcariya isə belə qənaətə gəlib ki, 18 nömrəli islah-əmək müəssisəsinin xəstəxanası standartlara uyğun deyil. Bundan başqa, onun fikrincə, Mixail Saakaşvilinin 18 nömrəli müəssisəyə yerləşdirilməsi onun təhlükəsizliyi üçün risklidir.

Droa Partiyası da bəyanat yayıb. Orda deyilir ki, sabiq prezident dərhal mülki xəstəxanaya yerləşdirilməlidir.

“Hakim partiya Gürcü Arzusu məhbəsin sağlamlığının qayğısına qalmaq əvəzinə ombudsmenin ünvanına itrənc, iftira dolu və həyasız bəyanatlar verir və Saakaşvilinin mülki klinikaya köçürülmə imkanını istisna edir”, – bəyanatda deyilir.

Droa həmçinin qeyd edir ki, məhbusların müalicəsi üçün yalnız məhbəs xəstəxanasının istifadə olunduğunu bəyan edən hökumət yalan danışır, çünki 2020-ci ildə 585 məhbus mülki xəstəxanaya köçürülüb. Bu da Gürcü Arzusunun Mixail Saakaşvilidən şəxsən qisas aldığını bir daha sübut edir. Partiya Mixail Saakaşvilinin həyat və sağlamlığı ilə bağlı hüquqlarının qorunması üçün Gürcüstanda akkreditasiya olunmuş diplomatik korpusu, beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarını bütün vasitələrdən istifadə etməyə çağırır.  

Mixail Saakaşvili tərəfdarlarının Rustavi məhbəsinin qarşısında mitinqi/ JAMnews
  • Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili 26 gündür aclıq edir. Bir neçə gün əvvəl məhbəsə gedən bir qrup həkim onun çoxfunksiyalı mülki müəssisəyə köçürülməsini tövsiyə edib. Lakin Gürcüstanın ədliyyə naziri deyir ki, üçüncü prezidentin vəziyyəti pisləşərsə, onu yalnız məhbəs xəstəxanasına köçürəcəklər.
  • “Məhbəs klinikası çoxprofilli xəstəxananın meyarlarına uyğundur və aclıq edən məhbusun sağlamlığını nəzarət altında saxlamaq iqtidarındadır”, – ədliyyə naziri Rati Breqadze bəyan edir.  
  • Xalq müdafiəçisinin xüsusi nümayəndəsi üçüncü prezidentin köçürüləcəyi məhbəs xəstəxanasının hazır olub-olmadığını yoxlayıb.
  • Gürcüstanın xalq müdafiəçisi Nino Lomcariya bəyan edib ki, məhbəs xəstəxanasının vəziyyəti həkim qrupunun nəticələri və tövsiyələrinə uyğun deyil və təhlükəsizlik üçün bəzi risklər mövcuddur.
  • Kardioloq Zurab Paqava sabiq prezident Mixail Saakaşvilinin vəziyyətinin müşahidəsi üçün yaradılmış həkimlər şurasını tərk edib. Həkim deyib ki, sağlamlığı ilə bağlı problem yaşadığı üçün konsiliumdan çıxmalı olub.
Ana səhifəXəbərlərQHT və siyasətçilər Saakaşvilinin klinikaya köçürülməsini tələb edir