“ABŞ-da xarici siyasətdə insan haqları üzrə çalışan diplomatlar ön cərgədə olacaq”
ABŞ Senatı pandemiya dövründə insan haqlarını pozan rejimlərə qarşı sanksiya nəzərdə tutan qanun hazırlayır. Qanunverciliyə əsasən ABŞ Dövlət Departamentinin Beynəlxalq İnkişaf Agentliyi (USAID) diplomatiya və inkişaf yardımı yolu ilə koronavirusla mübarizə adı altında insan hüquqlarının pozulmasının qarşısını almaq məqsədi ilə addımlar atacaq.
Bu barədə “Turan” İnformasiya Agentliyinə ABŞ-da yaşayan jurnalist Ələkbər (Aleks) Raufoğlu danışıb.
O bildirib ki, indiki mərhələdə söhbət Senatda artıq elanı verilmiş iki mühüm qanun layihəsindən gedir:
“Pandemiya zamanı insan hüquqlarının müdafiəsi” və “COVİD-19-a qarşı beynəlxalq mübarizə haqqında” qanunlar.
Jurnalist güman edir ki, ikinci sənədin qəbulu vaxt alacaq. Belə ki, sənədin icrası üçün həddən artıq vəsait tələb olunur və üstəlik, müəllifləri də yalnız müxalif demokrat senatorlardır. Onun fikrincə, irəli sürülmüş layihədə nəzərdə tutulanların önəmli bir hissəsi gələcəkdə digər qanunlara birləşdirilə də bilər:
“Pandemiya zamanı insan hüquqlarının müdafiəsi” qanununun qəbulu isə olduqca realdır. Onun müəllifləri arasında Konqressin hər iki qanadının, eləcə də siyasi səhnədəki bütün düşərgələrin təmsilçilərinə rast gəlmək mümkündür. Bu qanunların qəbulu insan haqlarının ABŞ-ın xarici siyasətində aparıcı rol oynamasını şərtləndirəcək və beləliklə də, qlobal bəlanı – pandemiyanı əlində bayraq edərək öz idarəçiliklərini möhkəmləndirməyə girişmiş avtoritar liderlərə münasibətə yenidən göz gəzdiriləcək”.
Qanunun hansı zərurətdən yarandığına gəlincə, jurnalist bildirib ki, qanunvericilər bu addımı ictimai tələbə və eləcə də, qlobal təhlükəsizlik hədələrinə dair onlara təqdim olunan ciddi təhlillərə əsaslanaraq atırlar:
“Əlbəttə ki, belə təhlillərin heç də hamısı ictimaiyyətə tam açıq deyil. Ancaq Vaşinqtonda söhbət etdiyim insan haqları və təhlükəsizlik ekspertlərinin dediklərinə görə, pandemiyanın daha bir neçə ay davam edəcəyi təqdirdə, qlobal səhnədə doğuracağı mümkün təhlükələri dörd sıraya bölmək olar: avtoritarizmin dünyaboyu güclənməsi və siyasi hərc-mərclik. (Başqa sözlə, hakimiyyətlərin bəlaya qeyri-adekvat reaksiyalarının ağrılı nəticələri); inkişaf etməkdə olan ölkələrdə səriştəsiz qərarlar nəticəsində iqtisadi böhranın dərinləşməsi; donmuş hesab edilən münaqişələrin alovlanması, yeni qaçqın axınları və virus təhlükəsinin daha acı ağrıları – ölümdən tutmuş, aclığa qədər; dezinformasiyanın ayaq tutub yeriməsi, terrorizmin yenidən güclənməsinə şərait yaradılması”.
O hesab edir ki, ən təhlükəli senarilərə istinad etsək, göründüyü kimi, pandemiya sayəsində dünya sanki barıt çəlləyini xatırladır. Ələkbər Raufoğlu virusla bağlı vəziyyətin dəyişməyəcəyi təqdirdə, bizi gözləyən təhlükələrin ön cərgəsində məhz avtoritarizm gözə dəydiyini təsadüf saymır.
“Bu səbəbdəndir ki, ABŞ qanunverici orqanı növbəti mərhələdə insan haqlarını xarici siyasətdə ən başlıca prioritet elan etməyə hazırlaşır. Bunu hətta 2011-ci ilin 11 Sentyabr hadisələrindən sonra terorrizmlə mübarizənin qlobal diplomatiyada önə çıxması ilə müqayisə edənlər də var. Hər halda, güman olunur ki, növbəti mərhələdə xarici siyasətdə insan haqları üzrə çalışan diplomatlar ön cərgədə olacaq və avtoritar liderlər onlara münasibətlərindən əvvəlkindən daha az saymamazlıq nümayiş etdirməyə məcbur olacaq”.
“Qanun layihəsi qəbul olunarsa və Azərbaycana şamil olunarsa, bu, Azərbaycan-ABŞ münasibətlərinə daha da mənfi təsir göstərməyəcəkmi? Azərbaycan-Rusiya münasibətlərinin daha da yaxınlaşmasına gətirib çıxarmayacaqmı?” sualına Ələkbər Raufoğlu cavab verib ki, Ağ Evdə kimin oturmasından asılı olmayaraq, ABŞ administrasiyalarına Azərbaycan kimi ölkələrlə təmaslarında eneri və digər maraqlar naminə insan haqlarına göz yummağı tövsiyə edən lobbiçilərin dillərini qısa, işlərini isə çətin edəcək. Çünki bununla onlar Dövlət Departamentini faktiki olaraq, Konqress tərəfindən qəbul ediləcək qanunu pozmağa vadar etmiş olacaqlar. Eyni zamanda, bu, Vaşinqtonla Bakı arasında insan haqları problemlərini aradan qaldırmaq işində əməkdaşlığı gücləndirmək üçün yeni pəncərə də açır:
“Təəssüf ki, Azərbaycan hakimiyyəti insan haqları sahəsində ABŞ-la birbaşa dialoqlardan uzun müddət yayınıb. Hərçənd ki, belə bir dialoq Şərq Tərəfdaşlığı təşəbbüsü çərçivəsidə, Azərbaycanla Avropa Birliyinin müvafiq qurumları arasında mövcuddur. ABŞ və Avropa səfirlikləri, məsələn, Gürcüstanda siyasi qüvvələr arasında dialoqun asanlaşdırılması işinə cəlb olunublar. Gürcüstan hakmiyyəti nəinki buna mane olmur, hətta prosesin aktiv iştirakçısıdır. Bununla yanaşı, Dövlət Departamentinin insan haqları üzrə illik hesabatlarına, eləcə də bu sahədə çalışan yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarının çağırışlarına Tbilisidə daha praqmatik yanaşma nümayiş etdirirlər. Azərbaycan hakimiyyəti də siyasi iradə ortaya qoymaqla qonşu ölkələrin bu istiqamətdə təcrübəsindən bəhrələnə bilərdi”.
Jurnalist hesab edir ki, Azərbaycanı yenidən Moskvanın orbitinə qaytarmaq əlbəttə ki, çıxış yolu deyil. O hesab edir ki, bu, ölkəni vassala çevirə bilər və növbəti faciələrimizin başlanğıcı olacaq.
“Qərb müttəfiqlərindən uzaq düşmək isə Azərbaycanın regionda təklənməsi ilə nəticələnəcək. Tək olmaq qorxuludur, amma dostlar arasında özünü yad hiss etmək də az qorxulu deyil. Yaxşı olardı ki, Bakıdakı rəsmilər ölkəni pis seçimlə ən pis seçim arasında qoymasınlar. Doğru yol diplomatik yaradıcılığın güclənməsi və tərəfdaşlarla dialoqların aparılmasıdır. Başa düşürəm ki, Azərbaycan hakimiyyəti müəyyən məsələlərdə, o cümlədən daxili siyasətdə öz mövqeyini diqtə etməyə çalışır. Amma dipomatiya həm də qarşı tərəfi dinləmək deməkdir. Öz mövqeyini ortaya qoy, amma qarşındakılara da qulaq as. Vaxtı ilə ABŞ dövlət katibi Kolin Pauel demişdi ki, başqaları ilə münasbətlərinizi elə qorumalısınız ki, dar məqamda birlikdə işləyə də biləsiniz. Bax indi, həmin an yetişib. Bir ölkəni yaxından tanımaq üçün onun böhran dövründə necə idarə olunduğuna baxmaq yetərlidir”.