Qəsəbə sakinləri sahibsiz itlərlə bağlı problem yaşayır

Sahibsiz itlər. Foto: modern.az

“İtlərlə bağlı tədbir görülsün deyəndə öldürülməsini nəzərdə tutmuruq…”

“Binəqədinin az qala hər küçəsində sahibsiz heyvanlar sürü ilə dolaşır. İtlərə görə uşaqları küçəyə tək buraxa bilmirik”.

Bunu Meydan TV-yə Binəqədi qəsəbəsindəki 3-cü mədən küçəsinin sakinləri deyiblər. Onları sözlərinə görə, sahibsiz heyvanlar dəfələrlə sakinlərə hücum edib. Hətta bir neçə dəfə yaralananlar da olub. Sakinlərdən Mənsur Məmmədovun sözlərinə görə, səhərlər uşaqları məktəbə tək yola sala bilmirlər:

“Mən heyvanların öldürülməsinə qarşıyam, başqa bir tədbir görülməlidir. Heyvanlar acdır, məhəllələrdə dolaşırlar. Xüsusilə natəmiz əraziyə toplanırlar”.

M.Məmmədov bildirib ki, qışda sübh tezdən qonşunun qışqırtısına oyanıb. Heyvan qadını yerlə bir sürüyüb, geyimi qalın olduğundan dişini batıra bilməyib. Amma yerə yıxılan qonşusunun qolu qırılıb.

Eyni şikayətlə Abşeron rayonunun Masazır qəsəbəsinin sakinləri də müraciət edib.

Bu yaxınlarda qəsəbədəki “Qurtuluş-93” yaşayış kompleksində sahibsiz itlər həyətdə oynayan 3 və 5 yaşlı uşaqlara hücum edib. İt uşaqlardan  birinin başını parçalayıb, vəziyyəti ağırdır. Daha əvvəl isə Cəlilabadda 11 yaşlı qız bacısını xilas edərkən özü yaralanıb. Bakıdakı xəstəxanaların birinə gətirilən azyaşlıya tibbi yardım göstərilsə də, quduzluq səbəbindən vəfat edib. Bundan sonra Masallı sakinləri də rayon mərkəzində sürü ilə dolaşan sahibsiz heyvanlarla bağlı tədbir görülməsi üçün müraciətlər ediblər.

Sakinlər deyirlər ki, heyvanlarla bağlı tədbir görülməsini istəyəndə onların öldürülməsini nəzərdə tutmurlar.

 “Şikayət edəndə dövlət qurumları ya itləri aparıb yemsiz sahələrə buraxır, ya da öldürür. Halbuki sivil ölkələrdəki kimi peyvəndləyib küçəyə buraxmaq da olar. O halda insanlar da qorxmaz, yem verəndə üstünə cumacaqlarından ehtiyatlanmaz”, – sakinlərdən biri deyib.

Bir neçə il əvvələdək Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində Sahibsiz Heyvanlarla Mübarizə İdarəsi fəaliyyət göstərib. Vətəndaşların şikayəti ilə itlər tutularaq idarənin nəzdindəki sığınacaqlara yerləşdirilib. Sığınacaqlarda itlərin saxlanılması üçün şəraitin olmaması, itlərin güllələnməsi dəfələrlə tənqidə məruz qalıb. Bundan sonra “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzi yaradılıb. Bununla yanaşı, bir neçə rayonda sahibsiz heyvanlara qayğı mərkəzinin tikintisi layihəsi hazırlanıb.

Lakin “Toplan”ın fəaliyyəti də heyvansevərlər tərəfindən tənqid olunur. Dəfələrlə bu mərkəzin qarşısında aksiya keçirən ictimai fəallar orada saxlanılan heyvanların taleyindən xəbərsiz olduqlarını, itlərin öldürüldüyünü deyirlər. Hətta “Toplan” əməkdaşlarının küçələrdən itləri tutub apardığı, öldürdüyü haqda zaman-zaman sosial şəbəkələrdə videomateriallar da yayılıb.

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin adının açıqlanmasını istəməyən əməkdaşlarından biri Meydan TV-yə bildirib ki, onlara heyvan dişləmələri ilə bağlı statistikanın açıqlanmaması tapşırılıb. Bununla belə, ölkədəki vəziyyət ürəkaçan deyil. Quduzluq və ya heyvanların hücumu məsələsi yalnız hadisə mətbuatda işıqlandırılandan sonra yada düşür. İllik statistikaya görə hər gün təxminən 65-70 nəfəri heyvan dişləyir, bunun da təxminən 90 faizi it dişləməsinin payına düşür.

Ölkədə sahibli itlər quduzluğa qarşı peyvənd edilirlər. Sahibsiz itlərin isə sığınacağa yerləşdirilərkən peyvənd olunduğu rəsmi açıqlansa da, heç bir qurum bunu yoxlamır.

Bakıda heyvan dişləmələrinin sayı nisbətən azalıb, amma rayonlardakı göstərici illərdir necə var, elə də qalıb. Yalnız 2-3 faiz fərq ola bilər”,-mənbə deyib.

Mütəxəssisin sözlərinə görə, problem budur ki, hadisələr zaman heyvanı müəyyənləşdirmək, həmin heyvanın xəstə olub-olmadığını araşdırmaqla bağlı statistika cüzidir:

Əksər halda heyvan qaçır. Quduzluq insana heyvan dişləməsi, cırmaqlamaqla keçir. Amma tüpürcəkdən də keçməsi mümkündür, yəni heyvana yem verərkən ağız suyu ilə təmasda olmaq yoluxmaya səbəb ola bilər”.

Heyvansvənlər isə hesab edirlər ki, insanlar qıcıqlandırmasalar, itlər hücum etməz. İnkişaf etmiş dövlətlərdə sahibsiz itlər peyvənd olunandan və “birka” vurulandan sonra küçəyə buraxılır. Bakıda isə nadir hallarda “birka”lanmış küçə itlərinə rast gəlmək olur.

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Meydan TV-yə verilən rəqəmlər ötən ili əhatə edir. Bildirilir ki, ötən ilin təkcə 9 ayı ərzində respublika üzrə 29 minə yaxın heyvan dişləməsi şikayəti ilə tibb müəssisələrinə müraciət edilib. Bunlardan 6 min 500-ə yaxını Bakı şəhərinin payına düşüb. Müraciət edənlərin 23 mindən çoxunu it, yerdə qalanlarını pişik, siçovul və digər heyvanlar dişləyib.

Ana səhifəSosialQəsəbə sakinləri sahibsiz itlərlə bağlı problem yaşayır