Qəzalı binada yaşayış ola ola söküntü gedir

Binada yaşayış ola-ola söküntü işləri aparılır. Fövqəladə Hallar Nazirliyi binanın qəzalı vəziyyətdə olması ilə bağlı rəy verib və söküntünün aparılması da bununla əsaslandırılır.
 Bakı Şəhər İcra Hakimiyyəti 2020-ci il 18 dekabr sərəncamı ilə Nəsimi rayonunda yerləşən Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində yerləşən 1 hektar yarım ərazini tikinti aparılması üçün “İnvest.M Constuction” şirkətinə icarəyə verib.
 Sakinlər deyirlər ki, binada 178 ailə yaşayır. Şirkət təklif edir ki, bina sökülsün, yerində yenisi tikilsin və sakinlərə təmirli, evlərinin hazırki kvadratından 20-35 faiz artıq mənzillər verilsin. Şirkət sakinlərin kirayə pulunu qarşılamaqla binaları 24 ay içərisində tikib təhvil verəcəyini bildirir. Amma sakinlər onların vədlərinə inanmır.
 Bakı İnzibati-İqtisadi Məhkəməsi və Bakı Apelyasiya Məhkəməsi söküntünün qadağan edilməsi ilə bağlı sakinlərin ərizəsini təmin etsə də, Ali Məhkəmə işi yenidən apelyasiyaya qaytarıb və onlar sakinlərin müraciətini təmin etməyiblər. 
 “İnvest.M Constuction” şirkətinin təsisçisi Mahir Mirzəyev deyir ki, ərazidə heç bir söküntü aparılmır, qapı-pəncərələri də ev sahibləri özləri söküb aparır. O bildirir ki, tikdikləri binaları vaxtında təhvil veriblər, gecikdirmə olmayıb.
 Ərazinin icarəyə verilməsi ilə bağlı Nəsimi Bələdiyyəsi və Bakı Şəhər İcra Hakimiyyətinə zəng etsək də, cavab verən olmadı.
 Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamının ləğv edilməsi ilə bağlı sakinlərin şikayətinə isə Bakı İnzibati-İqtisadi Məhkəməsində aprelin 1-də baxılacaq.

Ana səhifəVideoQəzalı binada yaşayış ola ola söküntü gedir