Qərb bəyanat verir, Azərbaycan vecinə almır?! (VİDEO)



Azərbaycanda müstəqil QHT və hüquq müdafiəçilərinin həbsi ilə bağlı Qərb bəyanatlar verir, lakin Azərbaycan bunu görməzlikdən gəlir


“Son iki ildə hökumət 38 siyasi fəal, jurnalist, bloqqer və hüquq müdafiəçisinə qarşı əsassız ittihamlar irəli sürüb” –

«Human Rights Watch» təşkilatı.

“Azərbaycan hökuməti iyul ayının əvvəlindən hüquq müdafiəçilərinə, müstəqil jurnalistlərə və onların tərəfdarlarına qarşı misilsiz təzyiq və təqib kampaniyasına başlayıb” – “Sərhədsiz Reportyorlar”ın təmsilçisi

Yoxan Bir.

“Ötənilki hesabatdan sonra ölkədə irəliləyişlər əldə edilməyib” – Avropa Şurasının İnsan Haqları komissarı Nils Muiznieks.

Bu və digər bəyanatlar son vaxtlar Azərbaycanda QHT-lərin və siyasi fəalların həbsi ilə bağlı Qərbin narahat olduğunu ifadə etsə də, hələ də ölkədə vəziyyət dəyişmir.

Səslənən bəyanatlara rəsmi Bakının mövqeyini öyrənmək istəyimiz isə nəticəsiz qaldı:

Prezidenti Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini

Tahir Süleymanov

iclasda oldugunu bəhanə gətirərərk suallardan yayındı.


“Azərbaycan səslənən bəyanatlara biganə qala bilməz”

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının rəhbəri

Mirvari Qəhrəmanlı

deyir ki, Azərbaycan Rusiya kimi böyük ölkə deyil ki, səslənən bəyanatlara biganə qala bilsin:


“Azərbaycan uşaq deyil ki, onun qulağından tutub küncə qoyasan. Bunun beynəlxalq, siyasi qaydaları var.  Bu hadisələri nə Qərb, nə də Şərq münasibətsiz qoyacaq. Həbs olunanlar  beynəlxalq təşkilatlar tərəfindən tanınır”.


Zərdüşt Əlizadə:

 “Qərb narahatlığını sözdə deyir, realda isə ikili siyasət yürüdür”

Bəyanatlarda bildirilir ki, insan hüquqlarının vəziyyətinin çoxdan pisləşdiyi Azərbaycanda hökumət onu tənqid edənlərə və müstəqil qruplara qarşı barışmaz mübarizəyə başlayıb. 2013-cü il prezident seçkilərindən əvvəl başlamış bu mübarizə davam edir və genişlənir.

Politoloq Zərdüşt Əlizadə isə Azərbaycanın müstəqil olduğunu əsas gətirərək və maddi cəhətdən özünü təmin etdiyini vurğulayaraq, hökumətin səslənən bəyanatlara reaksiya vermək istəmədiyini qeyd edir. Onun fikrincə, Azərbaycan nə Rusiyadan, nə də Qərbdən asılıdır:


“Azərbaycan hakimiyyəti əmindir ki, Azərbaycan xalqı başqa quruluş istəmir. İstəsə də buna gücü çatmır. Özü isə müxalifəti, azad mətbuatı, vətəndaş cəmiyyətini ona görə boğur ki, vətəndaş cəmiyyəti qurumları ölkədə siyasi ictimai vəziyyətin gedişinə nəzarət edir. Bu isə hökumətə xoş deyil. Vətəndaş Cəmiyyəti bütün seçkilərdə mənfi rəy bildirir ”.


Politoloqun fikrincə, ölkədə yaradılan digər QHT-lər Qərbin gözündən pərdə asmaq siyasətini daşıyır:


“ Hökumət QHT- yə Dəstək Şurası yaradıb onları satın alır. Pulla. Cəmiyyət adı ilə danışan bir bölüm QHT yaradıb Qərbə nümayiş etdirir ki, Azərbaycanda Vətəndaş Cəmiyyəti var və onlar bunlardır. Biz də onlarla fəal işləyirik. Digərləri isə qeyri-qanuni işləyir, vergilərdən gizlənir. Sizdən pul alır.  Biz də buna görə onları həbs edirik. Bu, sizdə də var. Bizim müstəqilliyimizə  və özgürlüyümüzə qarşı çıxış edirlər. Agentdirlər və s. Bu, Azərbaycan hökumətinin siyasi xəttidir. Bunu da neçə illərdir həyata keçirirlər”.


Zərdüşt Əlizadə deyir ki, Qərb bu bəyanatları versə də, görünən odur ki, söhbət hər hansı real addıma çatdıqda ikili siyasət yeridiləcək. Buna səbəb isə Qərbin Azərbaycan höküməti ilə iqtisadi əməkdaşlığıdır.


Milli Şuranın sədri

Cəmil Həsənli

isə ölkədə baş verənlərlə bağlı Azərbaycan ictimayyətinin münasibətinin daha effektli olacağını önə çəkir:


“İlk növbədə, bu məsələyə münasibətdə Azərbaycan ictimayyətinin təpkisi olmalıdır. Qərb tərəfindən səsləndirilən bəyanatları da yüksək qiymətləndirirəm. Amma bununla bərabər ölkənin içində müqavimət hissi olmalıdır. QHT və hüquq qoruyucuları vətəndaş cəmiyyətinin əsaslarıdır. Bu gün Azərbaycanda Vətəndaş Cəmiyyətinin de-montaj edilməsi gedir. Buna qarşı cəmiyyətin bir müqaviməti olmalıdır”.


Hazırda isə

“Human Rights Watch”


Azərbaycanda insan haqları ilə bağlı hesabatını açıqlayıb və bildirilib ki, ölkə Avropa Şurasının öhdəliklərini yerinə yetirmir. BMT-nin insan hüquqları sahəsindəki ekspertləri isə Azərbaycandakı

siyasi motivli həbslər dalğasından şoka düşüblər.

Ana səhifəVideoQərb bəyanat verir, Azərbaycan vecinə almır?! (VİDEO)