Siyasi şərhçi: “Son hadisələr demokratiyaya yox, elitaya olan inamsızlıq, antiistebleşment hərəkatıdır”
Son illər Avropa ölkələrində sağçıların hakimiyyətə gəlməsi və xalqın onlara etimad göstərməsi Qərb mediasının müzakirə predmetinə çevrilib. Hətta ABŞ-də Donald Trampın Ağ Evə qayıtmasını liberal demokratiyanın iflasa uğraması kimi qiymətləndirənlər də var.
Məsələn, “Şpiegel” dərgisinin redaktoru Dirk Kurbjuei “Qərbin sonu” başlıqlı məqaləsində Donald Trampın Ağ Evə qayıtmasını liberal demokratiyanın iflası sayır.
Müəllif deyir ki, liberal demokratiya II Dünya müharibəsindən sonrakı dövr üçün tutarlı bir quruluş təmin edə bilmədiyini sübut etdi. Yazıda Trampın yenidən Prezident seçilməsi bir dövrün başa çatması, yeni bir dövrün başlanması kimi xarakterizə olunur:
“Qərb öz hökmranlığını itirib və bir müddətdir ki, dağılan dəyərlərin ortaq təməli indi dağılır. Liberal demokratiya bloku kimi Qərb artıq mövcud deyil. Liberal demokratlar da millət anlayışının nə qədər vacib olduğunu qiymətləndirmədilər. Qərb dövlətləri NATO-da birləşdi. Ayrı-ayrı ölkələr bütövlükdə alyansdan daha az əhəmiyyət kəsb edirdi. Milli sərhədlər keçirici oldu, bəzi hallarda tamamilə yox oldu. Beynəlmiləlləşmə, Avropa Birliyi, dünya vətəndaşı: bəzi çatışmazlıqlara baxmayaraq, yaxşı bir dövr idi. Təəssüf ki, indi bitdi”.
Haşiyə: 90-ların populizmi
Ötən əsrin 90-cı illərində amerikalı politoloq Frensis Fukuyamanın beynəlxalq bestsellerə çevrilən “Tarixin sonu və sonuncu insan” əsərindəki liberal demokratiyanın sabahı ilə bağlı nikbinlik özünü doğrultmayanda artıq dünyada sağların uğursuzluğunun işartıları görünürdü.
Düzdür, elə həmin kitabın yazıldığı 1992-ci ildə Azərbaycanda keçirilən prezident seçkilərində populist vədlərlə seçicilərdən 33 faiz səs alan Nizami Süleymanov fenomeni ortaya çıxdı. Məsələn, o, yeni evlənən bütün gənclərin mənzillə təmin olunması və digər bu kimi sosial vədlərlə kütləyə xitab edirdi.
Bu tip siyasətçilər təkcə totalitar idarəetmədən yenicə qurtulan, demokratik təsisatların hələ oturuşmadığı Azərbaycanda deyildi, digər postsovet ölkələrində də vardı. Bunu bir neçə il sonra Rusiyada Züqanov, Jirinovski kimi siyasətçilərin timsalında da görmək olurdu, yəni populist vədlərlə seçicilərdən səs alması adi hala çevrilmişdi.
Yeni əsrdə köhnə çağırışlar…
İndi isə gələk yeni əsrin ikinci onilliyinə. 2024-cü il dünyada seçkilər ili kimi xarakterizə olunur və əksər seçkilərdə ya sağçılar qalib gəldilər, ya da böyük səs üstünlüyü qazandılar, solçular və liberal demokratlar, demək olar ki, uduzdular. Nümunə kimi Macarıstan, Slovakiya, Fransa, Almaniya, Avstriya, Niderland və digər Avropa ölkələrini də göstərmək olar. Almaniyada 4 il öncə xalq sola səs verdi, amma son bir ildə bir çox partiyalar sağa meyillənməyə başladılar. Məsələn, CDU 35, AFD kimi ultra sağ partiyalar 18 faizə qədər səs qazandılar.
ABŞ-də Trampın qalib gəlməsini müxtəlif akspektdən şərh edənlər var. Bir çoxları bunu əsasən də immiqrant məsələləri, Ukrayna müharibəsi müxtəlif sahələrə ayrılan milyardların effektivsizliyi ilə əlaqələndirirlər.
Avropada necə yanaşırlar?
Qərb mediasında, demək olar ki, problemin səbəbi kimi sol və liberal elitaların xalqdan uzaqlaşması, korrupsiyaya uğraması kimi məqamlar daha çox qabardılır. Yeri gəlmişkən, “Şpiegel”in məlum yazısında da bu faktlara toxunulur. Məhz bu üzdən mövzu ilə bağlı bir çox suallar açıq qalır:
Ümumiyyətlə, son illər sağçıların dünyada üstünlük qazanmasının səbəbləri hansılardır? Həqiqətən də, liberal demokratiya bir dəyər olaraq əhəmiyyətini itirməkdədirmi?
“ABŞ siyasi rəhbərləri liberalizmə sadiq deyildilər, bu dəyərlərə xəyanət etdilər”
Siyasi şərhçi Zərdüşt Əlizadə mövzu ilə bağlı Meydan TV-yə deyib ki, demokratiya liberal dəyərlərin zəfəri anlamına gəlməməlidir, demokratiya xalqın necə səs verməsi nəticəsində formalaşan hakimiyyət deməkdir:
“Sualım var, SSRİ niyə məğlubiyyətə uğradı: əks tərəf güclüydü, yoxsa, özü zəif idi? Stalin dövründə sovet iqtisadiyyatı misli-bərabəri olmayan inkişaf tempindəydi. Bəli, kənd həyatı acınacaqlı vəziyyətdəydi, amma bütövlükdə SSRİ iqtisadiyyatı güclü inkişaf edirdi, şəhərlərdə mağazalar dolu idi, maaşlar artırdı, qiymətlər endirilirdi. Növbə kəndə də gəlib çatacaqdı, kənd də inkişaf edəcəkdi. Əminəm ki, sovet iqtisadiyyatı Qərblə rəqabətdə udacaqdı, ancaq Xruşovun səfeh tədbirləri nəticəsində aclıq başladı. Stalin iqtisadiyyatı Qərb iqtisadiyyatından güclü olsa da, hakim zümrə aşınıb Avropa dəyərlərinə aludə oldu, pula, sərvətə meyilləndi…”.
“Sonda da mülkiyyətə tamarzı olub sovet ideologiyasını satdılar və nəticədə milyoner oldular. Məğlubiyyətin səbəbi bu idi. Ən əsası SSRİ-nin son illəri, 70-80-cillərdə kommunist ideologiyası məsxərərəyə çevrilmişdi, insanlar sosializmə və quruluşun ədalətinə inanmırdılar. Məgər indi Azərbaycan insanları quruluşun səmərəsinə inanırlar? Yox, neft-qaz hesabına yaşayan cəmiyyətdir də… ABŞ SSRİ-yə ona görə qalib gəldi ki, müəyyən qədər ədaləti, seçki rəqabətini təmin edir”, – deyə siyasi şərhçi qeyd edib.
Ancaq Zərdüşt Əlizadə düşünür ki, Avropa ölkələrində eyni fəlakət liberal aləm üçün yaşandı, özünü liberal adlandıran siyasi rəhbərlər liberal dəyərlərə xəyanət etdilər:
“Liberalizm ədalət, bərabərlik, azadlıq deməkdir, ABŞ siyasi rəhbərləri də bunlara sadiq deyildilər, bu dəyərlərə xəyanət etdilər. Yəni ABŞ siyasi elitası yalnız transmilli korporasiyaların maraqlarına sadiq idi. Həmin gerçək siyasəti liberallardan daha yaxşı mühafizəkarlar ifadə edir, onların da başında Respublikaçılar Partiyası, onun namizədi Tramp dayanır. O da dedi ki, mühafizəkar dəyərləri liberallar yox, biz daha yaxşı ifadə edərik, nəticədə seçkini uddular. Makron Le Penə cılızlığına, səmərəsizliyinə görə məğlub oldu. Yaxud Almaniyada, xristian-demokratlar hakimiyyətə doğru gedirlər, onlar gözəl olduqlarına görə yox, sosial-demokratlar, yaşıllar, Şolts çox səmərəsiz siyasət yürütdükləri üçün belə mənzərə yaranıb“.
Politoloq bildirib ki, demokratiya və insan hüquqları xalqın inkişaf səviyyəsindən və mədəniyyətindən asılıdır:
“Məgər indi Azərbaycanda, Orta Asiyada, Ukraynada və ya Rusiyada insan hüquqları var?!“.
“Hakimiyyətdə sağın, ya solun olmasından asılı olmayaraq indiki halda Qərb demokratiyasına təhlükə yoxdur”
Milli Şuranın sədri, professor Cəmil Həsənli hesab edir ki, bizdə bəzi adamlar nədənsə Avropada cərəyan edən hadisələr barədə qərblilərdən daha “həssas” düşünmək istəyirlər.
Professorun fikrincə, faşizm istisna olmaqla hakimiyyətə sağ və solun gəlməsi təbii prosesdir və demokratiya üçün ciddi təhlükə törətmir:
“Güman etmək olmaz ki, sağçı gəlib qəzetləri bağlayacaq, vətəndaş cəmiyyətini sıradan çıxardacaq, siyasi azadlıqları ləğv edəcək və s. Hakimiyyətdə sağın, ya solun olmasından asılı olmayaraq indiki halda Qərb demokratiyası üçün bu təhlükə yoxdur. Yaxud bəzi media orqanlarında deyilir ki, Tramp “Nyu-York Times“lə bağlı hansısa addımlar atacaq. Məsələ ondadır ki, Qərb ölkələrində demokratiyanın təməl prinsipləri oturuşub, bundan sonra kiminsə hakimiyyətə gəlib onları təftiş etməsi, ya da avtoritar, totalitar rejim qurması mümkün deyil. Misal üçün, bir sıra Avropa ölkələrində sağlar hakimiyyətə gəldi, amma Böyük Britaniyada bu yaxınlarda leyboristlər parlament seçkilərində parlaq qələbə qazandılar. Halbuki uzun müddət İngiltərədə hakimiyyətdə mühafizəkarlar idi. Lakin Şərqi Avropanı istisna etmirəm. Orada seçki sistemi işləsə də, demokratik təsisatlar hələ kövrəkdir. Macarıstanda Orban avtoritar ölkələrlə ilə əməkdaşlıq etsə də, ölkədə avtoritar idarəçilik bərqərar edə bilmir, ehtimal ki, qarşıdakı seçkilərdə hakimiyyətdən getməli olacaq“.
“Qərbdə istər sağlar, istər sollar Əliyevin ailə-feodal müstəbidliyindən təhlükəli deyil”
Sağçıların seçkilərdə üstünlük qazanmasına gəlincə, professor bildirib ki, Qərb ölkələrində seçki sistemi işləyir, insanlar səs verir və seçki yolu ilə hakimiyyətlərini formalaşdırırlar:
“Sağın və ya solun hakimiyyətə gəlməsi seçicinin iradəsidir. Azərbaycanda və Rusiyadakı kimi seçki saxtakarlığının nəticəsi deyil. İnsanlar daha yaxşı idarəedici axtarmaq üçün düşünüb müəyyən qərarlar qəbul edirlər. Bütövlükdə sağ deyəndə, həmin sağla avtoritar idarəçilik arasında böyük fərq var. ABŞ-də respublikaçılar sağ hesab olunur, amma onların dövründə Amerika demokratiyası üçün hansısa təhlükə olubmu? Yaxud Almaniyada xristian-demokratlar, xristian-sosialistlər sağçıdırlar, onların hakimiyyəti zamanı demokrtaik təsisatları sıradan çıxarmaq mümkün olubmu? Heç cəhd də olmayıb. Əksinə, Almaniyadakı azərbaycanlı mühacirləri avtoritar Əliyev rejiminə elə sol hesab edilən sosialistlər verdilər də. Bu günlərdə Almaniyada hakimiyyət böhranı yaşandı və Olaf Şoltsun sol mərkəz koalisiyası dağıldı. 2025-ci ilin fevralında Bundestaqa yeni seçkilər keçiriləcək. Seçkilərdə sağ mərkəzin hakimiyyətə gəlməsi daha çox ehtimal ediləndir. Amma bu o demək deyil ki, Almaniyada demokratiya və demokratik təsisatlar üçün hansısa bir təhlükə olacaq”.
“Hazırda Almaniyada mövcud olan demokratik dəyərlərin təməlləri elə xristian demokratların və xristian sosialistlərin koalisiyası dövründə qoyuldu və 14 illik “Adenauer erası” (1949-1963) kimi tarixə daxil oldu. Bizim ölkədə bu narahatçılıqların çoxu AzTV-nin “Almaniya dağılır” nağılından irəli gəlir. Bütün dünya bizim günümüzə ağlayır, biz də Qərbdə sağların gəlməsi ilə demokratiya böhranının narahatlığını yaşayırıq. Qərbdə istər sağlar olsun, istər sollar, bunların heç birisi xalqın iradəsinə dayanmayan İlham Əliyevin kleptokratik, korrupsioner, ailə-feodal müstəbidliyindən təhlükəli deyil”, – deyə o qeyd edib.
Bütün bunlarla yanaşı, Cəmil Həsənli bir mühüm faktorun da prosesə təsir göstərdiyi qənaətindədir:
“Bu da immiqrant axınıdır, xüsusilə Yaxın Şərqdə, Şimali Afrikada, Əfqanıstandakı siyasi katakilizmlər nəticəsində xeyli insan Qərb ölkələrinə sığındı. İlham Əliyev Qərbi tez-tez islamafobiyada ittiham edir, amma Qərbi Avropa ölkələrində islam mühacirlərə verilən sosial yardım Azərbaycanda professorun əməkhaqqından xeyli çoxdur. Eyni zamanda, həmin yardımları verən ölkələrin bir hissəsində hakimiyyətdə sağlardır. Seçki mexanizm işləyir, vətəndaşın daha yaxşını seçmək imkanı var, vətəndaş cəmiyyəti oturuşub. Bizim cəmiyyətdə bir narahatlıq vardı ki, Tramp gəlsə, dünya dağılacaq. Amma belə deyil, hakmiyyət bölgüsü var, hüquqi mexanizm var. Konstitusiyada hər hansı maddəni dəyişmək, hansısa əlavəni etmək üçün on illərlə müzakirələr gedir. Yəni orada Konstitusiya bizdə olduğu kimi “prixod dəftəri” deyil ki, hər 3-5 ildən bir saxta referendumlar keçirib ailə hakimiyyətinin “hüquqi bazasını” genişləndirsinlər”.
“Tramp seçki yolu ilə, Amerika xalqının iradəsi ilə hakimiyyətə gəlib, saxta seçki yolu ilə yox. Ölkənin problemləri var, amma ABŞ-də daha yaxşı yaşamaq arzusu həmişə üstün olub. Ona görə Trampın hakimiyyəti illərində demokratiya üçün hansısa problem olacağını düşünmürəm. Ola bilsin ki, daha qətiyyətli adımlar atacaq, lakin “demokratiya böhranı” olacağını demək çətindir. Bəli, impiçment təhlükəsi həmişə Amerika prezidentlərinin başı üzərindədir. Onun sərhədləri bağlamaq çağırışları İlham Əliyevin quru sərhədləri 5 ildir ki, qapalı saxlamaq siyasətindən tamamilə fərqlidir”, – Cəmil Həsənli belə deyir.
O, liberalizm və demokratiyanın dəyər olaraq əhəmiyyətini itirməsi ilə bağlı fikirləri bölüşmür:
“Sağın, solun hakimiyyətə gəlib-getməsindən asılı olmayaraq demokratiya azad dünyada, hansı ki, bu ifadənin altında Qərb mədəniyyətinin daşıyıcıları dayanıb, yəni hər hansı gözlənilməz hadisə baş verməzsə, prioritet istiqamət olaraq qalacaq. Demokratiya Qərb üçün yalnız idarəçilik forması deyil, həm də həyat tərzidir”.
“90-cı illərdən pis yaşamırlar, əksinə həyat səviyyələri kifayət qədər yaxşılaşıb”
Siyasi təhlilçi Əhməd Əlili isə fərqli düşünür.
O, Meydan TV-yə açıqlamasında ABŞ seçkilərini seçkilər kimi dəyərləndirmir və orada əks-inqilabi prosesin baş verdiyi qənaətindədir:
“1960-cı illərdə Avropada, ardınca da ABŞ-də baş verən proseslər solçuların, proqressiv düşüncəli insanların hakimiyyətə gəlməsi ilə nəticələndi. Parisdəki 1960-cı illərdəki hadisələr, ABŞ-də Veytnam müharibəsinə olan etirazlar bunları özündə göstərirdi. Beləliklə, 60-cı illərdə ABŞ və Avropada müəyyən qədər sol inqilabı gördük. İndiki hadisələr isə həmin dövrə reaksiya kimi əks-inqilabı proseslərdir”.
Əhməd Əlili solçuların yerlərini radikal sağçılara verməsinin səbəbini bir neçə istiqamətdən izah edir:
“Çünki sistem oyunçularının hamısı kifayət qədər solçu olub, intellektual elita da solçudur. Amma Avropa cəmiyyətlərində və ABŞ-də kifayət qədər problemli məqamlar vardı ki, bir qrup insanlar bunları həll edə bilmir. Məncə, hər iki qitədə solçuluq daha çox mədəni solçuluğa çevrilib, nəinki iqtisadi solçuluğa. Bir növ mədəni əzilənlərin tərəfindədirlər, qadın, cinsi azlıqlar və digər məsələləri özündə ehtiva edir. Proqressiv düşüncəli insanlar bu problemlərdə solçu düşüncədən çıxış edirlər, amma iqtisadi məsələlərdə solçuluğa gələndə isə 90-cı illərdən olan elita solçuluğun iqtisadi komponentlərini unudublar. Məsələ ondadır ki, SSRİ də vaxtı ilə solçu ideyaları yaydığı üçün Avropada və ABŞ-dəki siyasi yönümlü təşkilatlar da iqtisadi solçuluğu nəzərə almağa çalışırdılar. Sistemin dağılması ilə iqtisadi solçuluq üçüncü və dördüncü plana çıxdı“.
Əhməd Əlili hesab etmir ki, Qərbdə insanlar sosial durumlarından narazıdırlar və bu o demək deyil ki, onlar 90-cı illərdən pis yaşayırlar, əksinə, həyat səviyyələri kifayət qədər yaxşılaşıb:
“Lakin gəlir və qloballaşma elə atmosfer yaradıb ki, varlılar daha da varlanıblar, kasıbların həyat səviyyələrinda isə güclü artım olmayıb. Ona görə də onlar sistem əleyhinə fikirlərini ifadə edirlər. Sual yaranır: seçki yolu ilə hakimiyyətə gələn sağçılar demokratik sistemi məhv etmək istəyəcəklərmi? Bax, bu, çox vacib məsələdir. Onlar hakimiyyətdən demokratik yolla gedəcəklərsə, bu, demokratiyanın sıradan çıxması deyil. Bu mənada son hadisələri demokratiyaya yox, elitaya olan inamsızlıq kimi dəyərləndirir, anti-istebleşment kimi hərəkat və mədəni solçuluğun fəsadları adlandırardım. Çünki insanlar cinsi və etnik azlıqlarla olan məsələlərin hər addımda ortaya çıxmasını artıq qəbul etmirlər. ABŞ-də qaradərili insanların həyatları çox vacibdir və orda elə vəziyyət yaranmışdı ki, ağdərili polislər onların ayaqqablarını öpməyə məcbur olurdular. Müəyyən dövrdən sonra bu, cəmiyyətdə müəyyən qədər mədəni solçuluğa qarşı oldu. Əgər mədəni solçuluq mövqeyində olanlar iqtisadi solçuluq komponentlərini də özlərində saxlayıb gəlirlərin düzgün bölüşdürülməsini təmin edə bilsəydilər, əminəm ki, antielita çıxışlarını nə Avropada, nə də ABŞ-də görə bilərdik”.