Baş Prokurorluğun İstintaq İdarəsində QHT-lərlə bağlı cinayət işi üzrə istintaqa 50-yə yaxın şəxsin cəlb olunduğu deyilir
ABŞ German Marşal Fondunun (GMF) Azərbaycan üzrə məsləhətçisi olmuş Mehriban Rəhimlinin “QHT işi” çərçivəsində istintaqa cəlb olunduğu və polis nəzarətinə verildiyi bildirilir.
“Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənovun Baş Prokurorluğun İstintaq İdarəsində yerli və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) haqqında cinayət işi üzrə təqsirləndirilən şəxs kimi tanındığı bildirilir.
Martın 17-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə onun haqqında ev dustaqlığı qətimkan tədbiri seçilib.
Hafiz Həsənov martın 14-də daha üç təşkilat rəhbəri ilə birlikdə saxlansa da, həmin gün axşam saatlarında buraxılmışdı. O, sonradan təqsirləndirilən şəxs qismində yenidən istintaqa cəlb edilib. Hafiz Həsənov rəhbərlik etdiyi “LD Konsaltinq” MMC vasitəsilə donor təşkilatlardan layihə üçün aldığı maliyyəni qrant müqaviləsi yox, xidmət müqaviləsi kimi rəsmiləşdirməkdə günahlandırılır.
Martın 14-də eyni cinayət işi üzrə Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay (Məmmədzadə) və Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı da həbs olunub. Binəqədi rayon Məhkəməsinin qərarı ilə onların hər biri haqqında 3 ay 28 günlük həbs qətimkan tədbiri seçilib. Martın 19-da həbs qərarından apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsi həbsi qüvvədə saxlayıb.
Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli isə ölkədə olmadığından onun haqqında qiyabi həbs qərarı çıxarılıb və axtarışa verilib.
Adları çəkilən vətəndaş cəmiyyəti fəalları Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurlar. Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.
Martın 14-də digər təşkilat rəhbərləriylə yanaşı, media hüququ üzrə ekspert, hüquqşünas Xalid Ağəliyev də saxlansa da, həmin gün axşam sərbəst buraxılıb.
“Azadlıq” radiosunun əldə etdiyi məlumata görə, Baş Prokurorluğun İstintaq İdarəsində QHT-lərlə bağlı cinayət işi üzrə istintaqa 50-yə yaxın şəxs cəlb olunub. Onların arasında qrant vermiş donor təşkilatların Azərbaycandakı nümayəndəliklərinin əməkdaşları da var. Bundan əlavə, hökumətyönlü QHT rəhbərlərindən bir neçəsinin də istintaqa cəlb edilənlər sırasında olduğu bildirilir.
Prokurorluqda dindirilənlər arasında Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədovun da adı çəkilir. O, “gununsesi.info”-ya açıqlamasında dindirildiyini təsdiqləsə də, istintaqa hansı statusda cəlb olunduğunu açıqlamayıb:
“Prokurorluğa çağrılmışıq, amma hansı statusla və nəyə görə sualına cavab verə bilməyəcəyəm. İstintaq sirridir”.
Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərovanın da Baş Prokurorluğun İstintaq İdarəsində aparılan “QHT İşi” çərçivəsində istintaqa cəlb olunduğu bildirilir.
“Gununsesi.info”-nun məlumatına görə, Günel Səfərova ötən həftə Baş Prokurorluqda 5 saata yaxın dindirilib.
2021-2023-cü illər ərzində Elm və Təhsil Nazirliyinin yanında İctimai Şuranın sədri vəzifəsində çalışan Günel Səfərova Avrasiya Əməkdaşlıq Fondu, “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası kimi beynəlxalq təşkilatlarda layihə rəhbəri olub. Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının üzvü, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının “Qaçqınların sosial qiymətləndirilməsi” layihəsinin müqavilə üzrə rəhbəri kimi fəaliyyət göstərib.
ATƏT-in müşahidəçilik missiyasında təmsil olunan Günel Səfərova “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədridir. O, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü olub.
2014-cü ilin yayında Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində QHT-lərlə bağlı cinayət işi başlanmış, ardından ölkədə bir sıra təşkilat rəhbərləri həbs olunmuşdu. Onların arasında Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, icraçı direktoru Bəşir Süleymanlı, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus, həyat yoldaşı, tarixçi alim Arif Yunus, İnsan Haqları Klubunun sədri Rəsul Cəfərov da vardı. Adları çəkilən şəxslərin hamısına münasibətdə Avropa İnsan Haqları Məhkəməsi Konvensiyanın 18-ci (hüquq və azadlıqların Konvensiyadankənar məqsədlərlə məhdudlaşdırılması) maddəsinin pozuntusunu tanıyıb.
Təşkilat rəhbərlərinin həbsinin ardından ölkədə QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericiliyə xeyli əlavə və dəyişiklik edilib. Beynəlxalq təşkilatlar, o cümlədən Venesiya Komissiyası həmin dəyişiklikləri tənqid edib, təşkilatların fəaliyyətini məhdudlaşdırmağa hesablandığını vurğulayıb.