“QHT işi” üzrə həbsdə olan sosial işçi Zamin Zəkinin cinayət işi üzrə məhkəmənin növbəti iclası bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilib.
İclasda şahidlər dindirilib. Dövlət ittihamçısı Zamin Zəkinin 8 il həbs cəzası almasını tələb edib.
Növbəti proses martın 11-nə təyin olunub.
Zamin Zəkiyə Cinayət Məcəlləsinin vəzifə saxtakarlığı, vəzifə səlahiyyətlərindən sui-istifadə və cinayət yolu ilə böyük məbləğdə əmlakın leqallaşdırılması kimi bir neçə maddəsi üzrə ittihamlar irəli sürülüb. Onun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə ötən ilin aprelində həbs qətimkan tədbiri seçilib. İttiham aktına görə, o, 50 min manatdan çox vəsaiti leqallaşdırıb.
Baş Prokurorluğun İstintaq İdarəsi Azərbaycanda fəaliyyət göstərən bir sıra QHT və onların rəhbərləri barədə cinayət işi açıb. Onlar da müxtəlif maddələr üzrə – əmlakın leqallaşdırılması, vəzifədən sui-istifadə və vəzifə saxtakarlığı – ittiham olunurlar.
“QHT işi” üzrə həbslər 2025-ci ilin martından başlayıb
“QHT işi” çərçivəsində həbslər 2025-ci ilin martında başlayıb. O zaman hüquq müdafiəçisi Bəşir Süleymanlı və Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay (Məmmədzadə) həbs olunub.
Apreldə isə daha üç nəfər – Asəf Əhmədov, Zamin Zəki və Əhməd Məmmədzadə – eyni qərarla həbs edilib.
İstintaq zamanı bir sıra fəal şəxslərə isə həbs əvəzinə alternativ qətimkan tədbirləri seçilib. Bunlar arasında “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov, ABŞ-nin Alman Marşall Fondunun (GMF) Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimli və başqaları var.
Habelə, ölkədən kənarda yaşayan Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli və ictimai fəal Aytac Ağazadə haqqında həbsli axtarış qərarı verilib.