İyunun 17-də, Gəncə Ağır Cinayətlər Məhkəməsində “QHT işi” üzrə həbs olunan ictimai fəal Asəf Əhmədova hökm oxunub.
Məhkəmənin qərarı ilə Asəf Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə Əbülfəz Qurbanlı sosial mediada məlumat yayıb.
Əhmədov haqqındakı ittihamları rədd edib və məhkəmədə son sözlə çıxış edib. Fəalın sozn sözünü olduğu kimi təqdim edirik:
“Hörmətli Məhkəmə Heyəti!
Dövlət ittihamçısının çıxışını dinlədik. Bu çıxışda səslənən iddialar sadacə hüquqi terminlərin arxasında gizlədilmiş fərziyyələrdir. Bundan əvvəlki 4 prossesdə mənə qarşı irəli sürülmüş ittihamı maddələrlə bir-bir dağıdan arqumentlərlə çıxış etmişəm.
İfadəmdən də göründüyü kimi, ittihamın sütunu olan 193-1-ci maddələri başda olmaqla heç biri sübut olunmayıb.
Bu prosess sadəcə bir şəxsin taleyini həll etmir, mənim və böyük ailəmin gələcəyinə də təsir edir. Bu günkü prosess hüququn və ədalətin necə tətbiq olunacağı barədə bir imtahandır. Bildiyiniz kimi, mən tarix müəllimiyəm. Mənim ixtisasımın predmeti – həqiqətdir. Mən fəlsəfəçiyəm. Fəlsəfənin də predmeti həqiqəti müəyyən etməkdir – bu kürsüsündə dayandığım məhkəmə kimi.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Kommentariyasının 8-ci Maddəsi Ədalət prinsipindən bəhs edəcəm, onun 4-cü bəndində qeyd edilir ki, Ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etmə bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Ədalət yalnız yuxarıda qeyd etdiyim qanunun tətbiqi deyil. Ədalət həm də vicdanın səsidir.
Tarix mənə öyrədib ki, məhkəmə zallarında vicdanla verilən qərarlar əbədidir.
Sizə müxtəlif növ təsirlər ola bilər. Tarix boyu fərqli düşüncə sahiblərini və ziyalıları müxtəlif qondarma ittihamlarla, müxtəlif adlarla mühakimə ediblər. Mən tarixçi olduğum üçün bu zalda baş verənlər mənə çox tanışdır. Vaxtilə kitablardan oxuduğum bu gün başıma gəlir. Aylardır bu zalda gedən prosseslərdən və qarşınızdakı materiallardan nələrin baş verdiyi sizə də mənə də elə prokurora da aydındır. Ortada hər hansı cinayət yoxdur. Məqsəd vətəndaş cəmiyyəti üçün nəsə etmək istəyən bir adamı susdurmaqdır.
Sokratı da vaxtilə fərqli düşündüyü üçün ittiham edib, mühakimə etmişdilər. Bu gün onu mühakimə edən mənsəb sahiblərini heç kim xatırlamır, amma Sokratı hələ də oxuyur, onu tanıyırlar.
Hüseyn Cavidi və onlarla ziyalılarımızı məhz belə qondarma ittihamlarla, sadəcə düşüncələrinə görə mühakimə ediblər. O vaxtki müstəntiqlər, prokurorlar qalib gəldiklərini düşünürdülər. Amma tarix o qərarvericiləri bağışlamadı. Ədalər gec də olsa yerini tapdı.
Bu gün də ortada cinayət yoxdur, sadəcə mənimlə bağlı bir sifariş var. 1 il 2 aydır ki həbsdəyəm və daha nə qərar verəcəksiniz bilmirəm.
Mənim məqsədim vətəndaş cəmiyyətin töhfə vermək olmuşdur. Məni bu böyük yola çəkib gətirən cəmiyyətin inkişafı yönündə düşüncələrim olmuşdur. Bu istiqamətdə fəaliyyətim və düşüncələrim istintaq tərəfindən dövlətin və cəmiyyətin mənafeyinə vurulan ağır zərbə kmi qiymətləndirilir. Gördüyüm işlər isə görməzdən gəlinir.
Son 4 prosses zamanı məhkəmə çıxışlarımda ittihamları dəlil-sübutlarla rədd etdim. Hüquq müdafiəçisi Martin Lüter King xatırladırdı:
“Həyatın sonunda biz düşmənlərimizin sözlərini deyil, dostlarımızın sükutunu xatırlayacağıq”.
Bu gün mənim işimdə susanlar və bu qondarma ittiham aktını yazanlar tarixin qarşısında cavab verəcəklər. Mən bir müəllim kimi şagirdlərimə hər zaman ədaləti aşılamışam, bu gün isə ədalətsizliyin qurbanına çevrilmişəm. “Çirkli pul” nağılları yaza bilərlər, amma mənim dürüstlük ideyamı və təmiz keçmişimin qarşısını heç bir ittiham aktı ala bilməz.
Hörmətli kollegiya,
Yadınıza gəlirsə, mən çıxışa başlayanda qeyd etdim ki, bu prosses Azərbaycan vəyəndaş cəmiyyəti tarixinə düşəcək bir məhkəmə prossesi olacaq. Daha sonra qeyd etdim ki, mən ədalətin məhz bu məhkəmədə bərqərar olmasını istəyirəm, Avropa Məhkəməsində yox.
Dövlətimə, xalqıma xidmət edən bir ziyalı kimi sizdən xahiş edirəm bu işi yalnız ittihamın təqdim etdiyi çərçivədə deyil, hüququn ədalət və humanism prinsiplərinə söykənərək, vicdanı rəhbər tutaraq obyektiv qiymətləndirəsiniz.
Mən sizdən ədalətli qərar gözləyirəm. Ədalətlin ən böyük prinsipi günahsızın cəzalandırılmamasıdır. Ədalətli qərar isə yalnız müstəqil məhkəmə tərəfindən verilə bilər.
Mən sizdən hüquqi cəsarət tələb edirəm. Çünki bu gün verəcəyiniz qərar mənim sabahımı, sizin də ədalətinizi təyin edəcək.
Ümid edirəm ki, siz bu gün ədalətsizliyə şərik olmayacaq, bəraət qərarı çıxarmaqla Azərbaycan məhkəməsinin necə ədalətli və müstəqil olduğunu nümayiş etdirəcəksiniz”.
“QHT işi” üzrə həbslər 2025-ci ilin martından başlayıb. Həmin vaxt Vətəndaş Hüquqları İnstitutunun rəhbəri B.Süleymanlı, Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay (Məmmədzadə) həbs olunub. Apreldə daha üç nəfər – ictimai fəal Asəf Əhmədov, sosial işçi Zamin Zəki və Əhməd Məmmədzadə haqqında da eyni qərar verilib.
Qalib Bayramov və Nərgiz Muxtarova barəsində polisin nəzarəti altına vermə tədbiri seçilib.
Onlara qarşı 193-1.2.2 (cinayət yolu ilə əldə edilmişəmlakı leqallaşdırma, təkrar törədildikdə), 193-1.2.3 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə ), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.