Qeyri-neft sektorunun inkişafı yenə gündəmdə

Bakı, Foto: By Daria Romanovska/Shutterstock

Hökumət bu dəfə bacaracaqmı?

Hökumət neftdən asılılığı sıfıra endirmək niyyətindədir. Bu, 2022-2030-cu illərin hədəfləri sırasındadır.
İqtisadiyyat naziri Mikayıl Cabbarovun sözlərinə görə, bu, Prezident İlham Əliyevin 2022-2030-cu illər üzrə Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası ilə bağlı sərəncamında da var.

Həmin strategiyanın 5 prioritetindən ən əsası neftdən asılılığı sıfra endirməkdir:

“Eyni zamanda, ölkə iqtisadiyyatında 4 başlıca təməl dəyişiklik olacaq. İqtisadiyyatda fəaliyyət mühiti əhəmiyyətli dərəcədə yaxşılaşdırılacaq. İnsan kapitalının davamlı inkişafı, rəqəmsal ideyaların tətbiqi üçün geniş şərait yaradılacaq”.

Mikayıl Cabbarov
Mikayıl Cabbarov, Foto: Azərtac

İqtisadçı Natiq Cəfərli deyir ki, nazirin fikirləri reallıqla üst-üstə düşmür:

“Bu, gözəl arzulardır, yaxşı sağlıqdır, amma reallıq tamam başqadır. Əvvəla 2012-ci ildə “Azərbaycan-2020” konsepsiyası qəbul edilib. Elə həmin sənəddə də gözəl arzular, istəklər, cümlələr, hədəflər olub, ancaq tutmayıb”.

“Üstəlik, hökumət çıxıb izah etməyib ki, niyə bu konsepsiya suya düşdü, yerinə yetirilmədi. Yaxud bir açıqlama vermədilər ki, səhvlər harada idi, nəyi-necə düzəltmək lazımdır. Yəni heç bir analiz görmədik, indi isə növbəti dəfə kağız üzərində arzuların ifadəsini görürük, hələ də problemlərin kökü haqqında heç bir analiz yoxdur”, – Natiq Cəfərli belə deyir.

İqtisadçı “Azərbaycan – 2020” Konsepsiyasının hədəflərinə diqqət çəkir:

1) “Azərbaycan -2020” konsepsiyasında əsas hədəflərdən biri o idi ki, 2020-ci ildə məmləkətdə adambaşına düşən ÜDM 13000 dollar olacaq. Reallıqda isə 2020-ci ildə adambaşına düşən ÜDM 4271 dollar oldu. Yəni hədəfdən 3 dəfə az göstərici ilə proqramı yekunlaşdırdılar. Buna görə kimsə cavab verdimi?


2) “Azərbaycan-2020” konsepsiyasında hədəf qoymuşdular ki, proqram tamamlananda, 2020-ci ildə məmləkətdə qeyri-neft sektorunun ixracı adambaşına 1000 dollar olacaq. Reallıqda isə 2020-ci ildə adambaşına 189 dollarlıq qeyri-neft ixracı baş verdi. Yəni, hədəfdən 5 dəfə az real rəqəmlərlə rastlaşdıq. Bəs bu məsələyə görə kimsə cavabdehlik daşıdımı, səbəblər analiz edildimi?

Natiq Cəfərli
Natiq Cəfərli, Foto: Meydan TV

O deyir ki, bu siyahını uzatmaq da olar: “Lakin əsas olan məğzidir ki, o da aydındır. Ölkədə iqtisadi, sosial problemlərin həlli Mikayıl Cabbarovun, digər nazir və məmurların gözəl sağlıqlar, arzular söyləməkləri ilə olmayacaq”.

“Həll yolu iqtisadiyyatda da deyil, əsas səbəblər idarəetmə sisteminin dəyişdirilməsində, məhkəmə hakimiyyəti və hüquq-mühafizə sahəsinin islahatlarındadır. Bunu deməkdən yorulduq, amma söyləməyə davam edəcəyik. Ölkədə rifaha gedən yol Konstitusiyanın dəyişdirilməsindən, yeni idarəetmə sisteminin qurulmasından keçir”, – deyə Cəfərli bildirir.

Hələ 2014-2015-ci illərdə dünyada neftin qiyməti kəskin (3 dəfədən çox) düşəndə Azərbaycan hökuməti qeyri-neft sektorunun inkişafını qarşıya məqsəd qoyduğunu açıqlamışdı. Sonrakı illər neftin qiymətində müəyyən artımlar oldu.

Müstəqil ekspertlər daim açıqlamalarında ölkənin qeyri-neft sektorunun da dolayısı ilə neft sektorundan asılı olduğunu, ona görə bu sahədəki artan, azalan rəqəmlərin reallığı əks etdirmədiyini vurğulayırlar.

Ana səhifəİqtisadiyyatQeyri-neft sektorunun inkişafı yenə gündəmdə